Azərbaycan Ordusu təcavüzkar düşmən üzərində qələbəni təmin etmək əzmindədir

 

İyunun 26-da yaranmasının 93-cü ildönümünü qeyd etməyə hazırlaşan Azərbaycan Ordusu mövcudluq tarixinin genişmiqyaslı hərbi quruculuq və islahatlar mərhələsi kimi dəyərləndirilə biləcək mərhələsini yaşayır. Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin maddi rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin müasir texnika və avadanlıqlarla təchiz edilməsi, habelə beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunu bir daha təsdiqləyir. Ordu quruculuğu siyasətini yeni dövrün tələbləri səviyyəsində inamla davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 8 ildə bu məqsədlə bütün zəruri tədbirlərin həyata keçirilməsinə nail olmuşdur.

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar SABİROĞLU qəzetimizə müsahibəsində bu istiqamətdə həyata keçirilən islahatlar barədə ətraflı məlumat vermişdir.

- Eldar müəllim, bu gün Azərbaycan Silahlı Qüvvələrində mənəvi-psixoloji durum necədir?

- Ordu üçün bunun əhəmiyyəti olduqca böyükdür. Təsəvvür edin, bütün lazım olan silah-sursat var, lakin onu hərəkətə gətirəcək əsgərin əhval-ruhiyyəsi, psixoloji vəziyyəti texnika ilə tam səsləşə bilmir, o zaman silah özü də "yatmış dəmirə" çevrilir. Ona görə də Silahlı Qüvvələrdə əsgərin mənəvi durumunun yüksək olması birinci şərtdir. Müdafiə Nazirliyinin rəhbərliyi buna çox ciddi diqqət yetirir.

Gəlin o qədər də uzaqda olmayan keçmişə birlikdə nəzər salaq. Vahid komandanlığın olmaması, pərakəndə idarəetmə sisteminin hökm sürməsi cəbhədə vəziyyətin bizim xeyrimizə dəyişməsinə ciddi əngəllər törədirdi. Döyüşən əsgərdə sanki bir mənəvi ruh düşgünlüyü yaranmışdı. Torpaqlarımızın işğalının bir səbəbi də bununla bağlıdır. Lakin ölkədə siyasi vəziyyətin dəyişməsi ilə hakimiyyətə ulu öndər Heydər Əliyevin gəlişi orduya münasibəti də kökündən dəyişdi. Zəngin dövlətçilik təcrübəsinə malik olan ulu öndərimiz çox gözəl bilirdi ki, ordunun mənəvi-psixoloji durumunu yüksəltmədən itkilərin yerini doldurmaq mümkün olmayacaq, başıpozuqluq getdikcə dərin kök salacaq. Ona görə də ordunun içərisində Heydər Əliyevin başlatdığı ilk iş məhz hərbi hissələrdə nizam-intizamın möhkəmləndirilməsi, mənəvi ab-havanın sağlamlaşdırılması, nəhayət, şəxsi heyətin vahid komandanlıq altında idarə edilməsinə yönəldildi. Beləliklə, nəzəri və praktiki əsaslara söykənən ordu quruculuğunun formalaşması prosesi başladı. Biz indi onun müsbət nəticələrini aydın görürük. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi bu xətti Ali Baş Komandan İlham Əliyev çox uğurla davam etdirir. Bütün sahələrdə olduğu kimi, Silahlı Qüvvələrdə də dinamik inkişaf gedir. Dövlət başçısının orduya yaxından diqqəti əsgərin döyüş ruhunu daha da artırır. Döyüşçü Ali Baş Komandanını öz yanında - səngərdə görəndə sevinir. Cənab İlham Əliyevin dəfələrlə cəbhə bölgələrinə səfərini, əsgərlərlə oturub çörək kəsməsini ən yaxşı örnək kimi göstərə bilərik.

- Mənəvi ab-havanın sağlamlaşdırılması istiqamətində aparılan işlər bəhrəsini verirmi?

- Belə nümunələrdən çox gətirə bilərik. Mübariz İbrahimovun qəhrəmanlığı, döyüşə getmədən öncə valideynlərinə yazdığı məktub bir daha sübut edir ki, Azərbaycan əsgərində həqiqətən yüksək mənəvi ruh var! O, özünü döyüşə atdı, qeyri-bərabər savaşda düşmənin çoxsaylı əsgərini məhv etdi və sonda özü də qəhrəmanlıqla həlak oldu. Onun nəşini döyüş ərazisindən çıxarmaq üçün iki zabitimiz - Fərid Əhmədov və Əhməd Abdullayev düşmənin üzərinə yeridi. Onlar da vuruşdular, Mübarizin bir daha qisasını aldılar, lakin sonda şəhid olsalar da, öz adlarını ədəbi olaraq Azərbaycanın köksünə yazdılar. Ordumuzda belə qəhrəmanlarımızın sayı minlərlədir! Onların vətən eşqi ilə alışıb-yanan böyük ürəyi vardır! Bu sözlər nə şüar, nə də bir zabitin hiss və duyğuları deyil! Bu, Azərbaycan əsgərinin savaşa hazır olduğunun gerçək nümunəsidir.

- Əsgər və zabit heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün hansı tədbirlər həyata keçirilir? Ordu hissələrinin təlimləri barədə nə deyə bilərsiniz?

- Əsgər və zabitin peşəkarlığı hər şeydən əvvəl onun ixtiyarında olan silahı necə işlətməsi və verilən tapşırıqları hansı səviyyədə yerinə yetirməsi ilə ölçülür. Onun xidməti fəaliyyətinə məhz bu baxımdan qiymət verilir. Qeyd etmək istərdim ki, bu sahədə peşəkar zabit korpusumuz öz üzərinə düşən vəzifəni layiqincə icra edir. Əsgərlərimizin nəzəri və praktiki biliklərinin artırılması istiqamətində demək olar ki, gündəlik iş aparılır və bu məsələ Müdafiə Nazirliyi rəhbərliyinin daimi nəzarəti altındadır. Nazir Səfər Əbiyev əsgər və zabit heyətinin peşəkarlıq səviyyəsinin artırılmasını hərbi hissələr qarşısında ən önəmli vəzifə kimi qoymuşdur. O, vaxtaşırı hərbi birləşmələrə baş çəkərək şəxsi heyətin peşəkarlıq səviyyəsi ilə bağlı tövsiyə və tapşırıqlarını verir. Hərbi təlimlər peşəkarlığın yüksəldilməsində xüsusi əhəmiyyət kəsb edir. Ordu bölmələrinin bütün səviyyələrində, taborlardan tutmuş briqadalara və korpuslaradək planlaşdırılmış təlimlər vaxtlı-vaxtında keçirilir. Bu, ordunu döyüşə hazırlamaqla yanaşı, həm də onun döyüş qabiliyyətini bir növ yoxlamaq xarakteri daşıyır. Keçirilən təlimlər göstərir ki, Azərbaycan Ordusu müharibə başlayacağı təqdirdə düşmən üzərində qələbəni təmin etmək əzmindədir. Mən bunu mübaliğəsiz söyləyirəm. Son illər Silahlı Qüvvələrimizin peşəkarlıq baxımından inkişafı barədə beynəlxalq ekspertlərin dəyərləndirmələri də dediklərimizə əyani sübutdur. Götürək cəbhə bölgəsində keçirilmiş son hərbi təlimi. Qarşıya qoyulmuş bütün tapşırıqlar yüksək səviyyədə yerinə yetirildi. Özü də təlim düşmənin lap yaxınlığında keçirilirdi.

- Dövlətin yüksək diqqət və qayğısı kimi Azərbaycan Ordusunun maddi-texniki, o cümlədən ərzaq təminatı güclənir. Lakin bəzən mətbuatda bu məsələ ilə bağlı tənqidi fikirlərə də rast gəlirik...

- Bu bir həqiqətdir ki, ordumuz ilbəil inkişaf edir. Bu gün Silahlı Qüvvələrimizin nəyə ehtiyacı varsa, onun daha da güclənməsi üçün hansı zəruri tədbirlər tələb olunursa, dövlətimiz dərhal öz köməyini göstərir. Burada cənab Prezidentin yaxından qayğısını xüsusi qeyd etmək gərəkdir. Azərbaycan Ordusunun heç nədən - nə maddi-texniki, nə müasir silah-sursat, nə də şəxsi heyətin ərzaq təminatı sarıdan heç bir problemi yoxdur! Hörmətli nazirimiz Səfər Əbiyev dövlətin ordu qarşısında müəyyən etdiyi bu vəzifələrin yerinə yetirilməsini daimi diqqət mərkəzində saxlayır. Hazırda Silahlı Qüvvələrimiz Cənubi Qafqazda ən güclü ordu hesab olunur. Həqiqət müqayisədə ortaya çıxır. Mən ölkələr adı çəkməyəcəm, ancaq faktdır ki, Azərbaycan Ordusu nəinki düşmən ordusundan, eyni zamanda bizə dost olan bəzi MDB ölkələrinin ordularından da ön sırada durur. Bu inkişafı təsnifatlaşdırası olsaq onu təxminən beş hissəyə bölə bilərik. Birincisi, ordunun güclü, müasir silah-sursatla təminatı; ikincisi, bu silahların idarə edilməsi üçün peşəkar hərbi kontingentin yetişdirilməsi; üçüncüsü, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması; dördüncüsü, hərbçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması; nəhayət beşincisi, Silahlı Quvvələrimizin beynəlxalq əlaqələrinin genişləndirilməsi. Bu beş istiqamətdə görülən işlər çox da uzun tarixə malik olmayan çağdaş Azərbaycan Ordusunun hansı inkişaf yolu keçdiyini aydın göstərir. Doğrudan da xeyli fərəhli nəticələr əldə etmişik. Dövlətimizin və hökumətimizin qayğısı sayəsində ordumuz gələcəkdə daha da möhkəmlənəcəkdir. Buna kimsə şübhə etməsin. Çünki bunun üçün ən əsaslı baza ölkəmizin böyük iqtisadi qüdrətinin olmasıdır. İnsan resursuna görə də biz irəlidəyik. Tam qətiyyətlə deyə bilərik ki, sabah müharibə başlayarsa, düşmənin məhvi qısa müddətdə tam labüddür. Çünki onun uzun müddətə döyüş aparması üçün tələb olunan imkanları yoxdur. Düşmən səhra şəraitində üç aylığa belə əsgərini yedizdirib, içizdirə bilməz. İndi orada tənəzzül demək olar ki, bütün sahələri, o cümlədən də ordunu bürüyüb.

Qaldı sualınızdakı ikinci hissəyə, tənqidə həmişə dözümlülük göstəririk. Hansısa həqiqəti əks etdirməyən tənqidi də səbr və təmkinlə qarşılayırıq. Faydalı tənqidlərdən isə heç vaxt qaçmırıq. Lakin xoşa gəlməyəni odur ki, indi tənqid elətdirənlərin sayı öz arzusu ilə tənqid etmək istəyənlərin sayından çoxdur. Bax bunun üzərində fikirləşməyə dəyər.

- Ümumiyyətlə, əsgər və zabitlərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən tədbirləri qənaətbəxş saymaq olarmı?

- Bu elə bir sahədir ki daimi diqqət və qayğı tələb edir. Nə qədər çalışsan da baxırsan ki, yenə iş var. Ancaq uğurlarımız az deyil və Müdafiə Nazirliyinin gördüklərini qənaətbəxş saymaq olar. Mən bəzi statistik rəqəmlərə toxunacağam. Son bir neçə ildə Müdafiə Nazirliyinin 43 hərbi şəhərciyində əsaslı tikinti, yenidənqurma və təmir işləri aparılmışdır. Ümumi sahəsi 93 437 kvadratmetr olan 11 əsgər yataqxanası, 32 533 kvadratmetr əsgər yeməkxanası, 4 472 kvadratmetr olan iki tibb məntəqəsi, 3 414 kvadratmetr olan cərrahiyyə şöbəsi, 30 173 kvadratmetr sahəsi olan 8 mərtəbəli müalicə korpusu, 33 000 kvadratmetrlik tədris korpusu, 114 020 kvadratmetr sahəsi olan 9 yaşayış binası tikilib istifadəyə verilmişdir. Müasir texnoloji avadanlıqlarla təchiz olunmuş ümumi uzunluğu 17 850 metr olan ərazidaxili istilik xətləri və 52 binada binadaxili istilik sistemləri yenidən çəkilmişdir. Bir sıra hərbi şəhərciklərdə 14 binada daxili istilik sistemləri yenidən qurulmuşdur. Hazırda Bakı da daxil olmaqla ölkənin bəzi ərazilərində müasir tələblərə cavab verən hərbi qulluqçular üçün yeni yaşayış binalarının tikilib başa çatdırılması istiqamətində işlər sona çatmaq üzrədir.

Əlbəttə, görülmüş tədbirlərin tam mənzərəsini bir söhbətlə yekunlaşdırmaq çətindir. Müsbət statistik rəqəmlər və hərbçilərin sosial müdafiəsi sahəsində həyata keçirilən işlər olduqca çoxdur.

- Azərbaycan ordu quruculuğu prosesində beynəlxalq təcrübədən geniş yararlanır, ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri qurur. Eyni zamanda NATO-nun müxtəlif proqram və layihələrində iştirak edir. Müdafiə Nazirliyinin beynəlxalq əlaqələri barədə nə deyə bilərsiniz?

- Son illər Müdafiə Nazirliyi beynəlxalq təşkilatlar və xarici dövlətlərlə ikitərəfli və çoxtərəfli hərbi əməkdlaşlıq sahəsində xeyli nəticələr əldə etmişdir. Hazırda dünyanın 28 ölkəsilə hərbi saziş və memorandumlar əsasında əlaqələrimiz mövcuddur. Daha 28 ölkə ilə analoji saziş layihələrinin imzalanması müzakirə edilir. İkitərəfli hərbi əməkdaşlıq üzrə ötən il ərzində Azərbaycanda və xarici ölkələrdə 276 müxtəlif dil və ixtisas kursları, işçi görüşləri, konfranslar, tanışlıq səfərləri, qərargah danışıqları, məsləhətləşmələr və digər tədbirlər keçirilmişdir. Həmin tədbirlərdə Silahlı Qüvvələrimizin 1300-dək nümayəndəsinin iştirakı təmin olunmuşdur. NATO-nun SNT Proqramı çərçivəsində baş tutan 150-dək tədbirdə isə 1000-dək hərbçimiz iştirak etmişdir. Hal-hazırda NATO-nun müxtəlif qərargah və idarələrində xidmət edən Silahlı Qüvvələrimizin zabitləri əsl hərbi bilik və təcrübə nümayiş etdirirlər.

Bu il Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının NATO ilə Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində 123 tədbirdə iştirakı nəzərdə tutulur. Onlardan 11-nin isə Azərbaycanda keçiriləcəyi planlaşdırılır. Sülhməramlı əməliyyatlarda ordumuzun iştirakı beynəlxalq səviyyələrdə təqdirəlayiq hal kimi qiymətləndirilir. İndi Əfqanıstanda 90 sülhməramlımız xidmətini uğurla yerinə yetirir. Bu barədə komandanlıq tərəfindən nazir Səfər Əbiyevin ünvanına dəfələrlə razılıq məktubları göndərilmişdir.

Həyata keçirilən tədbirlərin az bir hissəsini təqdim etdik. Azərbaycan Müdafiə Nazirliyinin beynəlxalq əlaqələri genişləndikcə və müxtəlif hərbi proqram və layihələrdə iştirakımızın sayı çoxaldıqca ordumuzun nüfuzu da beynəlxalq səviyyədə artır. Bu, bizi yalnız sevindirir.

- Azərbaycanın dövlət büdcəsinin gəlirləri çoxaldıqca, təbii olaraq digər sahələr kimi orduya ayrılan vəsaitlər də çoxalır. Lakin müəyyən beynəlxalq dairələr, bəzi dövlətlər bunu narahatlıqla qarşılayır...

- Bunu Azərbaycan dövlətinin orduya xüsusi diqqəti kimi başa düşmək lazımdır. Çünki biz müharibə şəraitindəyik. Ordunu gücləndirib, torpaqları işğaldan azad etmək bir nömrəli vəzifəmizdir. Heç kimin Azərbaycanı militarist siyasət yürütməkdə ittiham etməyə haqqı yoxdur! Bizim üçün də münaqişənin müharibəsiz həll variantı daha məqbuldur. Lakin nə etməli ki, tuneldə hələ ki, işıq görünmür, təcavüzkar Ermənistan öz işğalçı niyyətini getdikcə daha pozucu şəkildə davam etdirir. Bəs bunun qarşılığında nə etmək lazımdır? Yoxsa yerimizdə saymalıyıq? Açıq demək lazımdır ki, bu vəziyyət hər an müharibəni yaxınlaşdırır. Beynəlxalq dairələr və adlarını çəkmək istəmədiyim bəzi dövlətlər yaxşı olardı ki, dürüstlük nümayiş etdirib bir suala konkret cavab axtarıb tapsınlar: axı nəyə görə Azərbaycan hərbi büdcəsini ildən-ilə artırır? Onu buna məcbur edən səbəb nədir? Bu zaman ədalətin və haqqın harada olduğunu üzə çıxarmaq çətin olmaz. Əslində həqiqətin nə yerdə olduğunu həmin beynəlxalq dairələr bilməmiş deyillər! Sadəcə ikili standartlar onlara imkan vermir ki, doğrunu söyləyə bilsinlər. Azərbaycan da bundan narahatdır. Ona görə də təbii olaraq müdafiə xərclərini ildən ilə artırırıq.

- Ordunun zəruri silah-sursatla təminatı baxımından Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlıq əlaqələri necə qurulub?

- Bildiyiniz kimi, bu qurum yenidir. Hər iki nazirliyin də bir məqsədi var, ordumuzu müasir silah-sursatla maksimum dərəcədə təmin etmək. Bu istiqamətdə qarşıya qoyulan vəzifələr çox uğurla yerinə yetirilir və bütün məsələlər Dövlət Müdafiə Proqramı çərçivəsində tənzimlənir. Qısaca olaraq əməkdaşlıq əlaqələrini belə şərh edərdim.

- Dövlət başçısı İlham Əliyevin siyasi iradəsi əsasında son vaxtlar ictimai həyatın bütün sahələrində şəffaflığın və qanunçuluğun gücləndirilməsi, korrupsiya hallarına qarşı mübarizənin daha prinsipial aparılması istiqamətində işlər gücləndirilib. Bu baxımdan Müdafiə Nazirliyində nə kimi tədbirlər görülür?

- Prezident İlham Əliyevin bu siyasi iradəsi bütün dövlət təşkilatlarında olduğu kimi, Müdafiə Nazirliyi sistemində də ciddi şəkildə dərk edilir. Neqativ hallara qarşı mübarizə nazirliyin gündəlik həyatında özünü göstərir və Prezidentin təşəbbüsündən irəli gələn vəzifələri məsuliyyətlə yerinə yetirmək üçün əsaslı işlər görülür. Şəffaflığın artırılması və korrupsiyaya qarşı ardıcıl mübarizənin səmərəliliyinin yüksəldilməsi üçün müdafiə naziri tərəfindən təsdiq edilmiş konkret tədbirlər planı buna əyani misaldır. Şəxsən nazirin mövqeyi bundan ibarətdir ki, sui-istifadəyə yol vermiş heç kəs məsuliyyətdən kənarda qalmamalıdır. Bununla əlaqədar bir sıra nəticələr də artıq ictimaiyyətə bəllidir.

- Cəmiyyətin, o cümlədən mətbuatın orduya münasibəti Sizi qane edirmi?

- Ciddi narazılığımız yoxdur. Cəmiyyət hər zaman olduğu kimi, indi də orduya böyük dəstək verir. Biz xalqımızı Silahlı Qüvvələrimizin ən etibarlı dayağı hesab edirik. Cəmiyyətlə ordu arasında birliyin olması müharibə şəraitində yaşayan ölkə üçün hər şeydən vacibdir. Şükürlər olsun ki, artıq elə möhkəm körpü qurulub ki, onu sarsıtmaq mümkün deyil. Mətbuatla əlaqələrimiz də normal səviyyədədir. Mətbuatın hər bir sorğusuna diqqətlə yanaşırıq. Doğrudur, bəzən əsassız tənqid edənlər də olur. Ancaq buna baxmayaraq biz KİV-lə əməkdaşlığa böyük önəm veririk.

- Rəsmi Bakı Xankəndinə mülki aviasiya reysinin açılması təşəbbüsləri ilə bağlı prinsipial və qətiyyətli mövqeyini ortaya qoyub. Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri belə təxribatçı addımların qarşısını almaq üçün nə kimi tədbirlər həyata keçirə bilər?

- Arzu etməzdik ki, Hərbi Hava Qüvvələrimiz belə bir müdaxilə etmək vəziyyətinə çatsın! Adiyyəti beynəlxalq təşkilatların qəti addımlar atmasına böyük ehtiyac var.

- Bəzi dövlətlər, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrləri cəbhə bölgəsindən snayperlərin geri çəkilməsi təklifi ilə çıxış edirlər. Sizcə, təcavüzkar dövlət buna hazırdırmı?

- Doğrudanmı ATƏT-in Minsk qrupunun həmsədrləri tam əmindirlər ki, snayperləri geri çəkməklə vəziyyət müsbət mənada dəyişəcək? Yoxsa bununla münaqişə həll ediləcək? Təkcə erməni snayperlərinin açdığı atəşdən insanlar həyatlarını itirməyib, demək olar ki, hər gün Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq iri çaplı silahlardan mövqelərimizi atəşə tuturlar. Hətta bu azmış kimi mülki əhalinin yerləşdiyi əraziyə raket zərbələri də endirirlər. Bunları qulaqardına vurmaq lazım deyil. İlk növbədə müharibə şəraitini doğuran amillərin kökünə nəzər yetirilməlidr. Bu amillər aradan qaldırılmayınca, snayperləri geri çəkməklə iş bitəsi deyil. Bəlkə sabah başqa bir təklif də söylədilər ki, indi də postlar geri çəkilsin. Göründüyü kimi, cavabını gözləyən belə sualların sayı az deyil.

- Ümumiyyətlə, Ermənistan bu gün danışıqları pozmaq xətti tutub. Bununla bağlı nə deyə bilərsiniz?

- Bu, artıq hamıya bəllidir. Ermənistan danışıqları pozmaq, münaqişənin həllini uzatmaqla nəyisə əldə etməyi fikirləşirsə, çox yanılır. Azərbaycan rəhbərliyinin və xalqın iradəsinə əsaslanaraq qeyd etmək istərdim ki, danışıqlar limiti artıq tükənmək üzrədir. Ermənistan da, onun havadarları da bunu yaxşı-yaxşı dərk etməlidirlər.

 

 

Müsahibəni apardı: Samir MUSTAFAYEV

 

Azərbaycan.- 2011.- 3 may.- S.  7.