Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Rusiya-Azərbaycan mədəni əlaqələri AzərTAc və İTAR-TASS agentliklərinin fotoşəkillərində"

 

Mayın 3-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Rusiyanın ölkəmizdəki səfirliyi tərəfindən Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və Rusiyanın İTAR-TASS İnformasiya Agentliyi ilə birlikdə təşkil edilmiş "Rusiya-Azərbaycan mədəni əlaqələri AzərTAc və İTAR-TASS agentliklərinin fotoşəkillərində" adlı fotosərgi nümayiş olunmuşdur.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları akademiyada ümummilli lider Heydər Əliyevin büstü önünə tər çiçəklər qoymuş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.

DİA-nın birinci prorektoru professor Əlikram Abdullayev fotosərginin ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edildiyini bildirmişdir.

Rusiya-Azərbaycan dostluq münasibətlərindən danışan Ə.Abdullayev ölkələrimiz arasında mədəniyyət, elm, incəsənət sahələrində əlaqələrin ulu öndər Heydər Əliyevin səyləri nəticəsində yüksək səviyyəyə qaldırıldığını qeyd etmişdir. Professor Ə.Abdullayev demişdir: "Məhz ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə münasibətlər yüksək səviyyəyə çatdırıldı. Bu inkişaf özünü xüsusilə mənəvi dəyərlərin qorunub saxlanmasında büruzə vermişdir".

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin fotosərginin görkəmli siyasi xadim Heydər Əliyevin xatirəsinə həsr edilməsinin böyük önəm daşıdığını deyərək bu dahi şəxsiyyətin ölkələrimiz arasında münasibətlərin inkişafında müstəsna rol oynadığını qeyd etmişdir. Diplomat bildirmişdir ki, AzərTAc-ın və İTAR-TASS-ın arxivlərində Azərbaycan ilə Rusiya arasında müxtəlif sahələrdə münasibətləri əks etdirən çoxlu fotomateriallar mövcuddur. Amma biz məhz mədəniyyət sahəsinə diqqət yetirmək qərarına gəldik. Çünki mədəniyyət ölkələrimiz arasında münasibətlərdə çox mühüm yer tutur. Bu fotoşəkillərdə Azərbaycanın və Rusiyanın milli-mədəni ənənələrinin təması, qarşılıqlı əlaqələri əks olunmuşdur. Bu da çox böyük önəm daşıyır.

Sonra tədbir iştirakçıları fotosərgi ilə tanış olmuşlar.

Tədbirdə həmçinin İTAR-TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın ümummilli lider Heydər Əliyev ilə "Hakimiyyət formulası" verilişindəki müsahibəsindən fraqmentlər göstərilmişdir.

 

 

Azərbaycan.- 2011.-4 may.- S. 6.