Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin
nümayəndə heyəti
Slovakiyada səfərdə
olmuşdur
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım İvetta Matsejkovanın dəvəti ilə aprelin 26-dan 29-dək Slovakiyada rəsmi səfərdə olmuşdur.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində Slovakiya parlamentinin sədri, insan hüquqları üzrə səlahiyyətli müvəkkili (Ombudsman), Konstitusiya Məhkəməsinin sədr və hakimləri ilə görüşlər keçirilmiş, nümayəndə heyəti dövlət başçısı tərəfindən qəbul edilmişdir.
Parlamentin sədri Rixard Suliklə görüşdə qanunvericiliyin təkmilləşdirilməsi sahəsində parlamentlə Konstitusiya Məhkəməsi arasında qarşılıqlı əlaqələr, qəbul olunan qanunların Konstitusiyaya uyğunlaşdırılması və məhkəmə-hüquq islahatları müzakirə edilmişdir.
Ombudsman Pavel Kandraçla Ombudsmanın Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı Konstitusiya Məhkəməsinə göndərdiyi sorğular ətrafında fikir mübadiləsi aparılmışdır.
Slovakiya Prezidenti İvan Qasparoviç nümayəndə heyətinin qəbulu zamanı Azərbaycan Respublikasının Prezidentinə dərin hörmət və ehtiramını bildirmişdir. O, iki dövlət arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə maraqlanaraq Slovakiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulamışdır.
Azərbaycan.- 2011.-3 may.- S. 9.