“Elektron imza”nın istifadəsi
üçün yaradılmış infrastrukturun təqdimatı
olmuşdur
Bakı, 3 may (AzərTAc). AzərTAc xəbər verir ki, mayın 3-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Microsoft” korporasiyasının artıq ənənəyə çevrilmiş “Microsoft Innovation Day" (Microsoft İnnovasiyalar günü) çərçivəsində Milli Sertifikasiya Xidmətləri Mərkəzinin təqdimatını keçirmişdir. Tədbirdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Elektron imza”nın istifadəsi üçün yaradılmış infrastruktur barədə geniş məlumat verilmişdir. Layihə tenderin qalibi - “Microsoft Azerbaijan”, “Ultra” və “Azerin” şirkətlərindən ibarət konsorsium tərəfindən yaradılmışdır. Milli Mərkəzin yaradılması üçün “Microsoft” şirkətinin həllindən istifadə olunmuşdur.
Tədbirdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirmişdir ki, informasiya-kommunikasiya texnologiyalarının (İKT) böyük kommersiya əhəmiyyəti daşıması, sektorun yeni gəlir mənbəyinə çevrilməsi gələcəkdə bu sahədə əldə olunacaq mənfəətin ölkə iqtisadiyyatının inkişafına güclü təsir göstərəcəkdir. 2020-2025-ci illərdə ölkənin İKT gəlirləri neft gəlirlərini üstələməlidir. Bunun üçün İKT sektoruna daxili və xarici investisiyalar, xüsusilə iri xarici investisiyalar cəlb olunmalı, məhsul ixracı genişləndirilməlidir. Ə.Abbasov Azərbaycanda sənəd dövriyyəsini sürətləndirəcək “elektron imza” layihəsi üçün yaradılmış infrastrukturun əhəmiyyətini vurğulamışdır. Qurulmuş infrastruktur İKT-in müxtəlif tətbiqləri və həlləri, habelə rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramı (Elektron Azərbaycan) çərçivəsində həyata keçirilən layihələr üçün platforma olacaqdır.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə “elektron imza” layihəsi barədə ətraflı məlumat vermişdir. Qanunvericiliyin müddəalarına uyğun olaraq Milli Mərkəz çərçivəsində 3 sertifikasiya mərkəzi fəaliyyət göstərəcəkdir. Onlardan biri, Azərbaycanın sertifikasiya mərkəzləri iyerarxiyasında kök olaraq yalnız digər sertifikasiya xidmətləri üçün sertifikatların verilməsini həyata keçirəcəkdir. Qalan iki sertifikasiya mərkəzində biri dövlət orqanları, digəri isə vətəndaşlar və biznes strukturlar üçün xidmətlər göstərəcəkdir. “E-imza”nın tətbiqi sənədin müəllifini dəqiq identifikasiya etmək, habelə sənədin əsilliyini və bütövlüyünü təsdiq etməyə imkan yaradır. Bunun nəticəsində vətəndaşlar, biznes strukturlar, dövlət orqanları elektron formada qarşılıqlı fəaliyyət göstərə bilərlər. “E-imza” imzalanmış sənəd və əl ilə imzalanmış sənəd eyni qüvvəli hesab olunur. Elektron imza, ölkədə elektron ticarətin inkişafı üçün mühüm elementə çevriləcək, habelə dövlət orqanlarının elektron xidmətlərdən geniş istifadəsinə imkan yaradacaqdır.
Dövlət strukturlarının nümayəndələri, aparıcı informasiya texnologiyaları (İT) şirkətlərinin rəhbərləri, eləcə də İT sahəsinin mütəxəssisləri və ekspertlərinin iştirak etdiyi tədbirdə innovasiya proseslərinin ölkənin və cəmiyyətimizin inkişafına təsir məsələlərinə həsr olunmuş müxtəlif mövzular üzrə fikir mübadiləsi aparılmışdır.
Tədbirdə “e-imza” və onun ölkənin sosial-iqtisadi həyatının ayrı-ayrı sahələrində tətbiqi imkanlarına həsr olunmuş film nümayiş olunmuşdur.
Sonda mətbuat konfransı keçirilmişdir.
Azərbaycan.- 2011.-4 may.- S. 7.