"Vergilər Nazirliyinin əsas
vəzifələrindən biri sahibkarlığın
inkişafının gələcəkdə də
stimullaşdırılmasıdır"
Müsahibimiz vergilər nazirinin birinci müavini,
3-cü dərəcəli dövlət vergi xidməti
müşaviri Natiq Əmirovdur
- Dünya maliyyə-iqtisadi
böhranı dövründə Azərbaycanda real sektorun
inkişafını stimullaşdırmaq üçün vergi
sistemində islahatlar aparıldı, vergi güzəştləri
tətbiq edildi, bir sıra vergi dərəcələri
azaldıldı. Bu tədbirlər nə dərəcədə
səmərəli olub?
- Azərbaycan iqtisadiyyatının dirçəlişi, gələcək artımı və hərtərəfli inkişafını təmin edən köklü islahatlar, bilavasitə ümummilli lider Heydər Əliyev tərəfindən hazırlanan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi iqtisadi inkişaf strategiyası ilə bağlıdır.
Azərbaycan iqtisadiyyatının inkişaf yolunun düzgünlüyü və səmərəliyi ona gətirib çıxardı ki, dünya maliyyə böhranı əksər ölkələrin iqtisadiyyatından fərqli olaraq, ölkəmizin iqtisadiyyatına əhəmiyyətli təsir göstərmədi.
Məlum olduğu kimi, maliyyə böhranının dünya iqtisadiyyatına mənfi təsirlərinə baxmayaraq, Prezident İlham Əliyevin tapşırığı əsasında Azərbaycanda vergi yükünün azaldılması yolu ilə real sektorun təşviqi haqqında qanunverici qərar qəbul edilib və 2009-cu ildə vergi qanunvericiliyində ciddi dəyişikliklər olunub. Ötən il bu dəyişikliklər qüvvəyə minib və nəticədə 2010-cu ilin yanvarından mənfəət vergisi 22 faizdən 20, fiziki şəxslər üçün gəlir vergisinin maksimal dərəcəsi 35 faizdən 30 faizədək azaldılıb, fərdi sahibkarlar üçün isə bu dərəcə 20 faizədək endirilib.
Vergi siyasətinin əsas məqsədlərindən biri iqtisadiyyatın real sektorunun inkişafının stimullaşdırılmasıdır. Vergi dərəcələrinin azaldılması real sektorda büdcə gəlirinin bir hissəsinin saxlanılması məqsədilə qəbul edilmişdir.
Başqa sözlə, bu tədbirlər real sektorun stimullaşdırılmasına yönəlmişdir, onun sayəsində müəssisələrin gəlir və mənfəəti artmış, nəticədə vergitutma bazasının genişlənməsi hesabına dövlət büdcəsinə daxilolmalar artmışdır.
Bu gün əminliklə deyə bilərik ki, vergi dərəcələrinin azaldılması iqtisadiyyatın real sektoruna müsbət təsir göstərərək, onun davamlı, məqsədəuyğun və uzunmüddətli inkişafını təmin edib, istehsalın rentabelliyini yüksəltmək və iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoyuluşlarını artırmaq üçün əlavə imkanlar yaradıb. Ötən il və cari ilin birinci rübünün yekunları üzrə vergi daxilolmalarının artımı da ümumilikdə vergitutma bazasının hiss olunan dərəcədə genişləndiyini təsdiq edir. Bu, dövlət başçısının təşəbbüsü ilə qəbul edilən qərarların səmərəliyinin bariz sübutudur.
- Azərbaycanın Vergi Məcəlləsinə
olunan əlavə və dəyişikliklərə əsasən,
2010-cu ilin yanvarından bir ildən çox müddətə
vergi borcunun vaxtında ödənilməməsi ilə
bağlı faizlərin hesablanması dayandırılıb.
Vergi borcunun ödənilməsi ilə bağlı tədbirlər
nə dərəcədə səmərəli olub?
- Bir ildən çox olmayan müddətə vergi borcuna görə faizlərin tətbiqinə dair Vergi Məcəlləsinə olunan dəyişikliklər vergi ödəyicilərinin hüquqlarının genişlənməsi və maraqlarının qorunması üzrə dövlətin özəl sektora dəstəyi çərçivəsində edilib və ötən ilin əvvəlindən qüvvəyə minib. Vergi qanunvericiliyinə edilən dəyişikliklərdən çıxış edərək, Nazirlər Kabineti vergi ödəyicilərinin maliyyə imkanlarının yaxşılaşdırılması, onların rəqabət qabiliyyətliyinin möhkəmləndirilməsi və investisiya fəaliyyətinin stimullaşdırılması məqsədilə 20 avqust 2010-cu il tarixli qərar qəbul edib. Həmin qərara əsasən, vergi borcları üçün bir ildən çox müddətə tətbiq edilən bütün faizlər ləğv olunub.
Bu tədbir səmərə veribmi? Birmənalı şəkildə, bəli. Əvvəllər vergi borcları yarandıqda vergi ödəyiciləri faiz ödəməli olurdular ki, bu da borc məbləğinin xeyli artmasına gətirirdi. Bunun nəticəsində isə müəssisələrin maliyyə vəziyyəti daha da pisləşirdi. Bu gün borcu olan şirkətlər borclarını faiz ödəmədən qaytara bilərlər. Yalnız bir rəqəmi nümunə göstərim - cari ilin əvvəlinə ölkədə vergi borclarının məbləği 29,6 faiz azalıb. Güman edirəm ki, bu göstərici çox şeydən xəbər verir.
- Məlumdur ki, hazırda Vergilər
Nazirliyində Vergi Məcəlləsinə əlavə və
dəyişikliklərlə bağlı layihə üzərində
iş aparılır. Bu il vergi dərəcələrində
dəyişikliklər nəzərdə tutulubmu və Azərbaycanın
vergi inzibatçılığı sahəsində hansı
islahatlar gözlənilir?
- Vergi Məcəlləsi daim təkmilləşdirilir. Vergilər Nazirliyinin aidiyyəti qurumları qüvvədə olan qanunvericiliyi və ölkə iqtisadiyyatının potensial imkanlarını təhlil edirlər, paralel şəkildə qabaqcıl beynəlxalq təcrübə öyrənilir. Daha çevik və səmərəli vergi sisteminin yaradılması məqsədilə Vergi Məcəlləsinin təkmilləşdirilməsi, vergitutma bazasının genişləndirilməsi, paytaxt və regionlarda sahibkarlığın inkişafının stimullaşdırılması gələcəkdə də davam etdiriləcək.
Qanunvericiliyə dəyişikliklərin əsas istiqamətlərindən biri qüvvədə olan vergi dərəcələrinin mərhələli azaldılmasıdır. Bu, vergi ödəyicilərinin vergi yükünün azaldılmasına və vergitutma bazasının genişləndirilməsinə xidmət edir. Son illər ərzində vergilərin əksər növlərinin dərəcəsi xeyli azaldılıb, gəlir vergisinin ödənilməsi mexanizmi sadələşdirilib, fərdi sahibkarlar üçün gəlir vergisinin və hüquqi şəxslər üçün mənfəət vergisinin dərəcələri uzlaşdırılıb, rezident və qeyri-rezidentlər üçün vergi yükü bərabərləşdirilib. Bu yaxınlarda vergilər naziri Fazil Məmmədov elektron audit sisteminin tətbiqi layihəsinin təqdimatı zamanı bəyan etmişdir ki, hazırda vergi dərəcələri və onların sayı optimal, hesablaşma formaları sadədir. Yaxın gələcəkdə vergi dərəcələrində dəyişikliklər gözlənilmir.
Digər mümkün dəyişikliklərə gəldikdə, bu gün Azərbaycanın sosial-iqtisadi inkişafında daha bir mühüm və həlledici məqam yetişib. Ölkə keçid dövrünü uğurla arxada qoyub və istehsalın inkişaf dərəcəsinə görə iqtisadiyyatı orta inkişaf səviyyəli dövlətlər kateqoriyasına daxil olub. Nazirliyimiz qüvvədə olan qanunvericiliyin və inzibatçılığın modernləşdirilməsi məqsədilə artıq Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı müvafiq təkliflər paketi hazırlayıb. Qanunvericiliyə mümkün dəyişikliklər nağdsız hesablaşmaların stimullaşdırılması, elektron audit sisteminin tətbiqi, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin elektron formatda qeydiyyatı üzrə tədbirlərin aparılması ilə əlaqədardır. Yaxın vaxtlarda təklif olunan dəyişikliklər hökumətdə baxıldıqdan sonra ictimaiyyətin müzakirəsinə veriləcək.
- Qeyd etdiyiniz kimi, Azərbaycan
iqtisadi inkişafın yeni səviyyəsinə keçib.
Fikrinizcə, bu mərhələdə hansı vergi siyasəti
aparılmalıdır?
- Ölkə rəhbərliyi iqtisadi sahəyə hərtərəfli diqqət yetirir və keyfiyyətcə yeni inkişaf mərhələsinə keçid üçün iqtisadi modelin formalaşdırılmasına daim yeni effektiv yanaşmalar hazırlayır. Hazırda Vergilər Nazirliyi qarşısında duran əsas vəzifələrdən biri digər addımlarla yanaşı, həm də regionların sosial-iqtisadi inkişafı hesabına kiçik və orta sahibkarlığın inkişafının daha da stimullaşdırılmasıdır.
2011-ci il üçün dövlət büdcəsi haqqında qanunun tətbiqinə dair fərmanla Vergilər Nazirliyi üçün də konkret vəzifələr müəyyən edilib. Həmin vəzifələrə ilk növbədə, dövlət büdcəsinin gəlir hissəsinin qeyri-neft sektorundan daxilolmalar hesabına təmini, eləcə də sahibkarlığın inkişafına dəstəyin göstərilməsi və nağdsız hesablaşmaların stimullaşdırılması daxildir. Bu istiqamətlərdə artıq müəyyən işlər görülüb və sözügedən sahədə maksimal şəffaflığın təmin edilməsi üçün ictimaiyyəti bütün dəyişikliklər haqqında mərhələlərlə məlumatlandırırıq.
Yaxın illər üçün strateji məqsəd həm də Azərbaycanın vergi qanunvericiliyinin Avropa İttifaqına üzv ölkələrin analoji sənədlərinə uyğunlaşdırılmasıdır. Bu məqsədə nail olmaq üçün əlavə dəyər vergisinin dərəcəsinin optimallaşdırılması və bu vergi üçün güzəştlər siyahısının dəqiqləşdirilməsi istiqamətində araşdırmalar aparılır. Qeyd edim ki, Aİ-nin ölkəmizlə siyasi, iqtisadi və hüquqi, o cümlədən vergitutma sahəsində əməkdaşlığının əsası 1996-cı ildə qoyulub. 10 il sonra əməkdaşlığın ikinci mərhələsinin başlanğıcını qoyan müvafiq fəaliyyət planı qəbul edilib. Avropa İttifaqı ölkələri ilə qarşılıqlı münasibətlərimizi gələcəkdə də genişləndirmək və bu dövlətlərin nailiyyətlərindən faydalanaraq ölkənin vergi sistemini və qanunvericiliyini inkişaf etdirmək vacibdir.
- Bu yaxınlarda nazirlik elektron
auditin tətbiqi layihəsinin təqdimatını
keçirdi. Layihənin vergi
inzibatçılığının təkmilləşdirilməsi
baxımından əhəmiyyəti nədən ibarətdir?
- Müasir texnologiyalardan istifadə edilməklə mütəmadi yeniliklərin tətbiqi və fəaliyyətin səmərəliyinin artırılması üzrə dəqiq düşünülmüş tədbirlər vergilər xidməti qarşısında duran vəzifələr sırasında prioritet məsələlərdəndir.
Müasir texnologiyaların tətbiqi vasitəsilə elektron xidmətlərin göstərilməsi çox mühüm və gərəkli islahatdır. Xatırladım ki, bir neçə il əvvəl tətbiq edilən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) sənəd dövriyyəsinin və məlumat emalının sürətinin dəfələrlə artmasını stimullaşdırdı, operativ və çevik vergi nəzarətinin formalaşdırılmasına səbəb oldu. Öz növbəsində, vergi bəyannamələri və hesab-fakturaların elektron formata keçirilməsi, eləcə də "on-layn kargüzarlıq" sisteminin tətbiqi vergi orqanları əməkdaşları və vergi ödəyiciləri arasında maksimal şəffaflığa nail olmağa imkan verdi. Xüsusilə, bu gün vergi ödəyicilərinin 90 faizindən çoxunun vergi bəyannamələrini məhz elektron şəkildə təqdim etdiyini nəzərə alsaq, əminliklə demək olar ki, ölkədə artıq elektron audit sisteminin tətbiqi üçün zəmin yaradılıb.
Qeyd etdiyiniz kimi, aprelin əvvəlində nazirliyimiz Avropa Komissiyası ilə birgə və Niderland Krallığının Vergi Administrasiyasının dəstəyi ilə həyata keçirilən "Kompüter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi" tvininq-layihəsinin təqdimatı keçirilmişdir. Layihə Avropa Komissiyası tərəfindən maliyyələşdirilir və 6 komponentdən ibarətdir: elektron auditin tətbiqi üçün lazım olan hüquqi bazanın hazırlanması, lazımi proqram təminatının seçilməsi, elektron audit üçün məlumat bazasının yaradılması, metodologiyanın hazırlanması və auditorlar üçün treninqlərin keçirilməsi, orta və iri müəssisələr tərəfindən tətbiq edilən elektron mühasibatlığın tətbiqi təcrübəsinin inkişafı, Azərbaycanda elektron audit sisteminin tətbiqi.
Layihənin həyata keçirilməsi Azərbaycana MDB ölkələri arasında ən müasir elektron audit sistemini tətbiq etməyə imkan verəcək və sözsüz ki, ölkədə vergi orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edəcək. Başqa sözlə, elektron auditin tammiqyaslı tətbiqi müəssisələrdə mühasibat uçotunu elektron şəkildə aparmağa, iri və orta müəssisələrdə auditin keçirilməsi üçün analitik, texniki, metodoloji yanaşmanı təkmilləşdirməyə imkan verəcək. Bundan başqa, elektron audit sisteminin tətbiqi səyyar vergi yoxlamalarının sayının xeyli azaldılmasına, vergi ödəyiciləri və vergi orqanlarının əməkdaşları arasında birbaşa təmasların minimuma endirilməsinə səbəb olacaq.
- Azərbaycanda "bir pəncərə"
sisteminin tətbiqindən artıq 3 il ötür. Vergi xidmətinin
bu istiqamətdə fəaliyyətinin nəticələrini
necə qiymətləndirirsiniz və bu sahədə hansı
yeniliklər gözlənilir?
- Artıq qeyd olunduğu kimi, ölkəmizdə sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir. Hökumət məqsədyönlü şəkildə dövlət qurumları və biznes sektoru arasında qarşılıqlı münasibətlərin inkişafına yönələn tədbirlər görür, qanunvericilik bazası və inzibati prosedurlar təkmilləşdirilir, özəl sektorun dəstəklənməsinin dövlət mexanizmləri formalaşdırılır. Belə tədbirlərdən biri 2008-ci il yanvarın 1-dən kommersiya hüquqi şəxslərin "bir pəncərə" prinsipi ilə qeydiyyatının təşkili oldu. Prezident İlham Əliyevin fərmanı ilə bu mühüm və məsuliyyətli iş Vergilər Nazirliyinə həvalə edildi.
"Bir pəncərə" prinsipi tətbiq olunmamışdan əvvəl hüquqi şəxsin qeydiyyatı üçün 2 aya yaxın vaxt lazım idi. İşə başlayan sahibkar 13 prosedurdan keçməli, müxtəlif strukturlara eynitipli sənədləri təqdim etməli idi ki, bu da bürokratik maneələrin yaranmasına səbəb olurdu. Prezidentin fərmanı radikal dəyişikliklərə səbəb oldu - biznesə başlamaq üçün qeydiyyat prosedurlarının sayı 6-dək, tələb olunan vaxt 8 günədək, o cümlədən qeydiyyat üçün lazım olan vaxt 3 günədək, təqdim olunan sənədlərin sayı isə 5 dəfə azaldıldı.
"Bir pəncərə" prinsipinin tətbiqi dərhal sahibkarların, ictimaiyyətin və kütləvi informasiya vasitələri nümayəndələrinin müsbət reaksiyasına səbəb oldu. Prosedurun şəffaflığı və operativliyi Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirildi ki, bu da öz növbəsində Azərbaycanın iqtisadi reytinqinə müsbət təsir göstərdi.
"Bir pəncərə"nin tətbiq edildiyi 3 il ərzində Vergilər Nazirliyində 140 000 təsərrüfat subyekti qeydə alınıb. Bunun 16 000-dən çoxu kommersiya hüquqi şəxslərdir. Təkcə cari ilin birinci rübü ərzində bu sistem vasitəsilə qeydiyyatdan 14 000-dən çox sahibkar keçib. Bu, ötən ilin analoji göstəricisindən 46,1 faiz çoxdur.
Buna baxmayaraq, Vergilər Nazirliyi əldə olunmuş nəticələrlə kifayətlənmir və qeydiyyat prosesinin daha da təkmilləşdirilməsi məqsədilə işləri davam etdirir. Hazırda başlıca məqsəd kommersiya hüquqi şəxslərin "on-layn" qeydiyyatının təşkilidir. Proses qanunvericilik bazasında müvafiq dəyişikliklərdən sonra başlayacaq və bu, biznesə başlamaq üçün şərtlərin maksimal sadələşdirilməsinə gətirib çıxaracaq.
- 2011-ci ilin birinci rübü ərzində
dövlət büdcəsinə vergi daxilolmaları ilə
bağlı vəziyyəti necə qiymətləndirirsiniz?
Qeyri-neft sektorunda, o cümlədən regionlarda vergi
yığımları ilə bağlı vəziyyət necədir?
- Bəri başdan deyim ki, həyata keçirilən islahatlar və ölkənin sosial-iqtisadi inkişafının dinamikası ilin birinci rübü üzrə vergi proqnozlarını artıqlaması ilə yerinə yetirməyə imkan verib. Dövlət büdcəsinə 1 milyard 161,5 milyon manat vergi köçürülüb ki, bu da ötən ilin müvafiq göstəricisindən 15,1 faiz çoxdur.
Dövlət başçısı iqtisadiyyatın şaxələndirilməsi və iqtisadi risklərin minimuma endirilməsi məqsədilə Vergilər Nazirliyi qarşısında bir sıra vəzifələr qoyub. Onların arasında qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artırılmasına xüsusi diqqət yetirilir. Bu ilin birinci rübü ərzində qeyri-neft-qaz sektorundan büdcəyə 680,2 milyon manat vəsait daxil olub ki, bu da proqnozlaşdırılan məbləğdən 17,1 faiz artıqdır.
Ölkənin regionlarında da irəliləyiş müşahidə olunur. Birinci rüb ərzində dövlət büdcəsinə vergi daxilolmalarında regionların payı 14,4 faiz təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən çoxdur. Bundan əlavə, qeyri-neft-qaz sektorundan daxilolmalardakı artımın 23,4 faizi məhz regionların payına düşür.
- Bu gün ölkədə
korrupsiya ilə genişmiqyaslı mübarizə gedir. Vergilər
Nazirliyinin bu prosesdə iştirakı barədə də bilmək
istərdik.
- Vergilər Nazirliyi həmişə rüşvətxorluq və korrupsiya ilə mübarizəyə böyük diqqət ayırıb və ayırmaqda davam edir. Nazirlikdə Daxili Təhlükəsizlik Baş İdarəsi fəaliyyət göstərir və həmin idarə vergi ödəyicilərdən daxil olan və neqativ hallarla bağlı bütün müraciət və şikayətlərə operativ şəkildə baxır. Təkcə vergi ödəyicilərinin müraciətlərinə baxılması nəticəsində aşkarlanan müxtəlif pozuntularla bağlı ötən il vergi orqanlarının 30 əməkdaşına xəbərdarlıq edilib, 81 nəfərə töhmət elan olunub, 40 nəfərə sonuncu dəfə xəbərdarlıq edilməklə ciddi töhmət verilib, 2 nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınıb, 2 nəfər daha aşağı vəzifəyə keçirilib, 6 nəfər tutduğu vəzifədən azad edilib.
Son vaxtlar bəzi mətbu orqanlarında vergi daxilolmalarının guya qanunsuz bank hesablarına köçürüldüyü barədə əsassız və həqiqəti əks etdirməyən, müəyyən şəxslər tərəfindən ortaya atılan şayiələr meydana çıxıb. Bütün məsuliyyətimlə bəyan edirəm ki, ölkə başçısının təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən antikorrupsiya tədbirlərinə kölgə salmaq məqsədi güdən bu şayiələrin heç bir əsası yoxdur. Bütün vergilər və dövlət rüsumları, istisnasız olaraq Dövlət Xəzinədarlığının hesablarına keçirilir.
Ödəyicilər ilk gün deyil ki, vergi ödəyirlər və buna görə də vergi ödənişlərinin hansı hesaba, hansı rekvizitlərlə və hansı banklara köçürüldüyünü çox yaxşı bilirlər. Bu məsələ ilə bağlı məlumat hamı üçün əlçatandır və tamamilə şəffafdır. Ölkənin hər bir şəhərinin və regionunun vergi ödəyiciləri, eləcə də bütün arzuedənlər Dövlət Xəzinədarlığının rekvizitləri ilə Vergilər Nazirliyinin rəsmi saytında tanış ola bilərlər.
Nazirliyin rəsmi
internet səhifəsində vergilər nazirinə və
nazirliyin rəhbər vəzifəli şəxslərinə
istənilən şikayətlə bağlı birbaşa
müraciət etmək imkanı yaradılıb. Bundan əlavə,
vergi ödəyicilərinin "195" telefon xidmətinə,
yaxud nazirliyin istənilən struktur bölməsinə
yazılı şəkildə müraciət etmək
imkanları var. Bütün müraciətlər operativ şəkildə
ətraflı təhlil olunur və müvafiq qərarlar qəbul
edilir.
R.MƏMMƏDOV
Azərbaycan.- 2011.- 3 may.- S. 8