Mədəniyyətin inkişafına xidmət edən tədris müəssisəsi

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti yarandığı gündən ölkədə milli mədəniyyətin inkişaf səviyyəsi bu tədris müəssisəsinin yetişdirdiyi kadrların sayəsində mümkün olmuşdur. Milli mədəniyyətin inkişafı, zənginləşməsi kimi müqəddəs bir missiyanın ağırlığını çiyinlərində şərəflə daşıyan, mədəniyyət və incəsənətin müxtəlif sahələri üzrə peşəkar - aktyor, rejissor, musiqi ifaçıları və müğənnilər, rəssamlar, heykəltaraşlar, mədəniyyət işçiləri bu unikal ali məktəbin yetişdirdiyi kadrlardır.

İncəsənətin bir çox sahələrinin sintetikliyi faktoru universitetin istər tədris-təlim, istərsə də mədəni-ictimai, tərbiyəvi istiqamət üzrə həyata keçirilən müxtəlifyönümlü tədbirlərdə öz əksini tapır. Kurs, diplom tamaşaları, hesabat konsertləri təkcə həmin ixtisas üzrə təhsil alanların deyil, həm də bu tədbirlərin keçirilməsini şərtləndirən ssenarist, ədəbi yaradıcılıq, rəssam, dizayner və digər sahə üzrə təhsil alanların imtahanına çevrilir. Çünki adları qeyd olunan həmin ixtisas üzrə təhsil alan tələbələr bir peşəkar kimi öz həmkarlarına kömək edirlər. ADMİU-dakı bu yaradıcı fəallıq artıq ənənəyə çevrilib.

Şərəfli tarixə malik olan ADMİU-nun özünəməxsus inkişaf prosesi olmuşdu. Bu ali məktəbin təşəkkül tarixi ötən əsrin 20-ci illərinə təsadüf edir. Azərbaycanda teatr sənətinin inkişaf dinamikası bu sahə üzrə ixtisaslı kadrların - aktyor və rejissorların yetirşdirilməsini zəruri etdiyindən ilk qadın vokalçı müğənni Şövkət Məmmədovanın təşəbbüsü ilə Xalq Maarif Komissarlığı Teatr Məktəbinin fəaliyyətə başlaması haqqında qərar çıxardı. Bu hadisə 1923-cü ildə baş verdi. O vaxtlar bu təhsil müəssisəsinə Teatr Texnikumu da deyirdilər. Teatr Texnikumu unikal təhsil ocağı adlandırdığımız Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ilk təməl daşıdır. Azərbaycanda incəsənət sahəsi üzrə kadrlar hazırlayan təhsil ocaqlarından biri kimi teatr texnikumunda milli mədəniyyətimizin korifey sənətkarları müəllimlik etmişlər. Texnikumun yarandığı ilk vaxtlarda Hüseyn Cavid, Cəfər Cabbarlı, A.A.Tuqanov kimi görkəmli ustadlar dərs demişlər. A.M.Şərifzadə, M.Ə.Əliyev, Sidqi Ruhulla, Rza Darablı kimi görkəmli dramaturq və ustad aktyorların yaradıcı-pedaqoji fəaliyyəti milli teatr mədəniyyəti üçün çox uğurlu və məhsuldar oldu. Teatr texnikumunun birinci iki buraxılışı Azərbaycan teatrının sonrakı inkişafında böyük rol oynayan istedadlı aktyorlar idi. Texnikumun ilk buraxılışı olan on bir nəfər gənc aktyor - Rza Əfqanlı, Hacı Məmməd Qafqazlı, Sultan Fikrət, Fazil Dadaşov, Fatma Qədri və digərləri peşəkar teatr sənətkarları kimi milli mədəniyyətin inkişaf etməsinə təsir göstərmişlər.

Bakı Teatr Texnikumu əsasında 1945-ci ildə ali məktəb təsis olundu. 1945-1968-ci illərdə bu ali məktəb Azərbaycan Teatr İnstitutu kimi fəaliyyət göstərdi. İnstitutun ilk buraxılışı 1949-cu ildə oldu. 1954-cü ildə isə instituta bu ali təhsil müəssisəsinin fəaliyyətində xüsusi xidməti olmuş M.Ə.Əliyevin adı verildi. 1968-ci ildən etibarən institutun əhatə dairəsi daha da genişləndirilərək Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırıldı. Teatr Texnikumunun təməli əsasında təşəkkül tapmış bu institut səkkiz ixtisas üzrə mütəxəssislər hazırlamağa başladı. Bu ixtisaslara teatr kadrları, teatrşünaslıq, mədəni-maarif işi, bədii konstruktivləşdirmə, keramika-şüşə -plastik kütlə məmulatı üzrə bədii tərtibat, sənaye qrafikası və başqaları daxil idi.

M.Ə.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun təşkil olunduğu ilk vaxtlardan başlayaraq respublikanın görkəmli incəsənət xadimləri burada dərs demiş, sənətkarlıq məktəblərinin ardıcıllarını yetişdirmişdilər. SSRİ xalq artisti A.İsgəndərov, SSRİ xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü M.Abdullayev, respublikanın xalq artistləri R.Təhmasib, T.Kazımov, H.Salayev, Azərbaycan SSR xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü T.Məmmədov, K.Kazımzadə kimi görkəmli incəsənət xadimləri bu ali məktəbin möhkəm mənəvi dayaqları olmuş, özlərinin yaradıcılıqları ilə zəngin irs, ənənə qoymuşlar.

Respublikanın ictimai tələbatından irəli gələrək Azərbaycan Dövlət İncəsənət İnstitutu hazırladığı kadrların istər kəmiyyət, istərsə də keyfiyyət səviyyəsinin yüksəldilməsi məqsədilə dinamik inkişaf prinsiplərinə riayət edirdi. Mütəxəssislərin elə təhsil illəri müddətində düzgün təməlin əsasında yetişdirilməsi məqsədilə bütün daxili imkanlardan səmərəli surətdə istifadə olunurdu. Hələ ötən əsrin 70-ci illərində 42 min nüsxə çap vahidindən ibarət olan zəngin kitabxana, arxiv fondu, tədris teatrı, müxtəlif janrdan olan musiqi kollektivləri, rəqs ansamblı və s. tələbələrin yaradıcılıqlarının tam hərtərəfli üzə çıxarılmasına əhəmiyyətli şəkildə təsir göstərirdi. Bu sahədə Tədris Teatrının fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Tədris teatrının fəaliyyətinin məqsədəuyğun təşkilində "Teatr və aktyor sənəti" fakültəsində bir müddət dekan vəzifəsində çalışmış Timuçin Əfəndiyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. Teatrın repertuarının tədris-dərs prosesinə müvafiq şəkildə tərtibi, bunların ardıcıllığı, eləcə də tədris teatrının mövcud imkanlarından təkcə həmin fakültə deyil, digərlərinin də bəhrələnməsi sahəsində onun məsləhət və tövsiyələrinin praktiki cəhətdən çox böyük əhəmiyyəti vardır.

Bu illər ərzində gənc istedadların üzə çıxarılaraq institutda təhsilə cəlb olunması, təlim-tədris, təcrübi-məşq prosesi üçün əlverişli münbit şəraitin yaradılmasına çox böyük diqqət yetirildi. Yaradıcılıq potensialının aşkarlanması, bunun getdikcə püxtələşməsi üçün münbit şəraitin nə qədər zəruri olmasının dərindən dərki tələbə, aktyor, rejissor, teatrşünaslar üçün bütün imkanların yaradılmasını ön plana çəkdi. Yaradıcılıq-tədris prosesi üçün imkanları çox məhdud olan auditoriyalarda sağlam pedaqoji yaradıcı əhvali-ruhiyyə yaratmaq çətinliyi var idi. Əvvəlcə institutda həm struktur, həm də pozitiv keyfiyyət-kəmiyyət dəyişmələri həyata keçirildi. Əlbəttə, institutun işıqlı perspektivlərindən xəbər verən bu reforma xarakterli proseslər, ilk növbədə, ali təhsil ocağındakı işgüzar mühitlə bağlı idi.

İnstitutun sırf "incəsənət" istiqamətindən əlavə, mədəniyyətin bir çox yeni ixtisasları üzrə mütəxəssislərin hazırlanması bu təhsil ocağının geniş profilliyinə səbəb oldu ki, nəticədə 1990-cı ildə onun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti adlandırılmasını zəruri etdi. Azərbaycan Dövlət Universitetindən sonra bu ada, məhz haqqında danışılan ali məktəb müvəffəq oldu. Lakin onu da xüsusi vurğulamaq lazımdır ki, hər hansı bir yüksək səviyyəyə qalxmaq nə qədər çətin və məsuliyyətlidirsə, sonralar bu səviyyəni qorumaq, inkişaf etdirmək də bir o qədər böyük bacarıq tələb edir.

Universitetdə kino-rejissorluq, televiziya rejissorluğu, xoreoqrafiya, modelyer rəssam, dizayner rəssam, teatr-dekor sənəti, muzeyşünaslıq, kulturologiya, ədəbi iş kimi yeni ixtisaslar üzrə mütəxəssislərin hazırlığına nail olundu. Əvvəllər bu ixtisaslara Moskva, Leninqrad (indiki Sankt-Peterburq), o cümlədən keçmiş SSRİ-nin digər Mədəniyyət və İncəsənət İnstitutlarında yiyələnmək mümkün idisə, indi bunlar Azərbaycanda həyata keçirilir. Bununla yanaşı, Mədəniyyət və İncəsənət Universitetində müxtəlif ixtisaslar üzrə həm də xarici ölkələr üçün mütəxəssislər hazırlanır. Bu ali məktəbin inkişaf tarixində çox mühüm və əlamətdar bir hadisədir və universitetin beynəlxalq inteqrasiya prosesindəki rolunu əhəmiyyətli dərəcədə nəzərə çarpdırır.

Yeni ixtisasların təşkili üçün bu sahəni tədris edən pedaqoq və mütəxəssislərin cəlb edilməsi, onların fəaliyyətinin nizamlanması yeni kafedra və dekanlıqların yaradılması deməkdir. Buna isə universitetin yerləşdiyi binada heç cür imkan yox idi. Məhz ulu öndərin qayğısı universiteti bu çətin durumdan da xilas etdi. Ümumrespublika Gənclərinin I forumunda fasilə zamanı ümummilli lider Heydər Əliyev ali məktəblərin təşkil etdiyi sərgiyə baxışı zamanı Mədəniyyət və İncəsənət Universitetinin rəssam tələbələrinin nümayiş etdirdikləri yaradıcılıq işlərinə yüksək qiymət verərək ali məktəbin vəziyəti ilə də maraqlandı. Bununla da universitetin tələblərinə müvafiq binanın zəruriliyi haqqında edilən xahiş operativ şəkildə həll olundu. Möhkəm, geniş təchizata malik binanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ixtiyarına verilməsi onun inkişaf tarixində mühüm bir hadisəyə çevrildi. Yeni fakültə, kafedra və dekanlıqlar təşkil olundu. Yeni tədris teatrının binası öz fəaliyyətinə başladı. 1970-1980-ci illərdə institut bir inzibati binaya malik olduğu halda, hazırda Mədəniyyət və İncəsənət Universiteti üç inzibati-tədris korpusu və Tədris Teatrına malikdir.

Teatr, kino aktyorluğu, rejissorluğu, teatrşünaslıq kimi ənənəvi ixtisaslardan başqa, son onilliklərdə təşkil olunmuş yeni fakültələrdə müxtəlif istiqamətli mütəxəssislər (kulturoloq, mədəniyyətin meneceri, muzey işi və tarixi-mədəni abidələrin mühafizəsi, prodüser, beynəlxalq mədəni əlaqələr və s.) hazırlanmışdır.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti hazırladığı kadrlara çox böyük qayğıkeşliklə yanaşır. Universitetin pedaqoji personalında gənclər aparıcı yer tuturlar. Bundan əlavə, tədris prosesinə cəlb olunan mədəniyyət və incəsənətin aparıcı nümayəndələrinin - xalq artistlərinin, xalq rəssamlarının, əməkdar incəsənət xadimlərinin, əməkdar artistlərin, tanınmış alimlərin birgə işgüzar fəaliyyəti universitetin tədris prosesini davamlı olaraq canlandırır, təhsilin keyfiyyətinə əhəmiyyətli şəkildə təsir göstərir. Yetişdirdiyi kadrların elmi səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirən rektor bu məsələyə tələbkarlıqla yanaşır. Bu səbəbdəndir ki, universitet kafedraları mütəmadi olaraq pedaqoji heyətin elmi nəşrlərinə, yaradıcılıq işlərinə həsr olunmuş hesabat konfransları təşkil edir. Universitetin alimləri, tədqiqatçıları mədəniyyət və incəsənətin müxtəlif sahələri üzrə maraqlı fikir, mülahizələr ilə məruzə edirlər. Bu işdə universitetin 86.399 kitabdan ibarət olan zəngin kitabxanasının əhəmiyyətli fəaliyyətini də vurğulamaq lazımdır.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin elmi mərkəzinin fəaliyyətini təsdiqləyən başlıca cəhətlərdən biri də namizədlik dissertasiyalarının müdafiəsi məqsədilə ixtisaslaşdırılmış müdafiə şurasına malik olmasıdır. Bu da həmin ali məktəbin tarixində mühüm hadisədir. İxtisaslaşdırılmış Müdafiə Şurasının fəaliyyəti, məsuliyyətli işi universitetin elmi cəhətdən nüfuzunu yüksəldən amillərdəndir. Tədris işində beynəlxalq inteqrasiyaya xüsusi önəm verilir. Həyata keçirilən mühüm reforma tipli tədbirlərdən biri də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xarici ölkə ali məktəbləri ilə əməkdaşlığının formalaşması və inkişaf etdirilməsi faktıdır. Bu sahəyə ən uğurlu addımı respublika tarixində ilk olaraq bu universitetin Avropa İncəsənət Universitetlər Liqasının (ELİA) fəal üzvü olmasıdır. Bu beynəlxalq təşkilatda təmsil olunma Mədəniyyət və İncəsənət Universitetinin Avropa ali məktəbləri ilə beynəlxalq əməkdaşlığı üçün əsaslı şəkildə imkan yaratmışdı. Belə ki, universitet ELİA-nın həyata keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. Mədəniyyət və İncəsənət Universiteti qabaqcıl Avropa ölkələrinin universitetləri ilə çox sıx, qarşılıqlı əlaqələr yaratmışdır. Universitetin qardaş Türkiyə Respublikası ilə də beynəlxalq əməkdaşlığı davamlı və ardıcıl xarakter kəsb edir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, 100-ə yaxın türk gənci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsidir. Universitet həm Türkiyə, həm də Avropanın digər mədəniyyət, incəsənət təmayüllü ali məktəbləri ilə birgə layihələr hazırlayaraq həyata keçirir.

Universitetdə beynəlxalq əməkdaşlıq məsələsinə də xüsusi diqqət yetirilir. Bu istiqamət üzrə Yaponiya, Koreya, Fransa dövlətlərinin bir sıra layihələrində iştirakımızı misal göstərmək olar. Koreyada keçirilən Azərbaycan Mədəniyyəti günlərində universitetin rəssam tələbələrinin əl işlərinin nümayişi koreyalıların marağına səbəb olmuşdur.

2007-ci ildə Fransa səfirliyinin təşəbbüsü ilə universitetdə keçirilən "Frankofomiya günləri" tədbirində bu ölkənin Azərbaycandakı səfirliyinin mədəniyyət işləri üzrə müşaviri İv Bertran iştirak etmişdi. Bu kimi tədbirlər artıq Mədəniyyət və İncəsənət Universitetində ənənəvi xarakter almağa başlayır.

Universitetlə beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindən biri də istər tələbələrin, istərsə də burada çalışan professor-müəllim heyətinin elmi, yaradıcılıq məsələləri üzrə birgə layihələrdə iştirakının təşkil edilməsidir. Universitetdə təhsil alan tələbələrin Almaniyanın DAAD proqramlarında, habelə beynəlxalq festivallarda iştirakı bu qəbildən olan tədbirlərdəndir.

Professor-müəllim heyəti nümayəndələri elm, təhsil və yaradıcılıq sahələrində beynəlxalq konqres, simpozium, konfranslarda da maraqlı məruzələrlə iştirak edirlər.

Beynəlxalq əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün universitet rəhbərliyi bütün mövcud imkanlardan istifadə edir. Hazırda bu sahə üzrə mühüm prioritetlərdən biri Luqansk Dövlət İncəsənət Universiteti, Kazan Dövlət İncəsənət Universiteti, Sankt-Peterburq Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Moskva Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə əməkdaşlıq haqqında memorandum imzalanmasıdır.

Təşəkkül tapdığı vaxtdan bəri bu ali məktəb Azərbaycan mədəniyyətinin inkişafı məqsədilə peşəkar kadrların hazırlanmasına xidmət göstərmişdir. Dövlət müstəqilliyimizin bərpasının 20 ili isə universitetin həyatında mühüm nailiyyət və uğurlarla əlamətdardır. ADMİU-nun tarixi inkişaf mənzərəsini yaradan bu qısa məlumatlardan göründüyü kimi, bu təhsil ocağı özünün kamillik çağını yaşayır. 90 illik yubileyi ərəfəsində olan universitetin ölkəmizə mədəniyyətin, incəsənətin daha da zənginləşdirilməsi sahəsi üzrə yüksək nəticələr verə biləcək perspektivləri var. Müxtəlif tarixi dövrlərin çətinliklərindən fəxarətlə çıxmış, bütün çağlarda ictimai-sosial tələblərə cavab verə bilmiş bu qocaman təhsil ocağının daha böyük uğurlar qazanacağına əminik.

 

 

Maral MANAFOVA,

ADMİU-nun elm və yaradıcılıq

işləri üzrə prorektoru,

pedaqogika üzrə fəlsəfə

doktoru, professor

 

Sədaqət ƏLİYEVA,

Mədəniyyətşünaslıq kafedrasının

müdiri, kulturologiya üzrə fəlsəfə

doktoru, dosent

 

Azərbaycan.- 2011.-3 may.- S. 10.