Müqəddəs missiya
Qədim və kəşməkəşli tarixə malik Azərbaycan xalqı əsrlər boyu öz müstəqilliyi və dövlətçiliyi uğrunda mübarizə aparıb. Zəngin təbii sərvətlərinə, əlverişli geosiyasi mövqeyinə görə vətənimiz daim güclü dövlətlərin təzyiqlərinə, hərbi təcavüzünə məruz qalıb. Bununla belə, xalqımız öz mövcudluğunu qoruyub saxlaya bilib, ən qüdrətli düşmən ordularına qarşı mübarizədə hünər, qəhrəmanlıq nümunələri göstərib. Cavanşir, Babək, Şah İsmayıl Xətai kimi sərkərdə və dövlət xadimləri Azərbaycanın dövlətçilik tarixinin bütöv bir salnaməsini yaradıblar. Bu şəxsiyyətlərin şanlı ömür və fəaliyyət yolu xalqımızın vətənpərvərlik hisslərini gücləndirib, müstəqillik və dövlətçilik təcrübəsini zənginləşdirib, həyatımızın ən vacib, ən ümdə məqsədinə çevirib. Onların yaratdığı dövlətçilik ənənələri yüzilliklər boyu, o cümlədən XX əsr ərzində uğurla davam və inkişaf etdirilib. Ötən əsrin II yarısında bu müqəddəs missiyanı ümummilli liderimiz Heydər Əliyev həyata keçirib.
Bütün
müqəddəs missiya daşıyıcılarında olduğu
kimi Heydər Əliyev şəxsiyyətində, fəaliyyətində
də üçlü məna əks olunur. Birincisini hamı görür, təqdir
edir, buna görə də xalq öz liderini sevir. İkincisini
xalqın ziyalıları görür, Heydər Əliyev siyasətinin
dərinliklərini, əsl mahiyyətini öyrənir və təbliğ
edir. Üçüncü mənanın isə zamana
ehtiyacı var - bu nadir şəxsiyyətin gələcəyə
ünvanlanan layihələrinin ümummilli dəyəri və
misilsiz mahiyyəti zamanı gələndə aydın olacaq.
Bu gün bizə aydın olan birinci iki mənanı əsas
götürərək Heydər Əliyev şəxsiyyəti
ilə Azərbaycanın müstəqilliyi və dövlətçiliyi
arasındakı üzvi əlaqəni hazırkı zaman kəsiyinin
imkan verdiyi dərəcədə aydınlaşdırmağa
çalışacağıq. Fikrimizcə, bu əlaqənin
dialektikasına varmaq üçün Azərbaycan
Respublikasının XX əsrdə inkişaf yoluna nəzər
yetirmək yerinə düşərdi.
XX əsrdə iki dəfə
- əsrin əvvəllərində Rusiya imperiyasının
çökməsi və əsrin sonlarında Sovet
İttifaqının süqut etməsi nəticəsində Azərbaycan
müstəqillik qazanıb. Amma 1918-ci ildə
yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə
bolşevik Rusiyasının təcavüzü nəticəsində
öz müstəqilliyini itirdi, Sovet İttifaqının
muxtar qurumlarından birinə - Azərbaycan Sovet
Respublikasına çevrildi. Biz bunları yaradan daxili və
xarici səbəblərdən, bu iki ildə baş verən
parlament çaxnaşmalarından, bir neçə hökumət
dəyişməsindən danışmaq istəmirik (bunlar bir
ayrı yazının mövzusudur). Sadəcə olaraq, demək
istəyirik ki, müstəqilliyi qorumaq, saxlamaq onu qazanmaqdan
qat-qat çətindir. Müstəqilliyi qorumaq, dövlətçiliyi
yaşatmaq üçün xalq müstəqilliyə hazır
olmalı, millət kimi formalaşmalı və milli liderini
yetişdirməlidir.
Sovet dövründə
xalqımız müstəqilliyini müvəqqəti olaraq
itirsə də, əbədi olaraq ümummilli liderini
qazandı. 1969-cu ildə Azərbaycan rəhbərliyinə
böyük iradəyə, güclü intellektə malik, ən
başlıcası isə milli maraqlara sadiq şəxsiyyət
- Heydər Əliyev gəldi. Onun respublika rəhbərliyinə
gəlişi ilə müasir Azərbaycan tarixində,
sözün əsl mənasında, yeni bir dövr
başlandı. Hazırda müstəqil Azərbaycanın
bütün əhəmiyyətli sənaye və istehsal sahələri,
elm və mədəniyyət mərkəzləri Heydər Əliyevin
adı ilə bağlıdır. Onların bir çoxunun əsası
ümummilli liderin birinci rəhbərliyi dövründə
qoyulub. İqtisadiyyatı bazis, təhsili, elmi, mədəniyyəti
üstqurum hesab edənlər haqlıdır, ölkənin
inkişaf etməsi, irəli getməsi iqtisadiyyat sahəsində
qazanılan uğurlardan asılıdır. Heydər Əliyev
də öz fəaliyyətində bu tezisi rəhbər
tuturdu, xalqın, dövlətin gələcəyinin
bugünün iqtisadiyyatından asılı olduğunu
böyük zəka sahibi kimi çox gözəl
görür, hiss edirdi. Odur ki, respublika iqtisadiyyatının
inkişaf etdirilməsini öz siyasətinin əsas prioritetlərindən
biri hesab edirdi. Bu zaman söhbət iqtisadiyyatın köhnə
baza, potensial üzərində inkişafından getmirdi, bu
yolla sürətli inkişafı təmin etmək çətin
idi. Heydər Əliyev bu potensialı genişləndirmək,
Azərbaycanın iqtisadiyyatını daha böyük,
müasir baza üzərində qurmaq, tamamilə yeni mərhələyə
çıxarmaq niyyətində idi. Bu, Heydər Əliyevin
iqtisadi proqramının əsasını təşkil edirdi.
Həmin dövrdə Azərbaycanda iqtisadiyyatın
bütün istiqamətlərində - neft-qaz sahəsində,
ağır, yüngül sənayedə, kənd təsərrüfatında
köklü struktur və keyfiyyət dəyişiklikləri
baş vermişdi, tərəqqinin və yüksəlişin
təməli qoyulmuşdu. Bakıda, Gəncədə,
Sumqayıtda yeni yaşayış massivləri salınır,
bölgələrdə isə yeni qəsəbələrin, kəndlərin
əsası qoyulurdu. İqtisadi inkişafla paralel olaraq
insanların sosial rifahı da yaxşılaşırdı. Tərəqqi
yolunda maneə olan neqativ hallara qarşı mübarizə
sistemli şəkil almışdı. Sovet İttifaqında
ilk olaraq, Heydər Əliyevin təşəbbüsü ilə
Azərbaycanda korrupsiya və rüşvətxorluğa
qarşı sözün əsl mənasında müharibə
elan olunmuşdu.
Beləliklə, Heydər Əliyevin
Azərbaycana birinci rəhbərliyi dövrü yüksək
inkişaf və tərəqqi ilə əlamətdar
olmuşdur. 1969-cu ildə o, rəhbərliyə gələndə
Azərbaycan SSR-i ən geridə qalmış, xammal
respublikalarından biri idi. 1982-ci ildə Heydər Əliyev
Moskvaya, yüksək dövlət vəzifəsinə gedəndə
isə Azərbaycan ittifaqın inkişaf etmiş,
özü-özünü dolandırmaq səviyyəsinə
yüksəlmiş iki respublikasından birinə
çevrilmişdi. 1969-1982-ci illər ərzində respublikada
milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye
istehsalı (həmçinin əmək məhsuldarlığı)
2 dəfə, kənd təsərrüfatı məhsulları
istehsalı 2,7 dəfə, xalq istehlak mallarının
istehsalı isə 3 dəfə artmışdı. Azərbaycanda
çox güclü iqtisadi, elmi-texniki potensial
yaradılmışdı və müstəqillik əldə
olunduqdan sonra Azərbaycan dövləti məhz bu
potensialın üzərində quruldu.
Azərbaycanda müşahidə
olunan tərəqqi meyilləri ictimai-sosial həyatın
bütün sahələrinə - elmə, təhsilə, səhiyyəyə,
mədəniyyətə də sirayət edirdi. Heydər Əliyev
müdrik rəhbər kimi yalnız bugünkü nailiyyətlərlə
kifayətlənmirdi, onun möhtəşəm fəaliyyəti
həm də gələcəyə
ünvanlanmışdı. Gələcəyi isə gənclər
qurmalı idi. Odur ki, Azərbaycanın iqtisadi inkişafı,
sosial rifahı ilə bərabər, azərbaycanlı gənclərin
yüksək səviyyədə təhsil alması, savadlı
olması, yaxşı mütəxəssis kimi yetişməsi
də ümummilli liderin diqqət mərkəzində idi. Onun
təşəbbüsü ilə Azərbaycanda onlarla yeni ali
və orta təhsil ocaqları yaradılırdı, təhsilin
maddi bazasının inkişaf etdirilməsi, təhsil müəssisələrinin
tikintisi sahəsində xüsusi proqramlar həyata
keçirilirdi. Respublikada yüksək ixtisaslı mütəxəssislərin
hazırlanması sahəsində də yeni proqram mövcud
idi. Bu proqrama uyğun olaraq, ilk illərdə yüzlərlə,
sonra isə minlərlə azərbaycanlı gənc Sovet
İttifaqının qabaqcıl ali təhsil müəssisələrinə
göndərilmiş və burada Azərbaycan üçün
zəruri olan ixtisaslara yiyələnərək yüksək səviyyəli
mütəxəssis kimi Vətənə
qayıtmışdı. Heydər Əliyev Azərbaycanda elmin
inkişafına da böyük diqqət göstərir,
fundamental elmin maddi-texniki bazasının yaradılmasına,
yeni elmi istiqamətlərin açılmasına böyük əhəmiyyət
verirdi.
Ümummilli lider mədəniyyətin
və incəsənətin inkişafını Azərbaycan
xalqının özünüdərkinin, gənc nəslin
milli ənənələr üzərində yetişməsinin
vacib bir şərti olaraq qəbul edirdi. Digər tərəfdən
bu, ittifaq miqyasına və bütün dünyaya
çıxmağın ən optimal yollarından biri idi. Azərbaycanın
rəhbəri tez-tez təkrar edirdi ki, xalqı yalnız nefti,
pambığı, iqtisadiyyatı ilə tanımırlar,
xalqı həm də mədəniyyəti və incəsənəti
ilə tanıyırlar. Odur ki, Heydər Əliyev Azərbaycanın
mədəniyyətinin, incəsənətinin
inkişafına xüsusi əhəmiyyət verirdi. Məhz
onun nüfuzu sayəsində Azərbaycanın mədəniyyəti
və incəsənət xadimləri keçmiş SSRİ-də
geniş təbliğ edilir, onların ittifaqın ən
yüksək mükafatları və adları ilə təltif
olunmasına, dünya miqyasında tanınmasına nail
olunurdu. Bütün bunlar xalqın gözü
qarşısında baş verirdi, hər bir vətəndaş
bunu görür, təqdir edirdi.
Ümummilli liderimizin Azərbaycana
birinci rəhbərliyi dövründə gələcəyə
ünvanlanmış layihələrindən biri də ordu
quruculuğu, milli zabit kadrlarının hazırlanması ilə
bağlı idi. Heydər Əliyev 1971-ci ildə böyük
səylər nəticəsində Azərbaycanda hərbi
kadrlar hazırlayan təhsil müəssisəsinin - görkəmli
sərkərdə Cəmşid Naxçıvanskinin
adını daşıyan hərbi məktəbin
yaradılmasına nail olmuşdu. O dövrdə Azərbaycan hər
il təxminən 60 min gənci ordu sıralarına göndərirdi.
Lakin onların böyük əksəriyyəti inşaat
batalyonlarına düşürdü. Hərbi hissələrdə
azərbaycanlı zabitləri barmaqla saymaq olardı. Odur ki,
Bakıda belə bir hərbi məktəbin
açılmasının böyük əhəmiyyəti var
idi. Həmin dövrdə Heydər Əliyev azərbaycanlı
gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və
Bakı Ali Hərbi Dənizçilik məktəblərinə,
eləcə də SSRİ-nin digər hərbi məktəblərinə
güzəştli şərtlərlə qəbul
olunmasına da nail olmuşdu. Beləliklə, ümummilli lider
Azərbaycanın müstəqillik əldə etməsindən
20 il öncə milli hərbi kadr hazırlığı
üçün zəruri bazanın həmin dövrdə ən
yüksək səviyyədə təşkilinə nail
olmuşdu. Azərbaycan dövlətçiliyinin intellektual və
hərbi potensialının formalaşdırılmasına
yönəlmiş bu cəsarətli addımların əhəmiyyəti,
müstəqil dövlət quruculuğundakı əvəzsiz
rolu bugünün prizmasından daha aydın, daha qabarıq
görünməkdədir.
Azərbaycan yenidən
müstəqilliyə qovuşduqdan sonra da ordu quruculuğu sahəsində
əsaslı və planlı addımlar yalnız Heydər Əliyev
xalqın tələbi ilə hakimiyyətə
qayıtdıqdan sonra atıldı. Heydər Əliyev
Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi yerli
özünümüdafiə və könüllü
batalyonlar adı altında fəaliyyət göstərən və
siyasi sifarişləri yerinə yetirən silahlı dəstələri
ləğv edərək, vahid komandanlıq sistemində təşkil
olunan nizami ordunun yaradılması prosesinə start verdi. Həyata
keçirilən təşkilati-quruculuq işləri, struktur
dəyişiklikləri, NATO prinsiplərinin tətbiq edilməsi
Silahlı Qüvvələri keyfiyyətcə yeniləşdirdi.
Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində
ölkəmizdə milli hərbi kadrların yetişdirilməsi
üçün müasir tələblərə cavab verən
hərbi təhsil sisteminin təkmilləşdirilməsi və
müasirləşdirilməsi istiqamətində əhəmiyyətli
tədbirlər həyata keçirildi. Azərbaycan Prezidentinin
sərəncamları ilə 1998-ci ilin dekabrında MTN-in
Akademiyası, 1999-cu ilin fevralında Ali Hərbi Akademiya,
2001-ci ilin avqustunda isə Müdafiə Nazirliyinin Təlim-Tədris
Mərkəzi yaradıldı. Beləliklə, Azərbaycanın
Silahlı Qüvvələri hərc-mərclik illərindəki
siyasi oyunlardan və siyasi sifarişlərdən xilas olaraq,
nümunəvi intizamı, yüksək peşəkarlığa
malik kadrları, normal maddi-texniki təchizatı olan, ən əsası
isə, suverenliyimizin təminatçısı, müstəqilliyimizin
qarantı sayılan və vahid mərkəzdən idarə
olunan nizami orduya çevrildi.
1993-cü ildə Heydər Əliyevin
hakimiyyətə qayıdışı, müstəqilliyini
elan etmiş Azərbaycan Respublikasının rəhbərliyinə
gəlişi tarixi bir zərurət idi, xalqın tələbi
və taleyin diktəsi ilə həyata keçirilirdi. 1991-ci
ilin oktyabrında müstəqillik qazanmış və səriştəsiz
rəhbərlərin günahı ucbatından məhvə
sürüklənmiş bir ölkənin parçalanmaqdan
qorunması, böhranlardan çıxarılması, vətəndaş
müharibəsinin dayandırılması, hüquqi-demokratik
dövlətin qurulması, dövlətə xas olan
bütün atributların və institutların
formalaşdırılması, bunun üçün
qanunvericilik bazasının yaradılması, siyasi və iqtisadi
islahatların paralel həyata keçirilməsi kimi mürəkkəb,
taleyüklü məsələlərin həllinə
yalnız Heydər Əliyev dühası qadir ola bilərdi.
Ancaq Heydər Əliyev müasir dövrün tələblərinə
cavab verən və qədim dövlətçilik ənənələrimizə
uyğun gələn müstəqil Azərbaycan
Respublikasını qura bilərdi. Bu gün inamla demək olar
ki, 1993-cü ildə Azərbaycan xalqı Heydər Əliyevi
hakimiyyətə dəvət etməsəydi və
ümummilli liderimiz bu dəvəti qəbul edib müqəddəs
xilaskarlıq missiyasını həyata keçirməsəydi,
ölkəmiz şübhəsiz ki, təhlükəli siyasi
eksperimentlərin keçirildiyi bir poliqona çevriləcəkdi.
Yenicə müstəqillik qazanmış gənc respublika
xarici təcavüzün və daxili irticanın əlində
oyuncaq olacaq, xalqın sərvəti isə siyasi hakimiyyət
uğrunda mübarizə aparan müxtəlif silahlı qruplar
tərəfindən tar-mar olunacaqdı. Amma xalqın dəstəyinə
arxalanan müdrik Heydər Əliyevin tutduğu siyasət bu fəlakətin
qarşısını aldı və ölkədə
demokratik dövlət quruculuğu prosesi başlandı.
Təbii ki, Heydər Əliyev
öz zamanının və məkanının çərçivəsinə
sığmayan nəhəng siyasətçi idi. O,
bütün dünyanın fərziyyə hesab etdiyi məsələləri
planlaşdıra və vaxtında reallaşdıra bilirdi. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsində atəşkəsin
əldə olunması, "Əsrin müqaviləsi"nin
imzalanması, regionda Bakı - Tbilisi - Ceyhan, Bakı - Tbilisi - Ərzurum
kimi beynəlxalq layihələrin həyata keçirilməsi
məhz bu fenomenal şəxsiyyətin böyük uzaqgörənliyinin,
diplomatik məharətinin və siyasi iradəsinin nəticəsi
idi. Amma onun tarix və xalq qarşısında göstərdiyi
misilsiz xidmətlərin həlledici və yeganə səbəbi
fenomenal şəxsi keyfiyyətləri və böyük
dövlətçilik təcrübəsi də deyildi,
baxmayaraq ki, bunlar ən vacib şərtlərdən idi.
Ümummilli liderin rəhbərliyi altında uzun müddət
işləmiş bir insan kimi deyə bilərəm ki, o, Azərbaycana,
onun milli maraqlarına həddən artıq bağlı idi,
onun arzusu, amalı xalqının tərəqqisi, irəli getməsi
idi. O, dünyada yaxşı nə varsa - gözəl təcrübədən
qabaqcıl texnologiyalara qədər Azərbaycana gətirmək
istəyirdi, Azərbaycan xalqını xoşbəxt görmək
istəyirdi. Bu istək, bu bağlılıq, bu vətənpərvərlik
olmadan, nə qədər böyük qabiliyyətlərə
malik olsan belə, Vətənə, xalqa xidmət etmək
mümkün deyildi. Heydər Əliyevin Vətənə,
xalqa xidmətlərini sadalasaq, əmin olarıq ki, bir
ömürdə bunlara nail olmaq mümkün deyildi, buna
heç kimin enerjisi və qüvvəsi çatmazdı. Amma
Heydər Əliyev nail olmuşdu, çünki o,
böyük, fenomenal bir şəxsiyyət olmaqla bərabər,
xalqının, Vətəninin vurğunu idi, öz
böyük ömrünü də Vətəninə,
xalqına xidmətə həsr etmişdi. Hazırda bu böyük
şəxsiyyətin yolunu onun layiqli davamçısı
möhtərəm Prezident İlham Əliyev uğurla və
yaradıcılıqla davam etdirir.
Bu gün Azərbaycanın hərtərəfli
inkişafı, xüsusilə də iqtisadiyyatın qeyri-neft
sektorunun inkişafı dövlət siyasətimizin əsas
prioritetlərindən biridir. 2003-cü ildən başlayaraq Azərbaycanda
ayrı-ayrı sahələrin inkişafı üzrə
dövlət proqramlarının qəbul olunmasına və həyata
keçirilməsinə əsaslanan yeni iqtisadi siyasət
strategiyası həyata keçirilir. Azərbaycan Prezidenti tərəfindən
müəyyən edilmiş və elmi əsaslara söykənən
bu strategiyanın həyata keçirilməsi bütün sahələrdə
davamlı inkişafı təmin etmiş, qısa müddət
ərzində ölkənin iqtisadi və sosial həyatında
dünyada analoqu olmayan nailiyyətlər əldə
olunmuşdur. Son 10 ildə real iqtisadi artım 4 dəfə
olmuş, dövlət büdcəsi 15 dəfəyə qədər
artmış, strateji valyuta ehtiyatları 34 milyard dollara
çatmışdır. 2003 - 2010-cu illərdə Azərbaycanda
orta iqtisadi artım tempi 17 faiz olmuş, ölkəmiz bu sahədə
lider dövlətə çevrilmişdir. 2009-cu ildə
dünyada neftin qiyməti düşsə də,
ümumdünya maliyyə böhranı davam etsə də, Azərbaycan
iqtisadiyyatı 9,3 faiz artmışdır. Bu, dövlət rəhbərliyinin
təsdiq etdiyi proqramların, konseptual yanaşmanın həyatda
öz əksini tapması ilə əlaqədardır.
Ümummilli liderimiz Heydər
Əliyevin müdrik siyasətinin əsasında insan amili
dururdu. Azərbaycanda bu gün də bu siyasət davam edir: hər
şey insan üçün, hər şey Azərbaycan vətəndaşları
üçündür. Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasət də Azərbaycan vətəndaşlarının
sosial rifahının yüksəlməsinə, iqtisadi problemlərinin
həll olunmasına, hər bir insanın yaxşı
yaşamasına xidmət edir. Bu məqsədlə respublikada
minimum əməkhaqqı, pensiyalar və müavinətlər
mütəmadi olaraq artırılır. Hazırda Azərbaycanda
orta əməkhaqqı 340 manatdır və cari ildə yenidən
artırılması nəzərdə tutulur. Prezident İlham
Əliyev dəfələrlə bəyan etmişdir ki, ölkədə
onu narahat edən əsas problemlərdən biri də
yoxsulluqdur. Bu problemi aradan qaldırmaq üçün
hazırda Azərbaycanda xüsusi proqram həyata
keçirilir. Əgər 2004-cü ildə yoxsulluq şəraitində
yaşayanların sayı 49 faiz idisə, 2010-cu ildən etibarən
9 faiz təşkil etmişdir. Amma möhtərəm Prezident
hesab edir ki, bu da çoxdur, Azərbaycanda yoxsul
olmamalıdır.
Hazırda Azərbaycanın
həlli müşkülə düşən yeganə
problemi Dağlıq Qarabağ münaqişəsinin həlli,
qaçqınların, köçkünlərin doğma
yurdlarına qayıtmasıdır. Prezidentin həyata
keçirdiyi məqsədyönlü siyasət nəticəsində
Azərbaycan Dağlıq Qarabağ münaqişəsini beynəlxalq
hüquq normaları əsasında həll etmək və ərazi
bütövlüyünü bərpa etmək
üçün həm mənəvi, həm hüquqi, həm
də hərbi imkanlara malikdir. Dünya birliyi Azərbaycanın
ərazi bütövlüyünü dəstəkləyir, Azərbaycan
iqtisadi və siyasi cəhətdən sürətlə
inkişaf edir, ordusu güclənir. Bu gün qürurla demək
olar ki, Azərbaycanın güclü ordusu var və dövlətin,
Prezidentin qarşıya qoyduğu bütün vəzifələri
yerinə yetirməyə qadirdir. Lakin möhtərəm
İlham Əliyev regionda sülhün və sabitliyin təminatçısı
olmuş dahi şəxsiyyətin - Heydər Əliyevin siyasi
varisi, müdrik və müasir siyasətçi kimi qan,
müharibə yolunu yox, sülh yolunu seçir, xalqları
faciələrə sürükləmək istəmir, amma
mövcud vəziyyətlə barışmaq niyyətində də
deyil. Azərbaycan Prezidenti dəfələrlə bəyan
etmişdir ki, vəziyyət belə davam edərsə və
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
sülh danışıqları erməni tərəfin
qeyri-konstruktiv mövqeyi səbəbindən heç bir nəticə
verməzsə, Azərbaycan başqa variantları nəzərdən
keçirəcək, işğal altında olan
torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir.
Beləliklə, Heydər Əliyevin
əsas mahiyyəti xalqa xidmətdən ibarət olan müdrik
siyasəti bu gün də davam edir və xalqımız bu
siyasəti, ulu öndərin siyasi varisini dəstəkləyir.
Amma yuxarıda deyildiyi kimi, Heydər Əliyev səviyyəli
dahi şəxsiyyətlərin missiyasında, fəaliyyətində
elə məqamlar, elə mənalar var ki, bunları xalqın
ziyalısı görməli və təbliğ etməlidir. Məsələn,
Heydər Əliyev şəxsiyyətinin müasir Azərbaycan
tarixində aparıcı rolu, Azərbaycanın dünya
birliyinə inteqrasiyası, Azərbaycan diasporunun təşkilatlanması
və s.
Xalq da, zaman da Heydər Əliyev
səviyyəli liderləri çox ciddi ehtiyac olanda, yüz
ildə bir dəfə yetişdirir. Əgər biz
böyük şəxsiyyətləri onların dünyaya gəlməsi
kontekstində yada salsaq görərik ki, belə liderlər
tarixin ağır anlarında öz xalqlarının yanında
olublar, xalqın taleyini təyin etmək missiyasını
öz üzərlərinə götürüblər. Bəzən
bu, quruculuq missiyası, bəzən də xilaskarlıq
missiyası olur. Həmin şəxsiyyətlər ona görə
tarixi hesab olunur ki, həmin tarixin
ağırlığını öz çiyinlərinə
götürmək və xalqı böhranlardan xilas etmək
niyyətində və qüdrətində olurlar. Xalq
onları yaratdığı kimi, onlar da xalqın tarixini
yaradırlar. Heydər Əliyev Azərbaycanın 60-cı illərdə
düşdüyü ağır vəziyyətdə həmin
zamanın meydana çıxardığı lider olub. Həmin
dövrdə zamanın və xalqın onun üzərinə
qoyduğu vəzifələri Heydər Əliyev uğurla
yerinə yetirib, öz missiyasını həyata keçirib və
tarixi bir şəxsiyyətə - xalqın ümummilli liderinə
çevrilib. Qeyd etmək lazımdır ki, Heydər Əliyevin
Azərbaycana birinci rəhbərliyi dövründəki missiyası
90-cı illərdəki missiyasından formaca fərqli
olduğu kimi, mahiyyətcə də fərqli idi. Birinci halda
o, qurub-yaratmalı, neqativ hallara qarşı mübarizə
aparmalı idi. Missiya ilk nəzərdən o qədər
çətin deyildi, amma o, qapalı sistemdə ideoloji çərçivələr
daxilində mübarizə aparmalı, gələcək
müstəqilliyin iqtisadi-mənəvi əsaslarını
yaradarkən həddindən artıq ehtiyatlı olmalı idi.
Həmin zamanda, həmin məkanda müstəqillikdən
danışmaq ölümə bərabər idi. 90-cı illərdə
isə ideoloji çərçivələr olmasa da, Azərbaycanda
müharibə şəraiti mövcud idi - qərbdən xarici
təcavüz başlamış, şimalda və cənubda isə
separatçılıq meyilləri güclənmişdi,
dövlətçilik böyük təhlükə
altında idi. Heydər Əliyev Azərbaycanın ümummilli
lideri olaraq, quruculuq missiyasını uğurla həyata keçirdiyi
kimi, xilaskarlıq missiyasını da yüksək səviyyədə
həyata keçirdi. Burada maraqlı bir məqamı qeyd etmək
yerinə düşərdi. Bir qayda olaraq, tarixi şəxsiyyətlərə
tarixi məqamda ehtiyac yaranır və onlara öz
missiyasını yerinə yetirmək üçün bir
şans verilir. Amma Azərbaycan hər dəfə
sınağa çəkiləndə, böhrana düşəndə
Heydər Əliyevə ehtiyac yaranmışdır. Heydər Əliyevin
böyüklüyü ondadır ki, o, yalnız hər
hansı konkret bir məqamda gərəkli olan şəxsiyyət
deyildi, zaman və məkan çərçivələrinə
sığmayan, xalqına, Azərbaycana hər zaman gərəkli
olan genişmiqyaslı şəxsiyyət idi.
Azərbaycan hazırda
postsovet məkanında dünyaya fəal inteqrasiya edən
ölkələrdən biridir. Azərbaycan türkdilli bir
müsəlman ölkəsi olmaqla bərabər, tutduğu yol
demokratiya, insan azadlığı, insan haqlarının
qorunması yoludur. Bu yolun əsasını ümummilli lider
Heydər Əliyev qoymuşdur və bu yol Azərbaycanın
Avratlantik məkana inteqrasiyasını şərtləndirir.
Azərbaycan 1991-ci ildə BMT-yə qəbul olunduğu zaman
müstəqilliyini rəsmən elan etdiyi kimi, 2001-ci ildə
Avropa Şurasına qəbul olunmaqla demokratik dəyərlərə
sadiqliyini də elan etmişdir. Respublikada vətəndaş cəmiyyətinin
inkişafı, insan hüquq və azadlıqlarının təminatı
sahəsində qazanılan nailiyyətlər ümummilli
liderin rəhbərliyi ilə həyata keçirilən siyasi
islahatların, demokratik dəyişikliklərin nəticəsi
idi. "Mən Azərbaycan Prezidenti kimi bu barədə qəti
fikrimi bildirmişəm və bir də bəyan edirəm ki,
demokratiyanın bütün tələblərini tətbiq
etmişik və edəcəyik. Ancaq Azərbaycanın milli-mənəvi
dəyərlərinə, mentalitetinə qarşı yönəldilmiş
hərəkətlərin qarşısı alınacaqdır və
qanun çərçivəsində ölçülər
götürüləcəkdir" - deyən ulu öndərin
idarəçilikdə müasir dünya təcrübəsinə
söykəndiyi, proqressiv prinsiplərin tətbiqinə
böyük əhəmiyyət verdiyi, ancaq onların milli
maraqlar, milli-mənəvi dəyərlər konteksində həyata
keçirilməsini dəstəklədiyi bir daha aydın olur.
Avropa Şurasının əsas
tələblərindən biri də dini, milli tolerantlıq məsələsi
idi. Yenicə müstəqillik qazanmış Azərbaycanda bu
istiqamətdə vəziyyət göründüyü qədər
sadə deyildi. Doğrudur, azərbaycanlılar tarixən beynəlmiləlçi
xalq kimi ad çıxarmışlar, Azərbaycan
dünyanın yeganə ölkələrindən biridir ki,
burada heç zaman dini və milli ayrı-seçkilik, bu zəmində
qarşıdurma halları olmamışdır. Azərbaycan
xalqı müxtəlif dinlərin və millətlərin
nümayəndələri ilə yüz illərlə bir
ölkədə, bir şəhərdə, bir kənddə
yaşamış, hətta düşmən erməniyə də
çörək verməyə qadir olmuşdur.
Qarşıdurma halları isə yalnız ermənilər tərəfindən
törədilmiş, XX əsrin əvvəllərində erməni
- müsəlman qarşıdurması, sonlarında isə
Qarabağ münaqişəsi kimi tarixə
düşmüşdür. Yeri gəlmişkən, müstəqilliyin
ilk illərində ölkədə rəhbərliyin səriştəsizliyi
səbəbindən süni olaraq yaradılan milli
ayrı-seçkilik halları da ümummilli lider Heydər Əliyevin
müdrik siyasəti nəticəsində tezliklə aradan
qaldırılmış, Azərbaycan xalqı vahid
varlığına qayıtmışdı. Azərbaycanlılar
öz adət-ənənələrinə, tarixlərinə
görə vahid xalq olsalar da, öz dillərinə və təriqətlərinə
görə fərqli qruplardan ibarətdirlər. Azərbaycanda
azəri-türkləri, ləzgilər, talışlar və
s. yaşayırlar, İslamın şiə və sünni təriqətlərini
təmsil edirlər. Məhz bu qrupların inteqrasiyası
ölkə miqyasında kiçik qloballaşma modeli idi və
vahid Azərbaycan xalqını təşkil edirdi. Azərbaycanda
milli və dini tolerantlığın kökü məhz bu
inteqrasiyadan gəlirdi və Heydər Əliyev kimi müdrik
siyasətçinin 30 ildən çox hakimiyyəti
dövründə nadir bir fenomenə çevrilmişdi:
xalqın monolitliyi möhkəmləndikcə,
tolerantlığı da yüksəlmişdi. Ümummilli lider
həmişə deyirdi ki, biz heç vaxt imkan vermərik ki,
ölkəmizdə digər dini etiqaddan, digər millətdən
olan adamlar - İslam dinindən və Azərbaycan millətindən
olmayan adamlar hər hansı təzyiqə məruz
qalsınlar.
Xaricdə yaşayan azərbaycanlıların
təşkilatlanması və diaspor kimi formalaşması da
ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır. Məlum olduğu kimi, vətəndən
xaricdə yaşayan azərbaycanlıların sayı on
milyonlarladır. Heydər Əliyev 1991-ci ildə, hələ
Naxçıvanda işləyərkən dekabr ayının
31-ni dünya azərbaycanlılarının həmrəylik
günü elan etmiş və ictimaiyyətin diqqətini bu məsələyə
yönəltmişdi. Ümummilli lider xalqın tələbi
ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan
diasporunun təşkilatlanması məsələsinə
dövlət səviyyəsində xüsusi əhəmiyyət
verilməyə başladı.
Heydər Əliyev Azərbaycan
diasporunun təşkilatlanması və güclü lobbiyə
çevrilməsi məsələsini Azərbaycanın
dövlət siyasətində yeni bir istiqamət kimi dəyərləndirirdi.
Xarici ölkələrə səfərlərində Azərbaycan
diasporu ilə görüşməyi, çıxış
etməyi, soydaşlarımızı eşitməyi bir ənənəyə
çevirmişdi. Ümummilli liderimizin 1997-ci ildə ABŞ-a
rəsmi səfəri çərçivəsində bu
ölkədə yaşayan azərbaycanlılarla
görüşü isə diaspor quruculuğunda
dönüş nöqtəsi oldu. Azərbaycan lideri dünya
azərbaycanlılarına üz tutdu: Amerikada yaşayan azərbaycanlılar
Azərbaycan haqqında düşünürlərmi? Azərbaycan
Prezidenti soydaşlarımıza Amerika Prezidenti Kennedinin
sözləri ilə müraciət etdi və dedi ki, siz
düşünməyin Azərbaycan sizin üçün nə
edib, düşünün ki, siz Azərbaycan üçün
nə etmisiz. Onda Azərbaycan diasporu da irəli gedər, Azərbaycan
dövləti də inkişaf edər.
Azərbaycanı
düşünmək, Azərbaycanla yaşamaq isə ilk nəzərdən
göründüyü kimi sadə məsələ deyil, bunun
üçün ideya, mənəvi əsas lazımdır. Belə
bir ideyanın - azərbaycançılıq ideyasının
da müəllifi Heydər Əliyev oldu. Ümummilli lider bəyan
etdi ki, dünya azərbaycanlılarının Azərbaycana
bağlanması, Azərbaycanla yaşaması
üçün mənəvi əsas ola biləcək bir
ideologiya var - bu, azərbaycançılıqdır. Biz azərbaycanlılar
bu ideologiyanı yaratmışıq, biz də
yaşatmalıyıq, inkişaf etdirməliyik, onun əsasında
da birləşməliyik. Azərbaycançılıq öz
milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini
qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərə
inteqrasiyasına nail olmaq deməkdir. Biz dünyaya inteqrasiya
ediriksə, deməli bizim mənəvi dəyərlərimiz də
ümumbəşəri dəyərlərə inteqrasiya etməlidir.
Müxtəlif mənbələrin üst-üstə düşən məlumatlarına görə, hazırda dünyada 50 milyona qədər azərbaycanlı yaşayır. Onların təxminən beşdən biri tarixi vətənlərindən kənarda yaşayır, Azərbaycan diasporunu təşkil edir. Amma Vətəndən kənarda yaşayan azərbaycanlıların birləşməsinə, real qüvvəyə çevrilməsinə mane olan amillər var. Azərbaycan Prezidenti Heydər Əliyev də bu məqamı nəzərə alaraq ABŞ-da Azərbaycan diasporu ilə görüşündə demişdi: "Bilirsiniz, xaricdə yaşayan azərbaycanlıların çoxu Azərbaycanda doğulmayıb. Nə olsun. Məgər, Amerikada yaşayan ermənilər Ermənistanda doğulub, məgər onlar Dağlıq Qarabağda doğulub? Amma ermənidirlər, ona görə də Ermənistan haqqında düşünürlər. Amerikada yaşayan azərbaycanlıların isə biri deyir, mən İranda doğulmuşam, o biri deyir mən Turanda doğulmuşam. Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan".
Azərbaycan diasporunun yaranması, birləşməsi üçün mənəvi əsas-azərbaycançılıq ideyası vacib olduğu kimi, bu ideyanın yaşaması, inkişaf etməsi üçün maddi əsas - aparıcı qurum lazımdır. Odur ki, ümummilli lider dünya azərbaycanlılarını müstəqil Azərbaycan dövləti ətrafında birləşməyə çağırırdı.
Ümummilli lider Azərbaycan dövləti ilə Azərbaycan diasporunun güclənməsini, bir-birinə arxa olmasını istəyirdi, hesab edirdi ki, Azərbaycan dövləti - Azərbaycan diasporu münasibətləri qarşılıqlı diqqət, qarşılıqlı dəstək əsasında qurulmalıdır. Azərbaycanın ümummilli lideri bu məsələ ilə əlaqədar bütün dünya azərbaycanlılarına müraciət etmişdi: "Əgər sən azərbaycanlısansa, bilməlisən: dünya azərbaycanlılarının bir müstəqil dövləti var - Azərbaycan, dünya azərbaycanlılarının bir tarixi Vətəni var - Azərbaycan. Dünya azərbaycanlıları öz tarixi vətənlərini, müstəqil dövlətlərini müqəddəs hesab etməli, onun ətrafında birləşməlidirlər". Məhz bu müraciətlərdən sonra yaxın və uzaq xaricdə yaşayan Azərbaycan diasporunun təşkilatlanması prosesi vüsət aldı, Amerikada və Avropada yaşayan azərbaycanlılar öz təşkilatlarını yaratdılar və de-yure fəaliyyətə başladılar.
Təbii ki, kiçik bir məqalədə Heydər Əliyev şəxsiyyətinin qurub-yaratdıqlarını, Azərbaycan, xalq üçün etdiklərini, həyata keçirdiklərini və keçirmək istədiklərini tamamilə əhatə etmək, əks etdirmək mümkün deyil. Bu fenomenal şəxsiyyətin nəhəng fəaliyyəti Azərbaycanın bugününü yaratmaqla, adət-ənənələrini yaşatmaqla kifayətlənmir, eyni dərəcədə gələcəyə ünvanlanırdı. Heydər Əliyev bütün varlığı ilə inanırdı ki, "Azərbaycan dünyaya günəş kimi doğacaq". Buna görə də, qeyri-adi uzaqgörənlik qabiliyyətinə malik böyük siyasətçi, zəmanəsinin və millətinin dahi lideri kimi Azərbaycanın gələcəyini fikirləşərək özündən sonra siyasi kursu davam etdirəcək möhtərəm İlham Əliyev kimi müdrik siyasi liderin yetişdirilməsinin qayğısına qalmışdı. Bu gün ulu öndərin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr - daxili sabitliyin inkişaf etdirilməsi və faktiki olaraq, dönməz edilməsi, siyasi həmrəyliyin və milli birliyin möhkəmləndirilməsi, iqtisadiyyatımızın dinamik inkişafı, xalqımızın sosial rifahının yüksəlməsi ulu öndərimizin layiqli davamçısı, Prezident İlham Əliyevin gərgin əməyi və siyasi iradəsi ilə həyata keçirilir, daha yüksək mərtəbələrə yüksəlir. Xalqımız da bütün bunları görür, dəyərləndirir və öz qəlbində ümummilli liderimizin əbədi abidəsini yüksəldir.
Ziya YUSİF-ZADƏ,
MTN-in Heydər Əliyev adına
Akademiyasının rəisi,
general-leytenant
Azərbaycan.- 2011.- 4 may.- S. 5.