Təşəbbüslər gerçəkliklə uzlaşır

 

"Qaradağ rayonu inkişaf edir, abadlaşır, yeni müəssisələr yaradılır. Qaradağ rayonu əslində ölkə miqyasında böyük sənaye mərkəzinə çevrilməlidir".

 

İlham Əliyev

 

Ölkəmizdə sosial-iqtisadi inkişafın yeni mərhələsi uğurla davam edir. Regionlarda, eləcə də Bakıətrafı qəsəbələrdə ayrı-ayrı sahələr üzrə konkret proqramlar hazırlanır, mikroiqtisadi sabitliyi qorumaq üçün məqsədyönlü tədbirlər görülür. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Bakının qəsəbə və kəndlərində keçirdiyi son görüşlər bir daha sübut edir ki, xalq etimadı misilsiz kapital, böyük qüvvədir. Yalnız ona arxalanmaqla böyük uğurlar, yeni qələbələr qazanmaq olar. Belə görüşlərdə dövlət başçısının adamları səbrlə, təmkinlə dinləməsi, xalqdan gələn ideyaları reallaşdırmaq cəhdi diqqətdən yayınmır. Təbii ki, belə olanda hər kəs öz sözünü, təklifini səmimiyyətlə dilinə gətirməkdən çəkinmir və tam inanır ki, güvəncində və etimadında yanılmayıb.

 

Prezident qayğısı real nəticələr verir

 

 Azərbaycan Prezidenti cənab İlham Əliyev Qaradağ rayonunun Qobustan və Ələt qəsəbələrində keçirdiyi görüşlərdə də bu ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlı konkret tapşırıqlar və tövsiyələr vermişdi. Dövlət başçısına məlumat verilmişdir ki, 14585 nəfər əhalisi olan Qobustanda qəsəbədaxili yolların ciddi təmirə ehtiyacı var. Bütün bunlar nəzərə alınaraq ən qısa zamanda Qobustanda qəsəbədaxili yolların əsaslı təmirinə başlanılmışdır. İndiyə qədər qəsəbədaxili yolların 21 min 500 kvadratmetrinə yeni asfalt örtüyü döşənib. Məhəllədaxili bütün küçələrə yeni işıqlandırma sistemi quraşdırılıb.

Dövlətimizin başçısı ilə görüşdən sonra qəsəbənin digər sosial məsələlərinin həllinə də kömək göstərildi. Məlum oldu ki, qəsəbədə məktəb tikintisinə, yeni xəstəxanaya ciddi ehtiyac var. Bütün bunları nəzərə alaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev Ələt və Qobustan qəsəbələrinin sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə Prezidentin ehtiyat fondundan 6 milyon manat məbləğində vəsait ayrılmasına sərəncam vermişdir. Hər bir təşəbbüsə, təklifə belə həssaslıqla, diqqətlə yanaşılması Ələt qəsəbəsində keçirilən görüşdə də davam etdirilmişdir. Yenə də adamlar sosial problemlərin həlli istiqamətində kömək umur, yaşadıqları qəsəbənin ən zəruri ehtiyaclarını sadalayırdılar. Azərbaycan Prezidenti Ələt sakinlərinə müraciətlə belə demişdi: "İndi gəlmişəm ki, sizdən eşidim, hansı problemləriniz vardır, biz nəyi etməliyik, birinci növbədə, bundan sonrakı mərhələdə nə etməliyik?! Təbii, qarşıya vəzifə qoyulub ki, bütün qəsəbələrdə infrastruktur, yollar, qaz, işıq, su, kanalizasiya xətləri, sosial obyektlər, məktəb, xəstəxanalar tikilməlidir, təmir olunmalıdır və normal vəziyyətə çatdırılmalıdır".

Əlbəttə, belə sosial proqramların ardıcıllıqla həyata keçirilməsi üçün müxtəlif layihələr hazırlanır. Azərbaycan Prezidenti də bu layihələrin icrasına nəzarəti gücləndirmək üçün yeni təkliflər verdi, ehtiyat mənbələrindən səmərəli istifadəni vacib saydı. Ən qısa müddətdə Ələt qəsəbəsində görülən işlər bir daha sübut edir ki, belə görüşlər səmərəsini verməyə başlayıb. Artıq qəsəbədaxili yolların əsaslı təmiri başa çatmaqdadır. Qısa müddətdə yolun 12 min 344 kilometrlik hissəsinə asfalt örtüyü çəkilib, məhəllədaxili yollar işıqlandırılıb, qəsəbə dairəvi qaz xətti ilə təmin olunub. Bütün bunlar görülən işlərin tam siyahısı olmasa da, uğurlu başlanğıcdan soraq verir.

Regionların sosial-iqtisadi inkişaf proqramında olduğu kimi, Bakıətrafı qəsəbələrdə də belə proqramların həyata keçirilməsi vacibdir. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, artıq bu proqram hazırlanır. Hər bir vətəndaş görəcək ki, onun qəsəbəsində hansı işlər görülməlidir. Dövlət başçısı Ələt qəsəbəsində keçirdiyi görüşdə də adamlara səmimiyyətlə müraciət etmişdir: "Sizdən xahiş edirəm ki, bu proqramın icrası ilə bağlı əgər hər hansı bir problem, narazılıq, şikayət olarsa, həm mənə, həm rayon icra hakimiyyətinə, şəhər icra hakimiyyətinə müraciət edin". Görüşlərin belə işgüzarlıqla davamı problemlərin daha çevik və tez həllinə ciddi kömək edir, çatışmayan məsələlər dərhal üzə çıxır. Xalqla belə dialoq, səmimi söhbətlər irili-xırdalı problemlərin konkret həllinə yardımçı olur, əsaslı kömək edir.

 

Sənaye mərkəzi yaradılır

 

 Qaradağ rayonunun ayrı-ayrı qəsəbələrində görülən işlərin miqyası genişləndikcə, bu yerlər kompleks şəkildə sənaye mərkəzinə çevrilir. Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir ki, Qaradağ ölkəmizdə üç əsas sənaye mərkəzlərindən biri sayılır. Burada böyük müəssisələr, sement zavodu inşa olunur. Hətta ikinci sement zavodunun tikintisi də nəzərdə tutulub. Ələt qəsəbəsində yeni Beynəlxalq Dəniz Ticarət Limanı tikilir. Bir sözlə, yaxın illərdə rayonun güclü sənaye mərkəzinə çevrilməsi prosesi gedir. Elə ilin ilk rübündə, yəni başlanğıc mərhələdə görülən işlər bir daha sübut edir ki, rayonda iqtisadiyyatın artım tempi sənaye təməli üzərində inkişaf edir. Son illərdə rayonda yeni sənaye müəssisələri yaradılmış, istehsal olunan məhsulun həcmi xeyli artmışdır. İlin birinci rübündə istehsal olunan sənaye məhsulunun həcmi 13,6 faiz artmış, 112,3 min ton xam neft və 93,5 milyon kubmetr təbii qaz hasil edilmişdir. Rayon üzrə 213,4 min ton sement və 7,1 min ton mişar daşı istehsal olunmuşdur.

İlin başlanğıcından rayonda sosial-iqtisadi sahələrin inkişafına 40 milyon 625,1 min manat investisiya qoyulmuşdur. Mütəxəssis hesablamalarına görə, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə ən azı iki dəfə çoxdur. 2011-ci ilin birinci rübündə xidmət sahələrində də nəzərəçarpacaq ciddi inkişaf müşahidə olunmuşdur. Əhaliyə göstərilən pullu xidmətin həcmi də xeyli genişlənmiş, nəqliyyatda 3 milyon 999,4 min manatlıq, rabitədə isə 322,1 min manatlıq xidmət göstərilmişdir. Əhalinin orta aylıq əməkhaqqı da xeyli artmışdır. Rayonda ünvanlı sosial yardıma ehtiyacı olan insanlara da kömək gösətrilmişdir. 1936 ailəyə orta hesabla 105 manat məbləğində ünvanlı sosial yardım verilmişdir.

Yeni layihələrin reallaşması əhalinin daimi iş yerləri ilə təminatına da şərait yaradır. Ələtdə Dəniz Limanının, Sahil qəsəbəsində Gəmiqayırma zavodunun inşası, Qaradağ Sement Zavodunun yenidən qurulması rayonda yüzlərlə iş yerinin açılmasına şərait yaradıb.

 

Qaçqın və məcburi köçkünlər də unudulmur

 

Qaradağda qaçqın və məcburi köçkünlərin də sayı az deyil. Konkret desək, 3614 məcburi köçkün və qaçqın ailəsinə sığınacaq verilib. Onların sosial problemləri, gündəlik ehtiyacları ardıcıllıqla həll olunur, yaşayış şəraitləri yaxşılaşdırılır. Təkcə son aylarda 322 qaçqın və məcburi köçkün ailəsinə ünvanlı sosial yardım göstərilib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan "Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım fondu" tərəfindən 3 min 800 məcburi köçkün, qaçqın, şəhid, əlil və aztəminatlı ailəyə yardım paylanmışdır. Rayonda belə bir fondun yaradılması aztəminatlı ailələrin ehtiyaclarını öyrənməyə, onlarla çevik əlaqə yaratmağa təminat verir. Daha doğrusu, belə ailələr kömək üçün üz tutacaqları konkret ünvanı tanıyır və o yerlərə müraciət edirlər. Statistik məlumatlar sübut edir ki, qaçqın və məcburi köçkün ailələrinin belə ümid yerlərinin olması onların problemlərinin həllinə kömək edir, əlavə vaxt itkisinin qarşısını alır. Belə bir fondun Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılması yüksək qiymətləndirilir, adamlar bu humanist addımı onlara diqqət və qayğının təzahürü kimi dəyərləndirirlər.

 

İfrat rəsmiyyətçilik olmayanda...

 

 Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqla mütəmadi əlaqələri düzgün qiymətləndirməklə yerli məmurlara da əsl nümunə, əvəzsiz örnək olur. Dövlətimizin başçısı Qaradağda keçirdiyi görüşlərdə də eyni prinsiplərə sadiqliyini bir daha nümayiş etdirdi: "Mən bütün icra hakimiyyəti başçılarına göstəriş verirəm ki, yaxşı işləsinlər, insanlarla əlaqədə olsunlar. Bütün problemləri həll etməliyik. Bunun üçün bütün imkanlar da vardır. Həm siyasi iradə vardır, həm də indi maliyyə imkanlarımız vardır. İqtisadiyyatımız da inkişaf edir. Sadəcə olaraq, problemləri düzgün həll etmək lazımdır və onun həlli yolları müəyyən edilməlidir".

Bu yollardan biri də köhnə direktivlərdən əl çəkib xalqın təkliflərini, rəylərini, məsləhət və ideyalarını dinləməkdir. Bunun üçün məhdudiyyət həddini aşıb, ilk növbədə, ifrat rəsmiyyətçilikdən yaxa qurtarmaq vacibdir. Yəni, adamlarla əks əlaqə elə qurulmalıdır ki, hər kəs dərdini, ən zəruri ehtiyaclarını dilinə gətirə bilsin. Azərbaycan Prezidentinin ölkədə yaratdığı sağlam mənəvi iqlim adamların təşəbbüskarlığını və fəallığını artırır, hər bir məmurdan xalqına daha səmərəli xidmət etməyi tələb edir. Qaradağ rayonunda da bu prinsiplər başlıca meyar sayılır, adamlar yerli məmurlarla səmimi ünsiyyətdən çəkinmirlər. Hər kəs tələb və təklifini, işin xeyrinə yönələn ideyalarını açıq-aşkar bəyan edir, onun nəticəsinə inanır. Təkcə son dörd ayda Qaradağ Rayon İcra Hakimiyyətinə 296 nəfər müraciət edib. Ayrı-ayrı qəsəbələrdə keçirilən səyyar görüşlərdə isə 94 nəfərin şikayətinə dərhal cavab verilib. Onu da qeyd edək ki, müraciətlər yalnız fərdi problemləri əhatə etmir. Adamlar yaşadıqları qəsəbənin sosial ehtiyaclarından gileylənir, abadlıq işlərinin həcminin daha da artırılmasını tələb edirlər. Fərdi ev tikintisi və kommersiya fəaliyyəti ilə bağlı müraciət edənlərin də sayı çox olur. Əsas məqsəd yerli problemləri daxili imkanlar hesabına həll etməkdir. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin "Regionlarda vətəndaşların müraciətlərinə baxılmasının səmərəliliyinin artırılması haqqında" məktubu yerli məmurlar üçün örnək bir sənət kimi son dərəcə dəyərlidir. Bu gün hər bir vətəndaşın rəyi və təklifləri ardıcıllıqla nəzərə alınmalı, onların qayğılarına, problemlərinə həssaslıqla yanaşılmalıdır. Elə cəmiyyətin inkişafı, köklü islahatların yolu da mənəvi iqlimin şəffaflaşmasından, saflaşmasından keçir.

 

 

B.ŞƏRİFLİ

 

Azərbaycan.- 2011.-3 may.- S. 6.