Özbəkistan Respublikası
Prokurorluğunun nümayəndə
heyəti Azərbaycan
Respublikası Prokurorluğunda
olmuşdur
Azərbaycan və
Özbəkistan respublikaları prokurorluqları arasında
işgüzar əlaqələrin daha da
möhkəmləndirilməsi məqsədi ilə
Özbəkistan Respublikasının baş prokuroru
Rəşitjan Kodirovun rəhbərlik etdiyi
nümayəndə heyəti Azərbaycan Respublikasının
baş prokuroru Zakir Qaralovun dəvəti ilə
ölkəmizə səfərə gəlmişdir.
Azərbaycan Respublikası
Prokurorluğunun mətbuat
xidmətindən AzərTAc-a
bildirmişlər ki, səfər çərçivəsində
Özbəkistan Respublikası
Prokurorluğunun nümayəndə
heyəti mayın
3-də baş prokuror
Zakir Qaralovla görüşmüşdür. Qonaqları səmimi salamlayan baş prokuror Zakir Qaralov xalqlarımız
arasında formalaşmış
zəngin tarixə malik və ildən-ilə
daha da genişlənməklə
dərinləşən ikitərəfli
münasibətlərin inkişafında
Özbəkistan və
Azərbaycan dövlətlərinin
sınanmış liderləri
İslam Kərimov və İlham Əliyevin müstəsna
xidmətlərini, ölkə
rəhbərlərinin başçılıq
etdikləri nümayəndə
heyətlərinin 2008-ci ildə
Azərbaycana və
2010-cu ildə isə Özbəkistana səfərlərinin
əhəmiyyətini xüsusi
qeyd etmişdir. Məhz bu münasibətlərin ölkələrimizin daha
da yaxınlaşması,
hər iki respublikanın müxtəlif
dövlət təsisatları,
o cümlədən prokurorluq orqanları arasında qarşılıqlı
faydalı əməkdaşlıq
əlaqələrinin inkişafı
yolunda böyük stimul olduğu, bu əlaqələr çərçivəsində 2010-cu ilin sentyabr ayında
"Özbəkistan Respublikası
Baş Prokurorluğu və Azərbaycan Respublikasının Baş
Prokurorluğu arasında
əməkdaşlıq və
hüquqi yardım haqqında Saziş"in imzalanmasının ölkələrimizin prokurorluq
orqanları arasında
münasibətlərin məzmunca
yeni müstəviyə
qaldırılmasında
mühüm rol oynadığı diqqətə
çatdırılmışdır.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində
Özbəkistan Respublikasının
həmişə Azərbaycanın
haqlı mövqeyini dəstəkləməsi, 2008-ci ildə BMT Baş Məclisində Azərbaycanın
işğal edilmiş
ərazilərində vəziyyətə
dair məsələ ilə bağlı səsvermə zamanı Özbəkistanın
obyektiv və birmənalı mövqeyinin
əhəmiyyəti vurğulanmışdır.
Baş prokuror Z.Qaralov son illər Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizdə
həyata keçirilən
məhkəmə-hüquq islahatları
çərçivəsində prokurorluğun fəaliyyəti
üçün zəruri
normativ-hüquqi bazanın
yaradılması, prokurorluq
orqanlarının fəaliyyətinin
hərtərəfli müasirləşdirilməsi, prokurorluğun strukturunun
daha da təkmilləşdirilməsi,
kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində
aparılan köklü
islahatlar, vətəndaşların
hüquq və azadlıqlarının təmin
edilməsi məqsədi
ilə digər hüquq-mühafizə orqanları
ilə qarşılıqlı
səmərəli
əlaqələrin qurulması,
həmçinin müasir
dövrdə qarşıda
duran digər vəzifələr barədə
qonaqlara ətraflı
məlumat vermişdir.
Mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən
olan korrupsiya və rüşvətxorluq
cinayətlərinə qarşı
mübarizə məsələlərinin
təşkili və həyata keçirilməsində
prokurorluq orqanlarının
üzərinə mühüm
vəzifələr qoyulduğu
diqqətə çatdırılmaqla,
bu sahədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə
İdarəsi tərəfindən
görülən işlər,
yeni yaradılmış
161 nömrəli "Qaynar
xətt" əlaqə
mərkəzi barədə
qonaqlara məlumat verilmişdir.
Azərbaycanda uğurla həyata
keçirilən hüquqi
islahatlara böyük
maraq göstərdiyini
diqqətə çatdıran
Özbəkistan Respublikasının
baş prokuroru Rəşitjan Kodirov hüquqi sahədə əməkdaşlığın geniş perspektivlərə
malik olduğunu vurğulayaraq, ölkələrimizin
müxtəlif sahələrdə
əlaqələrinin
sürətlə inkişaf
etdiyini, xüsusilə,
iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın
genişlənməsinin qarşılıqlı
əlaqələrin daha
da möhkəmlənməsi
işinə xidmət
etdiyini bildirmişdir.
Azərbaycan və Özbəkistan
arasında qardaşlıq
əlaqələrinin sıx
olduğunu bildirən
qonaq ölkələrimizin
müasir demokratik inkişaf yolu ilə inamla irəlilədiklərini vurğulamış,
respublikamızın çox
qısa zamanda yüksək nailiyyətlər
əldə etməsini
qeyd edərək, məhkəmə sisteminin müasirləşdirilməsi
üzrə həyata keçirilən tədbirləri
alqışlamışdır.
Görüşdə hüquqi sahədə
əməkdaşlıq üzrə
faydalı fikir mübadiləsi aparılmış,
həm ikitərəfli,
həm də çoxtərəfli səviyyələrdə,
beynəlxalq təşkilatlar
çərçivəsində qarşılıqlı fəaliyyətin
səmərəliliyindən, hüquqi əməkdaşlıq
sahəsində mövcud müqavilə bazasının
təkmilləşdirilməsindən danışılmış, tərəfləri
maraqlandıran məsələlər
müzakirə edilərək,
iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı
münasibətlərin bundan
sonra da uğurla davam etdiriləcəyinə əminlik
ifadə edilmişdir.
Özbəkistan nümayəndə heyəti Baş Prokurorluğun Tarix Muzeyi, Azərbaycan-Özbəkistan
münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olmuş, onlara Azərbaycan dövləti,
onun hüquq sistemi, dövlət başçısının rəhbərliyi
altında aparılan islahatlar, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi
ilə bağlı materialları əks etdirən guşə ilə tanış olmuşlar. Sonra qonaqlar Baş Prokurorluğun Elm-Tədris
Mərkəzinə gəlmiş
və onlara mərkəzin fəaliyyəti
barədə ətraflı
məlumat verilmişdir.
Özbəkistan nümayəndə
heyətinin ölkəmizə
səfəri davam edir.
Azərbaycan.- 2011.-4 may.- S. 6.