Konstitusiya Məhkəməsi
plenumunun iclası olmuşdur
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi plenumunun növbəti açıq məhkəmə iclası olmuşdur.
İclasda Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin müraciəti və S.Xəlilovanın şikayəti üzrə konstitusiya işinə baxılmışdır.
Konstitusiya Məhkəməsi plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyərək, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.
Qərarda deyilir ki, "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli qanununun 28.2-ci, 28.3-cü və 29.3-cü maddələri Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə və "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin "e" yarımbəndinə uyğundur.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 98.1-ci maddəsində göstərilən "həkim-psixiatr komissiyası" anlayışı məcburi müalicəni həyata keçirən tibb müəssisəsinin həkim-məsləhət komissiyasını deyil, rəy təqdim edən müstəqil həkim-psixiatr komissiyasını nəzərdə tutur.
Məhkəmə tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya ləğv edilməsi məsələsinə baxarkən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 323.7-ci və 331.3-cü maddələrinin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə əlavə və ya təkrar ekspertiza təyin etmək hüququna malikdir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü və 98-ci maddələri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 486-cı maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər, müddətindən asılı olmayaraq yalnız şəxsin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşması nəticəsində məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin XXXVI fəslində nəzərdə tutulan "şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi" proseduru "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli qanununun 11-ci maddəsində nəzərdə tutulan "qeyri-könüllü psixiatriya yardımı göstərilməsi" əsaslarına uyğun aparılan qaydalar kimi başa düşülməlidir.
Tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya ləğv edilməsi sahəsində mövcud təcrübəni nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə edilsin ki, qeyd olunan tədbirlərin tətbiqinə rəy verən həkim-psixiatr komissiyalarının təşkili və fəaliyyəti qaydaları normativ qaydada təkmilləşdirilsin.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.
AzərTAc
Azərbaycan.- 2011.- 4 may.- S., 6.