"Azərbaycan gəncliyi İlhamla irəli" adı altında gənclərlə görüş keçirilmişdir

 

Mayın 3-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 88 illiyi və respublikamızın müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə gənclərlə "Azərbaycan gəncliyi İlhamla irəli" adı altında görüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının qərargahında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş və xatirəsini yad etmişlər.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışmış, dahi şəxsiyyətin ölkəmizin müstəqillik tarixində oynadığı mühüm rolu xatırlatmış və ulu öndərin gənclərə həmişə qayğı ilə yanaşdığını bildirmişdir. Demişdir ki, 1993-cü ildə ölkəmizdə hökm sürən hərc-mərcliyə son qoyan Heydər Əliyev Azərbaycanın dünya xəritəsindən silinmə təhlükəsinin qarşısını almışdır. Hazırda xalqımız ulu öndərin anadan olmasının 88 illiyinə hazırlaşır. Sanki hər bir azərbaycanlı onun ruhu qarşısında məsuliyyət daşıyır və ulu öndərin ideyaları ilə yaşayır. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev çağdaş Azərbaycanda gənclər siyasətinə çox böyük əhəmiyyət verir. Həmişə dövlətin qayğısını hiss edən Azərbaycan gəncliyi öz əməlləri və fəaliyyətləri ilə ölkə başçısının siyasətini dəstəkləyirlər.

Sonra "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda film nümayiş olunmuşdur.

YAP-ın sədr müavini - icraçı katib, Milli Məclisin deputatı Əli Əhmədov partiyanın fəaliyyətindən, ölkə gənclərinin bu partiyanın ətrafında sıx birləşməsindən danışmış, Azərbaycan Prezidentinin siyasətinə dəstək verdiklərini vurğulamışdır. Demişdir ki, Azərbaycan vətəndaşlarının ölkə başçısının siyasətinə inamı ölkəmizin inkişafının fundamental əsaslarından biridir. Ölkəmizdə böyük nüfuza və etimada malik olan YAP gənclərə böyük diqqət və qayğı ilə yanaşır. Yarım milyondan çox üzvü olan partiyamızın 40 faizini məhz gənclər təşkil edirlər. Biz onların problemləri ilə maraqlanır və sosial rifahının yaxşılaşdırılması istiqamətində addımlar atırıq. Azərbaycanın gələcəyi gənclərdən asılıdır. Ölkə başçısının ölkə gənclərinin rifahının yaxşılaşdırılması istiqamətində atdığı addımlar təqdirəlayiqdir. Belə ki, Prezident İlham Əliyevin göstərişi ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramının hazırlanması bu diqqətin bariz nümunəsidir. Bu proqramın gənclərin təklif və rəylərinə əsasən hazırlanması onların maraqlarına söykənəcəkdir. Bu gün gənclərimizdə fəallıq hiss olunur. İctimai-siyasi sabitliyi pozmağa cəhd göstərən müxalifət partiyalarına qarşı gənclərimizin etirazı özlüyündə ölkə vətəndaşlarının Heydər Əliyev ideyalarına bağlılığından xəbər verir. Hər bir gənc səhv yolda olan dostunu, tanışını və qohumunu çəkindirməlidir.

YAP Nəsimi rayon gənclər birliyinin üzvləri Züleyxa Şirinova və Qail Qasımov gənclərə dövlət tərəfindən göstərilən qayğıdan, ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan tarixindəki misilsiz xidmətlərindən danışmış və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramının hazırlanmasını yüksək qiymətləndirmişlər.

Nəsimi Rayonu İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev ölkəmizdə baş verən anarxiyaya son qoyaraq Azərbaycanı bəlalardan xilas edən Heydər Əliyevin fəaliyyətindən, ölkə başçısı İlham Əliyevin vətəndaşlar üçün yaratdığı yüksək səviyyədən söz açmış və Azərbaycan gəncliyinin həmişə inkişafda olduğunu vurğulamışdır.

YAP sıralarına yeni daxil olmuş üzvlərə partiya vəsiqələri təqdim olunmuşdur.

 

 

Azərbaycan.- 2011.-4 may.- S. 2.