İslam Konfransı Təşkilatı
Komissiyasının 34-cü sessiyasında Dialoq və Əməkdaşlıq
Uğrunda İslam Konfransı Gənclər Forumu haqqında qətnamə
layihəsi qəbul edilmişdir
Keçən həftə Ciddə şəhərində keçirilmiş İslam Konfransı Təşkilatının (İKT) iqtisadi, mədəni və sosial məsələlər üzrə komissiyasının 34-cü sessiyasında Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ İKGF) haqqında qətnamə layihəsi yekdilliklə qəbul olunmuşdur.
DƏ İKGF-nin İstanbul baş qərargahından AzərTAc-a bildirmişlər ki, bu komissiyanın yüksək rəsmi şəxslər səviyyəsində hər il keçirilən sessiyasında İKT-yə üzv ölkələrinin Xarici İşlər Nazirləri (XİN) Şurasının sessiyasının gündəliyində olan sənədlər müzakirə edilir.
Bu il İKT XİN Şurasının sessiyası iyunun sonunda Qazaxıstanın paytaxtı Astanada keçiriləcəkdir. DƏ İKGF-nin nümayəndəliyinin rəhbəri, Forumun baş katibi, səfir Elşad İsgəndərov bildirmişdir ki, qətnamənin vacib maddələrindən biri "XX əsrdə İKT-yə üzv ölkələrində humanitar faciələr üzrə Anma günü proqramı" çərçivəsində "Xocalıya ədalət" Beynəlxalq kampaniyasına həsr olunmuşdur. Xüsusilə, qətnamə layihəsi dövlət üzvlərini, həmçinin İKT institutlarını Xocalı kütləvi qırğınının insanlıq əleyhinə yönəlmiş cinayət kimi həm milli zəmində, həm də beynəlxalq səviyyədə tanınması istiqamətində öz fəaliyyətlərini gücləndirməyə çağırır.
Bundan əlavə, qətnamə layihəsində BMT-nin Sivilizasiyaların İttifaqı Uğrunda Alyansı prosesində gənclərin rolunun gücləndirilməsi sahəsində, xüsusilə DƏ İKGF-nin İKT-nin tərəfdaşı kimi bu il aprelin 9-dan 11-dək Bakıda təsis edilmiş Sivilizasiyaların İttifaqı Uğrunda Qlobal Gənclər Hərəkatının yaradılmasında Forumun rolu yüksək qiymətləndirilmişdir.
Sessiyada
çıxış edən E.İsgəndərov Azərbaycanın
birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
təşəbbüsü ilə 2007-ci ilin noyabrında
Bakıda təsis edilmiş hərəkatın davamı olaraq
Qlobal Gənclər Hərəkatının əhəmiyyətindən,
Forumun müsəlman gəncliyin inkişafına yönəlmiş
fəaliyyətindən, o cümlədən islamofobiya ilə
mübarizədə Forumun aparıcı beynəlxalq təşkilatlarla
əməkdaşlığından bəhs etmişdir.
Azərbaycan.- 2011.-3 may.- S. 7.