Akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının ictimai müzakirəsi keçirilmişdir

 

Ağdaş

 

Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının qərargahında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının ictimai müzakirəsi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Rafiq Niftəliyev demişdir ki, tarixi Azərbaycan torpağı olan Zəngəzur mahalının Gorus şəhərində absurd yalanların yer aldığı teatra bənzər məzhəkədə Ermənistan prezidenti Serj Sarkisyanın dilə gətirdiyi "uydurma tədqiqatlar"ı akademik Ramiz Mehdiyev elmi əsaslarla ifşa etmişdir. Ermənistan prezidentinin uydurmalarına ilkin tutarlı cavab məhz "Gorus-2010: absurd teatrı mövsümü" əsəri vasitəsilə verilmişdir. Erməni saxtakarlığının tarixi dəlillərlə əsassız olduğunu sübut edən bu əsər ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdır. Bu tədqiqat əsəri nadir xəritələr və qiymətli mənbələrin yer aldığı kitab şəklində də işıq üzü görmüş, mənfur erməni təbliğatına qarşı olduqca dəyərli və qiymətli bir mənbə rolunu oynamaqla ideoloji mübarizədə daha zəngin faktlara söykənmək üçün kəsərli silaha çevrilmişdir.

Tədbirdə qeyd edilmişdir ki, özlərini dünyaya "məzlum xalq" kimi təqdim edən ermənilər qondarma uydurmaları ilə, türklərə və azərbaycanlılara qarşı törətdikləri kütləvi soyqırımlara və işğal etdikləri ərazilərə hüquqi don geydirməklə dünya ictimaiyyətini çaşdırmağı qarşılarına məqsəd qoymuşlar. Amma onlar istədiklərinə nail ola bilməyəcəklər. Ermənistanın qeyri-konstruktiv mövqeyi erməniləri uçuruma sürükləməkdədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əsas problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınması ilə bağlı mövqeyini bildirərkən qeyd etmişdir ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç bir zaman imkan verməyəcəkdir. Dövlətimizin başçısının prinsipial və dəyişməz mövqeyinin beynəlxalq təşkilatlar tərəfindən nəzərə alınması və bunun onların qərar və qətnamələrində əksini tapması Azərbaycanın haqq səsinin bütün dünyada anlaşıqlıqla qarşılandığını göstərir.

Çıxış edənlər bildirmişlər ki, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı məkrli erməni yalanlarına qarşı mübarizədə dəyərli elmi vəsait kimi ictimai-humanitar yönümlü fənlərin tədrisində də geniş istifadə edilməlidir. Rayon fəalları Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümü ərəfəsində yaranan belə əsərin ermənilərin qanlı cinayətlərinin və hiyləgərliklərinin bütün dünyada ifşa olunmasında qiymətli mənbə olduğunu qeyd etmiş, müstəqilliyimizin qorunmasında daha ayıq-sayıq olmağın, dövlət başçısı İlham Əliyevin apardığı siyasəti dəstəkləməklə, onun ətrafında daha sıx birləşməyin vacibliyini vurğulamışlar.

 

Cəlilabad

 

Cəlilabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayondakı Heydər Əliyev Muzeyində Azərbaycan Respublikası Prezdenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsi keçirilmişdir. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, KİV təmsilçiləri, mədəniyyət işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov təqdimat mərasimində giriş sözü ilə çıxış edərək demişdir ki, akademik Ramiz Mehdiyevin bu kitabı Azərbaycan tarixşünaslıq elminə böyük töhfədir. "Gorus-2010: absurd teatrı mövsümü" kitabında tarixi faktlar dərindən araşdırılmış, ermənilərin qondarma iddiaları tutarlı sübutlarla alt-üst edilmiş, real vəziyyət səriştəli şəkildə şərh olunmuşdur.

Tədbirdə Cəlilabad rayon mərkəzləşdirmiş kitabxana sisteminin direktoru Cahangir Muradov geniş məruzə ilə çıxış edərək kitabı təhlil etmiş, Gorus şəhərində erməni diasporundan olan xarici jurnalistləri başına toplayaraq onlara sərsəm, absurd mühazirə oxuyan prezident Serj Sarkisyana tutarlı faktlarla, elmi dəlillərlə cavab verən bu dəyərli əsərin misilsiz əhəmiyyətindən danışmışdır. Məruzəçi bildirmişdir ki, tarixi reallığı əks etdirən bu kitab ictimaiyyət arasında, xüsusi təhsil müəssisələrində geniş müzakirə olunmalıdır.

Tədbirdə belə bir yekdil fikir səslənmişdir ki, akademik Ramiz Mehdiyevin kitabında şərh olunan müddəalar, alınan praktiki nəticələr çox dəyərlidir. Kitabdakı hər bir müddəa dərindən öyrənilməli və geniş təbliğ olunmalıdır.

Tədbir iştirakçıları Heydər Əliyev Muzeyində ulu öndərin həyatını və çoxşaxəli fəaliyyətini əks etdirən eksponatlarla da tanış olmuşlar.

 

 

Telman NƏZƏRLİ,

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2011.-4 may.- S. 3.