Azərbaycan xalçaları Litva Prezidenti xanım Dalya Qribauskayteni valeh etmişdir

 

AzərTAc xəbər verir ki, Azərbaycanda rəsmi səfərdə olan Litva Prezidenti xanım Dalya Qribauskayte mayın 3-də "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Sehirli ilmələr" qalereyasında olmuşdur.

Hörmətli qonağa gül dəstəsi təqdim edilmişdir.

Müəssisə ilə tanış olan Litva dövlətinin başçısına məlumat verilmişdir ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyəti, zəngin çeşniləri barədə yazılı məlumatlar vermiş, bütün Şərqdə məşhur olduğunu bildirmişlər. Azərbaycanın xalı və xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. 1996-cı ildən fəaliyyətə başlamış, hazırda 350 nəfərin çalışdığı "Azərilmə"nin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya və Rusiyada keçirilən satış sərgilərində xüsusi mükafatlara layiq görülmüşdür. Müəssisədə iplər ancaq təbii rənglərlə boyanır, eskizlər milli naxış və çeşnilərdən götürülür. İşlədilən bütün xammal yerli məhsullardır.

Bildirilmişdir ki, bölgələrdə də emalatxanaları olan müəssisənin məqsədi Azərbaycan xalça sənətinin ənənələrini inkişaf etdirməkdir. Hazırda "Azərilmə"də çalışan işçilərin arasında rəssamlar, sənətşünaslar, xalçaçılar, boyaqçılar və digər mütəxəssislər vardır.

Vurğulanmışdır ki, "Azərilmə"də toxunan xalçalar beynəlxalq ictimaiyyət tərəfindən də layiqli qiymətini almışdır. "Azərilmə" Avropanın Biznes Assambleyasının "United Europe" və "XXI əsrin liderləri" beynəlxalq imic proqramının "Avropa keyfiyyəti" nüfuzlu mükafatına layiq görülmüşdür.

Litva Prezidenti qalereyanın açıq səma altında nümayiş etdirilən zəngin eksponatlarına da baxdı, xalçaçı qızlarla səmimi söhbət etdi. Dalya Qribauskayte xalçaçı qızların köməyi ilə orijinal kompozisiyalı xalçaya bir neçə ilmə də vurdu və bunun çox çətin, incə peşə olduğunu söylədi.

Litvanın dövlət başçısı xalçaçı qızlara işlərində uğurlar arzuladı.

Dalya Qribauskayte qədim xalçaların nümayiş olunduğu sərgiyə də baxdı. Burada yaşı yüz ildən çox olan xalılar da nümayiş etdirilir. Sərgi qonaqda böyük maraq oyatdı. "Azərbaycan xalçası qalereyası"nda nümayiş olunan "Azərbaycanın tarixi xalçaçılıq məktəbləri" ipək xalı xəritəsi də yüksək bədii tərtibatı ilə qonağı məftun etdi.

Litva Prezidenti qalereyanın xatirə kitabına ürək sözlərini yazdı.

Ali qonağa Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən "Azərbaycan xalçaları bütün məktəbləri ilə" adlı layihəsi çərçivəsində "Azərilmə" MMC-nin rəhbəri Vidadi Muradovun növbəti "Azərbaycan xalçaları. Qarabağ qrupu" kitabı, Şəki ipəyindən kəlağayı və təbii daşlardan hazırlanmış orijinal əl işi hədiyyə olundu.

Azərbaycan xalçaçılıq sənətinə dair söhbət çay süfrəsi arxasında davam etdirildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 4 may.- S. 2.