Azərbaycanda sahibkarlıq sahəsində
yoxlamaların vahid məlumat reyestri fəaliyyətə
başlamışdır
Aprelin 28-29-da Ədliyyə Nazirliyində icra hakimiyyəti orqanlarının, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin aidiyyəti əməkdaşları üçün metodiki seminarlar keçirilmişdir.
Ədliyyə Nazirliyindən AzərTAc-a bildirmişlər ki, məqsəd yoxlamaların vahid məlumat reyestrinin mayın 1-dən fəaliyyətə başlaması, sahibkarlıq fəaliyyəti subyektlərində keçirilən bütün növ yoxlamaların qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada reyestrdə qeydiyyata alınmasını təmin etməkdir.
Ölkənin müxtəlif regionlarını təmsil edən çoxsaylı nümayəndələrin iştirak etdiyi seminarlarda qeydiyyat informasiya sistemi təqdim edilmiş, ondan istifadə qaydaları izah olunmuş, seminar iştirakçılarına müvafiq təlimatlar verilmiş, onların çoxsaylı sualları cavablandırılmış, işin səmərəsinin artırılması üzrə təkliflər müzakirə edilmişdir.
Bildirilmişdir ki, ölkəmizdə sahibkarlığın inkişafı üzrə aparılan məqsədyönlü islahatların davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel və 2011-ci il 15 fevral tarixli fərmanları ilə bu sahədə yoxlamaların nizama salınmasına və istehlakçıların hüquqlarının qorunmasına dair tədbirlər müəyyən edilmişdir. Həmin fərmanlara əsasən aparılan yoxlamaların müasir standartlara uyğun tənzimlənməsi və şəffaflığın təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyinə sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatların əldə edilməsini mümkün edən vahid məlumat reyestrinin aparılması həvalə olunmuş, reyestrin forması və aparılması qaydası haqqında Əsasnamə təsdiq edilmişdir.
Qeyd olunan məsələlər Ədliyyə Nazirliyinin kollegiya iclaslarında geniş müzakirə edilərək qarşıda duran vəzifələrin icrası üzrə kompleks tədbirlər müəyyən olunmuş, reyestrin formalaşdırılmasını, aparılmasını, istifadəsini və orada saxlanılan məlumatların mühafizəsini təmin edən qeydiyyat informasiya sistemi yaradılmış, onun istifadəçiləri üçün www.yoxlama.gov.az internet ünvanında vahid portal yerləşdirilmişdir.
Reyestrin məlumat bazasının formalaşdırılması məqsədilə Vergilər Nazirliyinin müvafiq informasiya sistemi ilə qarşılıqlı inteqrasiya əsasında sahibkarlıq fəaliyyəti subyekti kimi vergi orqanlarında qeydə alınmış bütün hüquqi və fiziki şəxslər barədə qanunvericiliklə müəyyən olunmuş məlumatların əldə edilməsi və daim təzələnməsi təşkil edilmişdir.
Dövlət başçısının fərmanına əsasən reyestrin Naxçıvan Muxtar Respublikasında da fəaliyyətinin təşkili ilə əlaqədar respublika Ədliyyə Nazirliyi tərəfindən aprelin 30-da muxtar respublikanın Ədliyyə Nazirliyinin iştirakı ilə eyni formatlı tədbir Naxçıvan şəhərində keçirilmişdir.
Azərbaycan.- 2011.-3 may.- S. 7.