Müasir Azərbaycan Heydər Əliyev
ideyaları ilə uğurlu inkişaf yolundadır
Cənubi Qafqaz regionunun lider dövləti olan, ildən-ilə Avropanın enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli tərəfdaşa çevrilən və dünya miqyasında nüfuzu artan Azərbaycanın əldə etdiyi inkişaf trayektoriyası istər dünya ölkələri, istərsə də beynəlxalq təşkilatlar tərəfindən xüsusi olaraq vurğulanır. Bir neçə il öncə başlayan qlobal maliyyə böhranının fonunda ölkəmizdə müşahidə olunan dayanıqlı iqtisadi inkişaf Azərbaycanda həyata keçirilən uğurlu daxili iqtisadi-sosial siyasətin bəhrəsi sayıla bilər. Bu, ölkəmizin inkişafının əsas təməl prinsipini özündə əks etdirən ulu öndər Heydər Əliyevin siyasi kursunun Azərbaycanda paralel olaraq bütün sahələr üzrə inkişafını təmin etməsini əsaslandıran amildir.
Dayanıqlı iqtisadi siyasət, habelə müstəqil və tarazlı şəkildə həyata keçirilən xarici siyasət kursu Azərbaycan dövlətinin hər bir müstəvidə - istər daxili sabitliyin, inkişafın təminatında, istərsə də beynəlxalq dayaqların möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan sferalarda qısa zaman kəsiyində iqtisadi, mədəni, sosial və hərbi-siyasi sahədə qazanılan uğurlar ilk növbədə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Xüsusi olaraq vurğulanmalıdır ki, sadalanan nailiyyətlərin əldə olunması, müasir Azərbaycanın ərsəyə gəlməsi, müstəqilliyimizin qorunub saxlanılması, dövlətçiliyimizin inkişafı ulu öndərin ideyaları əsasında hazırlanan, dövlətimizin milli maraqlarına söykənən düzgün dövlət quruculuğu kursunun nəticəsidir.
Əldə olunan iqtisadi uğurların əsası hələ ulu öndər Heydər Əliyevin Sovet İttifaqı zamanında Azərbaycana rəhbərliyi dövründə qoyulmuşdu. Həmin dövrdə keçmiş İttifaq ərazisində aqrar ölkə kimi tanınan Azərbaycanın sənaye mərkəzinə çevrilməsi, qısa zaman kəsiyində ölkəmizdə mühüm sənaye komplekslərinin fəaliyyətə başlaması, respublikamızda həyata keçirilən əhəmiyyətli iqtisadi-siyasi layihələr bunu deməyə əsas verir.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında yeni eranın təməli qoyuldu. 1990-cı illərin əvvəlində, gərgin bir zamanda yalnız nominal şəkildə özünü müstəqil aparmağı bacaran, reallıqda isə böyük dövlətlərin geosiyasi maraqlarının toqquşduğu bir müstəvidə de-fakto suverenlik hüquqlarından məhrum olan Azərbaycanın bugünkü müstəqil, müasir və qüdrətli dövlətə çevrilməsi prosesi dövlətçilik tariximizin qızıl hərflərlə yazılan səhifələri sayıla bilər. Məhz belə bir çətin durumda, Azərbaycanın müstəqilliyini itirmə astanasında, torpaqlarımızın xarici və daxili separatçıların və naqislərin fəaliyyəti nəticəsində bölünməsi təhlükəsi yarananda ulu öndər Heydər Əliyev Azərbaycanın suverenliyinin qarantına çevrildi, dövlətimizi qorudu və uçurumdan xilas etdi. Bu çətin prosesin bütün ağırlığı, məsuliyyəti ulu öndər Heydər Əliyevin, şərəfi və bəhrəsi isə bütün Azərbaycan xalqının payına düşdü. Azərbaycanın dövlət müstəqilliyini xilas etməklə yanaşı, ölkəmizi vahid ideologiya - azərbaycançılıq ideologiyası ətrafında birləşdirməyi bacaran ulu öndər Heydər Əliyev Azərbaycanda müasir dövlətçilik fəlsəfəsinin də əsasını qoydu. Bu, vahid, bölünməz və qüdrətli Azərbaycan dövlətinin əsasının qoyulduğu gün idi. Ulu öndər Heydər Əliyev xalqımızın keçmişini, öz milli dəyərlərinə bağlılığını çox yüksək qimətləndirirdi. Odur ki, öz milli kimliyimizin əldə olunması, tariximizin özümüzə qaytarılması istiqamətində mühüm addımlar atıldı.
Hər zaman istər dini, istərsə də etnik tolerantlığı ilə seçilən ölkəmizdə vahid Azərbaycan xalqının formalaşması gerçəkliyi məhz azərbaycançılıq ideyasına əsaslanır. Ulu öndər Heydər Əliyevin "Mən fəxr edirəm ki, azərbaycanlıyam" kəlamı ölkəmizdə yaşayan bütün xalqların vahid bir ideya, vahid bir gələcək, vahid bir dövlət ətrafında birləşməsi, bu uğurda mübarizəsini daha yüksək səviyyədə inkişaf etdirməsi üçün bir stimula çevrildi. Bu, həm də yüzilliklər ərzində formalaşan dini baxışların daha yüksək səviyyəyə qaldırılmasına yol açırdı. Həqiqətən də, bu gün tolerantlıqda nümunəyə çevrilən müasir Azərbaycan modeli bütün dünya ölkələri tərəfindən maraqla tədqiq olunur. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ölkə Konstitusiyasında dinindən, irqindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında eyni məsuliyyətə malik olduğu təsdiq edilib. Bu isə həm də Azərbaycanda müasir dünyəvi ölkənin qurulmasını, demokratik prinsiplərə əsaslanan dövlətçilik kursunun inkişaf etdirilməsini sübut edən mühüm amildir. Digər tərəfdən, ölkə vətəndaşlarına Konstitusiya ilə vicdan azadlığının tanınması Azərbaycanda dini konfessiyalara qarşı dözümlülüyün sübutudur. Ümumiyyətlə, bu gün Azərbaycanın bir çox ən qədim demokratiya ənənələrinə malik olan dövlətlərə belə dini-etnik tolerantlıq baxımından nümunə göstərilməsi gerçəkliyinin kökündə məhz Heydər Əliyevin təməlini qoyduğu bu ideyalar dayanır.
Azərbaycanın coğrafi baxımdan qərarlaşdığı məkanın Şərqlə Qərbin qovşağı olması ölkəmizdə mədəniyyətlərarası dialoqun yaranmasını zəruri edir. Ümummilli liderimiz hər zaman Azərbaycanın istər Şərq, istərsə də Qərb mədəniyyətinə və dəyərlərinə inteqrasiyasının zəruriliyini gündəmə gətirirdi. Bu proses isə birtərəfli deyil, qarşılıqlı yararlanma prinsipinə söykənir. Yəni Azərbaycan bu gün iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla Şərq və Qərb yarımkürələrində öz nüfuzunu gücləndirməkdədir. Bu ideya əsası ulu öndər tərəfindən qoyulan xarici siyasət kursumuzda da kifayət qədər özünü əks etdirir. Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, GUAM və bu kimi mötəbər təşkilatların tamhüquqlu üzvüdür. Ölkəmiz Avropa Birliyinin həyata keçirdiyi "Şərq tərəfdaşlığı" layihəsi çərçivəsində Avropaya inteqrasiya prosesinin önündə addımlayır. Sözsüz ki, bu uğurlar ilk növbədə Heydər Əliyevin xarici siyasət sahəsində apardığı islahatların və onun siyasi varisi olan ölkə Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə göstərdiyi titanik fəaliyyətin nəticəsidir. Çox da uzaq olmayan tarix sübut edir ki, xaotik və birtərəfli şəkildə istiqamətlənmiş xarici siyasət kursu dünyada və regionda aparıcı rol oynayan dövlətlərin qısqanclığına səbəb olur və Cənubi Qafqaz kimi həssas bir regionda dövlətlərin qütbləşmə oyununa sürüklənməsinə yol aça bilər. Müstəqilliyinin ilk illərindən biz Azərbaycanın belə problemlərlə üz-üzə qaldığının şahidiyik. O dövrkü rəhbərlərin tutduğu bu yolun ölkəni hansı təhlükələrlə üz-üzə qoyduğu heç kimə sirr deyil. Məhz Heydər Əliyev tərəfindən yürüdülən və əsası qoyulan balanslaşdırılmış və şaxələndirilmiş xarici siyasət kursuna önəm verilməsi bu təhlükələri aradan qaldırdı. İlk növbədə Rusiya və İran kimi dövlətlərlə münasibətlər tənzimləndi. Azərbaycanın postsovet məkanında yaradılan Müstəqil Dövlətlər Birliyinə daxil olması Rusiyanın ölkəmizə qarşı qısqanc mövqeyini neytrallaşdırdı. Bu addımla ulu öndər Heydər Əliyev Azərbaycanın çoxəsrlik şimal qonşusuna qarşılıqlı faydalanma prinsipinə söykənən münasibətlər təklif etdiyini göstərdi. Bakı-Tehran münasibətləri yeni keyfiyyət müstəvisinə keçirildi. Qardaş Türkiyə ilə münasibətlər daha da möhkəmləndirildi. Ankara Heydər Əliyev kimi dühanın simasında beynəlxalq arenada daha önəmli, daha çevik və daha tutarlı siyasət aparmaq üçün güclü müttəfiq qazandı. Heydər Əliyevin xarici siyasət kursu Mərkəzi Asiya dövlətləri ilə münasibətlərdə önəmli dönüş yaratdı. Dünənə qədər Azərbaycanda, o cümlədən, Azərbaycanla bağlı baş verən hadisələrə biganə yanaşan ölkələr artıq xalqımızın haqq işində Bakının etibarlı müttəfiqinə çevrildilər. Bununla bərabər, Azərbaycan türkdilli dövlətlər arasındakı münasibətlərin kəsişdiyi və təmərküzləşdiyi məkan rolunu oynamağa başladı.
Lakin Heydər Əliyevin xarici siyasət kursu yalnız regional dövlətlərlə qarşılıqlı əlaqələrin möhkəmlənməsini nəzərdə tutmurdu. Qərbin və ümumiyyətlə dünyanın aparıcı dövlətləri ilə münasibətlər yalnız beynəlxalq və regional qurumlar çərçivəsində deyil, habelə ikitərəfli sazişlər müstəvisində genişləndirilməyə başladı. İnteqrasiya strategiyası bu dövlətlərdə mövcud olan tarixi ənənələrdən yararlanaraq Azərbaycanda milli çalarlara malik olan, modernləşmə, müasirlik, novatorluq və yenilənmə prinsiplərinə söykənən cəmiyyətin yaradılmasına istiqamətləndi. Müasir dövrün tələblərinə cavab verən Konstitusiyanın və seçki qanununun qəbul edilməsi deyilənlərə əyani sübutdur.
Heydər Əliyevin hakimiyyətə qayıdışının ilk günlərində dövlət quruculuğu, demokratik institutların təşəkkül taparaq inkişaf etdirilməsi siyasət, sosial-iqtisadi, təhsil, mədəniyyət, səhiyyə, infrastruktur sahələrində önəmli islahatların keçirilməsinə start verildi. Şəksizdir ki, başlanılan islahatların uğurla həyata keçirilməsi üçün ilk növbədə Azərbaycanın iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilməsi tələb olunurdu. Çünki bu gün beynəlxalq münasibətlər sistemində siyasətin formalaşdırılmasının əsasında iqtisadi amillər dayanır. Yəni dövlətlərarası münasibətlərin inkişafında iqtisadi əlaqələrin varlığı olduqca mühüm rola malikdir. Əvvəlki hakimiyyətlərin anlaşılmaz, bir çox hallarda isə qərəzli və şəxsi mənfəət çərçivəsində yürütdüyü iqtisadi siyasət isə Azərbaycanı kataklizmlər uçurumuna yuvarlayıb, hiperinflyasiyanın tüğyan etməsinə, dövlət borclarının az qala ümumi daxili məhsulun həcmi səviyyəsinə qalxmasına, beləliklə də ölkənin müstəmləkə halına düşə biləcəyinə gətirib çıxarmışdı. Digər tərəfdən, Azərbaycanda daxili qeyri-sabit siyasi vəziyyət ölkəmizə xarici investisiyanın gəlişinin qarşısını alırdı. Hakimiyyət daxilindəki xaotik mənzərə ölkənin iqtisadi-siyasi durumuna da təsir edirdi. Heydər Əliyevin gündəmə gətirdiyi iqtisadi siyasət bu neqativ halların qarşısına etibarlı sipər çəkdi, qərəzli və kortəbii siyasət nəticəsində Azərbaycanın sərvətinin müxtəlif çeşidli fırıldaqçı xarici ünsürlərə "peşkəş" edilməsi prosesinə birdəfəlik xitam verildi.
Eyni zamanda, Azərbaycan iqtisadiyyatında əhəmiyyətli çəkiyə malik olan energetika sektoruna dünyanın ən aparıcı, ən nüfuzlu və sanballı şirkətləri cəlb edilməyə başladı ki, bu siyasətin təməlində Heydər Əliyevin yeni neft strategiyası dururdu. Belə ki, dərin iqtisadi tənəzzül prosesi yaşayan Azərbaycan üçün ilk növbədə dünya miqyasında daha cəlbedici olan neft sektoruna xarici sərmayələrin yatırılması prioritet vəzifə kimi qarşıya qoyuldu. Çünki ilkin mərhələdə yalnız bu yolla Azərbaycan iqtisadiyyatını tənəzzüldən xilas etmək və ölkənin həm daxili potensial imkanlarını, həm də xarici kapitalı Qərblə ayaqlaşa biləcək müasir bir dövlətin formalaşmasına yönəltmək mümkün idi. Beynəlxalq aləmdə dünya siyasətinin ən görkəmli xadimlərindən biri sayılan Heydər Əliyevin verdiyi zəmanət kifayət etdi ki, ABŞ, Böyük Britaniya, Norveç, Rusiya, Yaponiya və digər aparıcı dövlətlərin ən sanballı şirkətləri Azərbaycanın neft-qaz sektoruna sərmayə yatırsınlar. Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin çəkilməsiylə start götürən yeni neft strategiyasının uğurları sonradan Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi digər transmilli layihələrin inşasına yol açdı. Bu isə Ermənistanın təcavüzü nəticəsində işğal olunan Dağlıq Qarabağın və digər rayonlarımızın azad edilməsi istiqamətində aparılan siyasətin daha yüksək səviyyədə dəstəklənməsinə gətirib çıxardı.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən daha da modernləşdirilir, müasir beynəlxalq münasibətlər sisteminə uyğunlaşdırılır və inkişaf etdirilir. İstər daxili, istərsə də xarici arealda sabit, milli maraqlara söykənən, problemlərin həllinə istiqamətlənən, vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsini özündə əks etdirən və ən əsası münasibətlərin və əlaqələrin normal tərəfdaşlıq çərçivəsində inkişafına nail olan siyasətin yürüdülməsi ölkəmizin bütün mənalarda yüksək nailiyyətlərə imza atmasına şərait yaradıb. Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən xarici siyasət kursu Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz bölgəsində lider, Avropa və digər qitələr üçünsə kifayət qədər ciddi partnyor kimi qəbul edilməsinə yol açıb. Azərbaycan bu gün də dünya dövlətləri ilə açıq və ikitərəfli münasibətlərin inkişafını özündə ehtiva edən xarici siyasət kursu yürüdür. Azərbaycan hakimiyyətinin ortaya qoyduğu bu məramın aydın və səmimi olması nəticə etibarı ilə dünya tərəfindən təqdir edilir. Məsələlərə yalnız beynəlxalq hüquq və milli maraqlar çərçivəsindən baxma prinsipi Azərbaycanın həm Qərb, həm də Şərq ölkələri ilə eyni dərəcəli münasibətlər qurmasına imkan verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman ölkəmizin bu prinsiplərə sadiq qalacağını xüsusi olaraq vurğulayır. Bu məsələlərə toxunan dövlət başçısı bildirmişdir: "Azərbaycan beynəlxalq arenada özünə layiq yerini tuta bilmişdir. Xarici tərəfdaşlarımızın, dostlarımızın sayı gündən-günə artır. Azərbaycan çox gözəl beynəlxalq imicə malikdir. Bizim bütün xarici siyasətimiz bir məqsədi güdür ki, Azərbaycanın milli maraqları maksimum dərəcədə təmin olunsun, Azərbaycan dövləti güclənsin və Azərbaycan xalqı daha da yaxşı yaşasın".
Birmənalı şəkildə vurğulamaq lazımdır ki, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət kursunun milli mənafeyə əsaslanması uzun illər erməni yalanlarının, şər, böhtan dolu təbliğatın qarşısında iradə nümayiş etdirən ölkəmizin haqq səsinin dünyaya daha aydın çatdırılmasında müstəsna rola malikdir. Dünya ictimaiyyəti Azərbaycanın ədalətin və həqiqətin bərpası uğrunda mübarizə apardığını anlayır. Şübhəsiz, bütün bu dövr ərzində aparılan məqsədyönlü xarici siyasət Azərbaycanın dünya miqyasında mövqelərinin həddindən artıq möhkəmləndirilməsində başlıca rol oynayıb. Bunun nəticəsində də Azərbaycan dünyanın aparıcı dövlətlərinin yaxın tərəfdaşına çevrilib, ölkəmiz artıq Avropanın əsas enerji mənbələrindən birinə çevrilib. Azərbaycanın dünya miqyasında yaxın tərəfdaş kimi qəbul olunmasında ən mühüm şərt ölkəmizin əldə etdiyi iqtisadi inkişaf, potensial və siyasi sabitlikdir. Bundan başqa, ölkəmizin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasında mühüm strateji mövqeyə malik olması, dünyanın enerji təhlükəsizliyində oynadığı rol hətta böyük ölkələri də Azərbaycana qarşı münasibətdə diqqətli mövqe tutmağa sövq edir. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman ölkəmizin hətta kökündə iqtisadiyyat dayanan məsələlərə belə öz milli maraqları müstəvisindən yanaşdığını bildirmişdir.
Heydər Əliyevin ideyalarına söykənən xarici siyasət Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən hadisələrdə də öz bəhrəsini verməkdə davam edir. Azərbaycanın dünya miqyasında getdikcə artan siyasi və iqtisadi nüfuzu, beynəlxalq aləmdə baş verən proseslərə təsir imkanları hazırda bu problemin həllinə yeni, ədalətli baxışın formalaşmasını şərtləndirir. Təsadüfi deyil ki, həm BMT çərçivəsində, həm də ATƏT məkanında Azərbaycanın haqq səsinə dəstək verən ölkələrin sayı gündən-günə artmaqdadır. Bu, həm də iqtisadi və siyasi tənəzzüldən xilas ola bilməyən Ermənistanla müqayisədə bəşəriyyətə müasir və mütərəqqi siyasi düsturlar təklif edən Azərbaycan dövlətinə olan xoş münasibətin təzahürüdür.
Dünyada ən güclü hərbi blok sayılan NATO standartlarına uyğun müasir ordunun formalaşdırılması, onun ən yüksək texniki və hərbi avadanlıqla təchiz olunması da ölkə rəhbərliyi tərəfindən davamlı olaraq həyata keçirilən siyasi kursun təzahürüdür. Heç də təsadüfi deyil ki, dövlət müstəqilliyimizə təhlükə yarada biləcək istənilən maneəni dəf etməyə qadir olan qüdrətli Azərbaycan ordusu məhz vaxtilə ölməz Heydər Əliyevin dahi uzaqgörənliklə araya-ərsəyə gətirdiyi hərbi məktəblərin və müəssisələrin imkanlarından səmərəli şəkildə bəhrələnməkdədir. Əlbəttə, məmnunluq yaradan faktdır ki, BMT-nin sülhməramlı qüvvələrinin tərkibində bir çox münaqişə bölgələrində - Kosovoda, İraqda, Əfqanıstanda əsgər və zabitlərimizin döyüş hazırlığı təşkilatın rəhbərliyi tərəfindən dəfələrlə nümunə göstərilib.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, bütün bu uğurlar eyni zamanda möhkəm ideoloji təmələ bağlı olub zərgər dəqiqliyi ilə ölçülmüş düzgün siyasi kurs üzərində bərqərar olmuşdur. Daim öz xalqının dəstəyinə arxalanan ulu öndər Heydər Əliyevin banisi və lideri olduğu Yeni Azərbaycan Partiyası bu gün ümummilli liderin ideyalarını daşıyan və dönmədən həyata keçirən ən güclü siyasi qüvvə kimi formalaşmışdır. Elə bu baxımdan da Heydər Əliyevin ideyalarına sadiq və hazırda respublikada hakim siyasi lider olan Yeni Azərbaycan Partiyasının rolu və intellektual potensialı gündən-günə artmaqdadır və bütün bunlar ilk növbədə ölkəmizin dünyanın inkişaf etmiş qabaqcıl dövlətləri sırasına çıxarılması üçün səfərbər olunub. Yarım milyondan artıq üzvü olan və ümumxalq partiyası sayılan YAP hər zaman xalqımızın əsas istinad nöqtəsinə çevrilməyi bacarıb. Ölkəmizdə keçirilən seçkilər bunu bir daha sübuta yetirib. Bu yaxınlarda Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi iştirak etdiyim ATƏT Parlament Assambleyasının qış sessiyasında qurumun ən yüksək çinli rəhbərlərinin dilindən ölkəmizdə keçirilmiş 2010-cu il parlament seçkilərinin müasir dünya standartlarına tam uyğun gəldiyi və Azərbaycanda demokratikləşmə prosesinə böyük bir təkan verdiyi barədə səslənmiş rəylər, düşünürəm ki, məhz bu həqiqəti ortaya qoyur.
İnkar etmək mümkün deyil ki, Azərbaycan xalqının rifahının yüksəldilməsinə, daxili sabitliyin qorunmasına və cəmiyyətin bütün sahələrində enerji, nəqliyyat, turizm, təhsil, səhiyyə və digər sahələrdə önəmli layihələrin həyata keçirilməsinə istiqamətlənmiş siyasət Heydər Əliyev ideyalarının tərkib hissəsidir. Bütün bu işlərdə ulu öndərin adını daşıyan fondun fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda hər il yüzlərlə yeni-yeni müasir tipli bağçaların, məktəblərin, səhiyyə ocaqlarının inşası və ya əsaslı təmiri məhz Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilir. Azərbaycanın millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bir tərəfdən Azərbaycan həqiqətlərini beynəlxalq arenada təbliğ edir, Heydər Əliyev irsinin öyrənilməsi sahəsində önəmli layihələr həyata keçirir, digər tərəfdən isə çoxşaxəli fəaliyyəti ilə Azərbaycanda modern cəmiyyətin qurulmasına öz dəyərli töhfəsini verir.
Beləliklə, düşünürəm ki, Heydər
Əliyev ideyalarına söykənən xarici siyasət kursu
Azərbaycanın daha təkmil bir dövlət kimi yeni və
qüdrətli imicini və nüfuzunu formalaşdırmaqla
yanaşı həm milli-mənəvi dəyərləri, həm
də müasirliyi özündə əks etdirən
üçrəngli Azərbaycan bayrağının daha uca
zirvələrdə dalğalanacağına əminlik yaradan
başlıca amildir.
Bahar MURADOVA,
Milli Məclis Sədrinin müavini,
Azərbaycan.- 2011.-4 may.- S. 4.