Azərbaycan ilə Birləşmiş
Ərəb Əmirlikləri arasında əməkdaşlığın
daha da inkişaf etdirilməsi məsələsi müzakirə
olunmuşdur
Mayın 2-də kənd təsərrüfatı naziri İsmət Abasov Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, Azərbaycan Respublikası hökuməti və Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının həmsədri Sultan Bin Səid Əl Mansouri ilə görüşmüşdür.
Görüşdə Birləşmiş Ərəb Əmirlikləri hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılmışdır.
Nazir İsmət Abasov ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlamış iqtisadi islahatların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin aqrar sektorunda əldə olunmuş nailiyyətlərdən danışmış, həyata keçirilən dövlət proqramları nəticəsində kəndlərimizin sosial-iqtisadi vəziyyətinin, əhalinin ərzaq məhsulları ilə təminatının ilbəil yaxşılaşmasını, ixrac olunan kənd təsərrüfatı və ərzaq məhsullarının həcminin, çeşidinin artırılmasını xüsusilə vurğulamışdır.
İsmət Abasov kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Hökumətlərarası Komissiyanın 3-cü iclasında "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Ətraf Mühit və Su Nazirliyi arasında Anlaşma Memorondumu"nun imzalanmasının sürətləndirilməsi; "Azərbaycan Respublikası hökuməti və Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş" layihəsinin hazırlanması; baytarlıq nəzarətində olan yüklərin (o cümlədən ət və ət məhsulları) idxal-ixrac məqsədilə baytarlıq sertifikatları nümunələrinin razılaşdırılması və BEB çərçivəsində iti yoluxucu heyvan xəstəlikləri üzrə informasiya mübadiləsinin davam etdirilməsi; Azərbaycanda baytarlıq preparatları istehsalı üzrə birgə müəssisənin yaradılması imkanlarının araşdırılması; Birləşmiş Ərəb Əmirliklərinin aparıcı lizinq şirkətlərinin və maliyyə qurumlarının (bankların) Azərbaycanın lizinq bazarında fəaliyyətinin təşkili və aqrar sektora investisiyaların yatırılması imkanlarına baxılması; ölkəmizdən BƏƏ-yə meyvə-tərəvəz konservlərinin və şirələrinin ixracının artırılması imkanlarının araşdırılması; iki ölkənin aqrar yönümlü elmi-tədqiqat müəssisələri arasında əməkdaşlıq əlaqələrinin yaradılması məsələlərinin müzakirəyə çıxarılmasını nəzərə çatdırmışdır.
BƏƏ-nin iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansouri səmimi qəbula görə minnətdarlığını bildirmiş, BƏƏ iş adamlarının Azərbaycanın kənd təsərrüfatı sahəsinə investisiya qoyuluşu imkanlarına maraq göstərdiklərini və bundan sonra da ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün öz səylərini artıracağını demişdir.
AzərTAc
Azərbaycan.- 2011.- 3 may.- S. 9.