Azərbaycanlı alim Beynəlxalq
simpoziumda məruzə etmişdir
Dünyada məşhur türk coğrafiyaşünası və tarixçisi Övliya Çələbinin 10 cildlik "Səyahətnaməsi" on yeddinci əsrdə yaransa da bugünədək əhəmiyyətini itirməmişdir. YUNESKO 2011-ci ili Övliya Çələbi ili elan etmişdir. Görkəmli səyyahın həyat və yaradıcılığına həsr olunan müxtəlif tədbirlər həm onun doğma vətəni Türkiyədə, həm də xarici ölkələrdə keçirilməkdədir. Belə tədbirlərdən biri aprel ayının son günlərində Ankarada təşkil olunmuşdur.
YUNESKO-nun Türkiyənin aparıcı təhsil ocaqlarından Qazi universiteti ilə birgə keçirdiyi "Övliya Çələbinin sözlü qaynaqları" Beynəlxal simpoziumda ABŞ, Böyük Britaniya, Fransa və digər ölkələrdən gəlmiş görkəmli tədqiqatçılarla yanaşı, Türkiyənin Bilkənt, Hacəttəpə, Səlcuq, Namiq Kamal, Koç və digər universitetlərinin tanınmış alimləri də iştirak etmişlər.
AzərTAc xəbər verir ki, ölkəmizi həmin beynəlxalq tədbirdə Milli Məclisin deputatı, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov təmsil etmişdir. Övliya Çələbinin gəzib-dolaşdığı, haqqında bəhs etdiyi ölkələr sırasında Azərbaycan xüsusi yer tutur və "Səyahətnamə" elə həmin səbəbdən tariximizi öyrənmək üçün mühüm mənbələrdən biri hesab edilir.
Professor Rafael Hüseynov simpoziumda "Səyahətnamə və salnaməçilikdə ozan tipi - Övliya Çələbi" mövzusunda məruzə ilə çıxış etmiş, həm böyük səyyahın elmə gətirdiyi yeniliklərdən, həm də Azərbaycanın tarixi, coğrafiyası, mədəni keçmişi ilə əlaqədar qiymətli məlumatlardan söz açmışdır.
Çoxsaylı xarici ölkə nümayəndələrinin qatıldığı nüfuzlu beynəlxalq auditoriya qarşısında məruzə edən həmyerlimiz Övliya Çələbinin müasir dövrdə daşıdığı dəyərə diqqət yönəldərək Azərbaycan üçün son dərəcə həssas Dağlıq Qarabağ problemi, Ermənistanın ölkəmizə təcavüzü məsələsindən də danışmışdır. R.Hüseynov demişdir: "Bitməz ömrünün dördüncü əsrini başa vuraraq diriliyinin beşinci əsrinə başlayan Övliya Çələbi yalnız böyük irs yaratmış dədələrimizdən biri deyil, həm də müasirimiz kimi qavranılmalıdır. Onun əsrlərə sığmayan möhtəşəm əsəri keçmişin etibarlı aynası olmaqla yanaşı, həm də yeni günlə səsləşə bilən, çağdaş ruhlu abidədir ki, yaşadığımız yeni dövrün çətin məqamlarında bizimlə yanaşı dayanaraq mübarizələrimizdə dayağımıza çevrilir. Bir zamanlar Övliya Çələbinin gəzib-dolaşdığı, sevgiylə vəsf etdiyi Azərbaycan indi yaralıdır, ərazi bütünlüyünə təcavüz olunub, Ermənistan onun torpaqlarının yüzdə iyirmisini zəbt edib. Lakin bununla da gözü doymur, Azərbaycana, Türkiyəyə, Gürcüstana və digər qonşularına qarşı yeni ərazi iddiaları irəli sürür, onun olmayan torpaqları "tarixən onunku imiş" deyə tələb edir. Bu yerdə Övliya Çələbi tarix içində qala bilmir, sərt sözlü siyasətçiyə dönərək özünü günümüzə çatdırır, həqiqətləri faş edərək kimin düz, kimi əyri olduğunu nişan verir. XVII yüzillikdə qiymətli kitabının ikinci cildində İrəvanın - indi Ermənistanın paytaxtı olan şəhərin təməlini hicri 1407-ci ildə Əmir Teymurun sevimlilərindən olan bəzirgan Xacə xan Ləhicaninin qoyduğunu, 1510-cu ildə Şah İsmayıl Xətainin əmri ilə vəziri Rəvanqulu xanın buranı 7 il ərzində inşa etdiyi qala ilə əhatələyərək bitkin bir şəhərə çevirdiyini və ona öz adını verdiyini yazan Övliya Çələbi, əslində, XXI yüzillikdəki irticaçılara cavab vermiş olur. 2007-ci il dünyada Mövlana ili idi. 2011-ci il Övliya Çələbi ilidir. İl ötüncə, zaman keçincə digər bir ulu türkün ili olacaqdır. Böyük türklər dünyamıza bayramlar yaşatmaqda, insanlığı daha artıq düşündürməkdə, xalqları və ölkələri daha artıq yaxınlaşdırmaqda davam edəcəkdir. Övliya Çələbinin və onun bütün zamanlardakı məslək qardaşlarının ən başlıca dərsi elə budur".
Azərbaycanlı alimin simpoziumdakı məruzəsi maraqla qarşılanmışdır.
Beynəlxalq tədbirin qonaqları üçün Övliya Çələbi dövrünün musiqi nümunələrini əks etdirən və on yeddinci əsrdə nota alınmış melodiya və nəğmələri canlandıran "Bəzmara" musiqi qrupu xüsusi konsert proqramını təqdim etmişdir.
Övliya
Çələbiyə həsr olunmuş Beynəlxalq
simpoziumun materialları YUNESKO xətti ilə ayrıca kitab
şəklində nəşr etdiriləcəkdir.
Azərbaycan.- 2011.-3 may.- S.9.