Bank nəzarətinin tənzimlənməsi

 

Prezident İlham Əliyevin davamlı, çevik siyasəti nəticəsində həyata keçirilən iqtisadi islahatlar ölkənin sosial-iqtisadi həyatında köklü dəyişikliklər yaratmış və uğurlu nəticələr əldə edilmişdir. Bu gün Azərbaycan iqtisadiyyatının inkişafı dinamik xarakter almış, dayanıqlı makro-iqtisadi sabitlik təmin edilmiş, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında xeyli irəliləyiş əldə olunmuşdur.

Hazırda ölkədə sosial-iqtisadi inkişafın dinamikliyini qoruyub saxlamaq üçün qeyri-neft sektorunun inkişaf etdirilməsi, infrastruktur obyektlərinin müasir tələblərə uyğun yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyulmuşdur. Bu məqsədlə sahibkarlığın inkişafına dövlət dəstəyi gücləndirilmiş və daha da təkmilləşdirilmişdir.

İqtisadi inkişafın növbəti mərhələsi maliyyə-bank sisteminin inkişafı üzrə yeni vəzifələr irəli sürür. Bank sisteminin iqtisadiyyata daha geniş maliyyə xidmətinin göstərilməsində, sahibkarlığın maliyyə ehtiyaclarının ödənilməsində rolu daha da artmış, etibarlığı və dayanıqlığı yüksəlmiş, qloballaşmanın tələblərinə uyğun dünya bank sisteminə inteqrasiyası sürətlənmiş və bu sektorda sağlam rəqabət mühiti formalaşmışdır.

Məlumdur ki, bank sektorunun restrukturizasiyası və dövlətsizləşdirilməsi, sektorda rəqabətin stimullaşdırılması əsas prioritetlərdən biridir. Rəqabət şərtlərinin tam realizasiyası sektorun maliyyə vasitəçiliyi funksiyasının dərinləşməsi və bank-maliyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinin vacib amillərindən sayılır. Bank sektorunun restrukturizasiyası, korporativ idarəetməyə olan keyfiyyətcə yüksək tələb isə bazarda rəqabət mühitinin gücləndirilməsinə imkan yaradır.

Bank xidmətləri ölkənin fiziki və hüquqi şəxslərini daha geniş əhatə etdikcə, bu bazarda rəqabət də güclənir. Rəqabətdə mövqeləri qoruyub saxlamaq üçün isə istənilən biznes strukturu kimi banklar da daim yenilikçi olmağa, bazara fasiləsiz olaraq yeni məhsul və xidmətlər təqdim etməyə və bu xidmətlərin keyfiyyətini durmadan yüksəltməyə məcburdurlar.

Azərbaycanda aparılan iqtisadi islahatlar nəticəsində ən çox inkişaf etmiş sahə kimi bank sektoru çıxış edir. Qloballaşan dünyada məhz bu sektorun inteqrasiyası daha dinamikdir. Bununla yanaşı məlumdur ki, bank fəaliyyəti çox riskli bir sahədir. Risklərin düzgün idarə edilməməsi nəinki bank sistemini, bütövlükdə milli iqtisadiyyatı iflic vəziyyətinə sala bilər. Odur ki, bu baxımdan bank nəzarətinin rolu olduqca vacibdir. Bazar iqtisadiyyatı şəraitində dövlətin iqtisadiyyata müdaxiləsi növlərindən biri olan bank nəzarətinin effektivliyi onun hüquqi bazasının dəqiq və ədalətli olmasından asılıdır.

Bank sistemi hər bir dövlətin bazar iqtisadiyyatı sisteminin formalaşmasında və fəaliyyətində mühüm rol oynayır, təsərrüfat subyektlərinin dövriyyə, yığım və ödəmə sahəsindəki münasibətlərinə xidmət edir, pul kütləsinin əsasını təşkil edən kredit sistemini yarada və iqtisadi inkişafın sabitliyini təmin edə bilir. Bütün bunlarla yanaşı, bank sisteminin fəaliyyətinin əsas prinsipləri ciddi şəkildə pozulduqda, o özü iqtisadi baxımdan qeyri-sabitliyin mənbəyinə çevrilir. Bankirlər də sahibkar olduqlarından əsas məqsədləri maksimum gəlir əldə etməkdən ibarətdir. Bu isə onları bəzən ictimai maraqlara zidd hərəkət etməyə sövq edir. Odur ki, burada neqativ nəticələrin aradan qaldırılması üçün bank sisteminin fəaliyyəti dəqiq şəkildə tənzimlənməli və ona ciddi nəzarət olunmalıdır.

İnkişaf etmiş ölkələrdə bank nəzarətinin həyata keçirilməsinin nəzəriyyə və praktikası çoxillik tarixə malikdir. Banklar iqtisadiyyatın aparıcı sahələrindən biri olmaqla ölkənin siyasi həyatına da təsir edirlər. Həmin ölkələrdə səmərəli nəzarət və bank auditi strukturları, anlayış və sənədlər aparatı formalaşmış, təftiş yoxlamaları sahəsində mühüm təcrübə toplanmışdır. Lakin həyata keçirilən nəzarət kredit təşkilatlarının dövri olaraq iflasa uğramasının, onlara sanksiyalar tətbiq edilməsinin və digər bu kimi tədbirlərin həyata keçirilməsinin qarşısını tam ala bilmir.

Keçmiş postsovet ölkələrinin əksəriyyətində bazar münasibətləri üçün daha münasib olan ikipilləli bank və kredit sistemi hələ indi-indi formalaşmağa başlamışdır. Bu baxımdan bank nəzarətinin inkişafının spesifik xüsusiyyətlərinin üzə çıxarılmasına yönəlmiş nəzəri tədqiqatların aparılması olduqca aktual, sözügedən istiqamətdə bank nəzarətinin hüquqi aspektlərinin tətqiq edilməsi isə əhəmiyyətlidir.

Bank nəzarətinin hüquqi tənziminin təkmilləşdirilməsi ilk növbədə sahəvi hüquq elminin inkişafı aspektində aparılmalıdır. Bununla bağlı bir neçə təklifimi bildirmək istərdim: bank nəzarəti iki - maliyyə və hüquqi tərkib hissələrindən ibarət olmalıdır. Həm mənşə etibarilə, həm də zəruriliyi baxımından maliyyə nəzarətinə münasibətdə hüquqi nəzarət ikinci dərəcəli xarakter daşıyır. Azərbaycan qanunvericiliyində bank nəzarətinə anlayış verilməməsi bank hüququ ilə mülki hüququn qarışdırılmasına gətirib çıxarır. Ona görə də qanunvericilikdə bank qanunvericiliyinin bank nəzarəti orqanı olan Mərkəzi Bankla digər banklar arasında, mülki qanunvericiliyin isə banklarla müştərilər arasındakı münasibətlərin tənzimlənməsinə dair müddəanın təsbit edilməsi zəruridir. Bu məqsədlə mövcud bank sahəsində qanunvericilik aktlarını əvəz edə biləcək və bank qanunvericiliyinin vahid anlayışlar aparatını təsbit edən Bank Məcəlləsinin qəbul edilməsi vacibdir. Bundan əlavə, Mərkəzi Bankın normativ xarakterli aktlarının qaydaya salınması məsləhətdir. Eyni zamanda, Mərkəzi Bankın bütün aktlarının Ədliyyə Nazirliyində qeydiyyata alınması məqsədəuyğun olardı.

 

 

Nərmin BAXŞIYEVA,

hüquq üzrə fəlsəfə doktoru,

2 saylı Bakı İnzibati-İqtisadi

Məhkəməsinin böyük məsləhətçisi

 

Azərbaycan.- 2011.-3 may.- S., 8.