Avronest Parlament Assambleyası təsis olunmuşdur

 

AzərTAc xəbər verir ki, mayın 3-də Brüsseldə Avronest Parlament Assambleyası təsis edilmişdir. Azərbaycanın da təmsil olunduğu qurumun təsis toplantısına Milli Məclis sədrinin birinci müavini, təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun başçılığı ilə parlament nümayəndə heyəti də qatılmışdır.

Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının parlament formatı olan Avronestin təsis toplantısında Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna, Moldova və Ermənistanın parlament nümayəndə heyətləri iştirak etmişlər.

Toplantını Avropa Parlamentinin sədri Yeji Buzek açaraq bildirmişdir ki, Avronestin yaradılması Avropa İttifaqının qonşuları ilə əməkdaşlığı baxımından çox vacibdir. Qurum "Şərq tərəfdaşlığı" ölkələri ilə əməkdaşlığa təkan verəcəkdir. Avronest çərçivəsində parlamentarilər demokratiya, insan haqları və qanunun aliliyi məsələlərini müzakirə edəcəklər.

Y.Buzek vurğulamışdır ki, Avronest Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflər arasında dialoqun qurulmasına da yardım göstərə bilər.

Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən Z.Əsgərov Avronestin bu istiqamətdə ümidləri doğruldacağına inandığını söyləmişdir. O bildirmişdir ki, müstəqilliyinin 20 illiyini qeyd edən Azərbaycan bu müddətdə bir çox nailiyyətlər əldə etmişdir. Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı əməkdaşlıq mövcuddur. Azərbaycan "Şərq tərəfdaşlığı" proqramının fəal iştirakçısı kimi Avropa İttifaqı ilə assosiativ sazişin imzalanmasına dair apardığı danışıqların uğurla başa çatacağına ümidvardır.

Z.Əsgərov yeni qurum çərçivəsində mövcud münaqişələrə diqqət yetirilməsinin vacibliyini vurğulamışdır: "Azərbaycan hesab edir ki, Avronest münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinə diqqət yetirəcəkdir. Bu məsələ Avropa İttifaqının əsas maraqlarından biri olmalıdır". Milli Məclis sədrinin birinci müavini Avropa Parlamentinin keçən ilin yazında qətnamə qəbul etdiyini və bu sənəddə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə çağırıldığını xatırlatmışdır.

Nümayəndə heyətləri rəhbərlərinin çıxışlarından sonra Avronest Parlament Assambleyasının təsis olunmasına dair akt imzalanmışdır. Doqquz maddədən ibarət aktda Avronestin məqsədi, strukturu, səlahiyyətləri öz əksini tapmışdır.

Parlamentarilər Avronestin fəaliyyətinə dair prosedur mexanizmini səsvermə ilə qəbul etmişlər. Hər ölkənin bir təmsilçisi, Avropa Parlamentindən isə bolqarıstanlı deputat Konstantin Viqenin Avronestin həmsədrləri seçilmişlər.

 

 

Azərbaycan.- 2011.-4 may.- S. 2.