Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilmişdir

 

Mayın 3-də Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilmişdir.

Qonaqlar əvvəlcə Bakı Biznes Mərkəzində ölkəmizin sosial-iqtisadi inkişafında əldə olunmuş nailiyyətləri əks etdirən sərgi ilə tanış olmuşlar.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfdən birgə komissiyanın həmsədri, bu ölkənin iqtisadiyyat naziri Sultan bin Səid əl Mənsourinin rəhbərliyi ilə nümayəndə heyəti, Azərbaycan tərəfdən isə bir sıra hökumət qurumlarının nümayəndələri iştirak etmişlər.

Azərbaycan tərəfdən komissiyanın həmsədri, iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanın iqtisadiyyatında qazanılmış uğurlar barədə məlumat vermişdir. Bildirmişdir ki, 2004-2010-cu illərdə ümumi daxili məhsul 3 dəfə, qeyri-neft sektoru 2 dəfə, əsas kapitala yönəldilmiş vəsaitlər 2,9 dəfə, dövlət büdcəsinin gəlirləri 9,3 dəfə, xarici ticarət dövriyyəsi 5,4 dəfə, strateji valyuta ehtiyatları 18,2 dəfə artmış, yoxsulluq səviyyəsi isə 4,9 dəfə azalmışdır. Dünyada qlobal və iqtisadi böhranın davam etməsinə baxmayaraq, 2010-cu ildə ÜDM 5 faiz, əhalinin gəlirləri 13,3 faiz artmışdır. Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 34 milyard ABŞ dollarını ötmüşdür. Azərbaycanda xarici ölkələrlə, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin genişlənməsinə xüsusi əhəmiyyət verilir.

Nazir Prezident İlham Əliyevin 2006-cı ildə bu ölkəyə rəsmi səfərini xatırlatmış, dövlət başçıları arasında keçirilmiş görüşlərin, aparılmış məhsuldar müzakirələrin, imzalanmış sənədlərin iki ölkə arasında əlaqələrin inkişafında rolunu vurğulamışdır. Demişdir ki, hazırda Azərbaycan və BƏƏ arasında əməkdaşlıq uğurla davam etdirilir. Bu əməkdaşlığın mühüm istiqamətlərindən biri infrastruktur layihələrinin həyata keçirilməsidir və Abu-Dabi İnkişaf Fondu Azərbaycanda icra olunan infrastruktur layihələrində fəal iştirak edir. Görülmüş işlərin nəticəsində BƏƏ ilə ticarət dövriyyəsi genişlənir. Ölkələrimiz arasında ticarət əməliyyatlarının məbləği 2010-cu ildə əvvəlki illə müqayisədə 36,8 faiz, 2011-ci ilin birinci rübündə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz artmışdır. Bir sıra Azərbaycan məhsulları (“Badamlı” mineral suları və s.) BƏƏ-yə ixrac olunur.

Sultan bin Səid əl Mənsouri çıxışında ölkəsinin Azərbaycan ilə əlaqələrinin genişlənməsində maraqlı olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, bunun üçün hər iki ölkə böyük potensiala malikdir.

İclasda Azərbaycan ilə BƏƏ arasında ticarət-iqtisadi, investisiya, sənaye və energetika, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, gömrük, nəqliyyat, mədəniyyət və turizm, təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri müzakirə olunmuşdur.

Tədbirdə Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş imzalanmışdır.

Birgə Hökumətlərarası Komissiyasının 3-cü iclasının yekunlarına dair Protokol imzalanmışdır. Sənədi komissiyanın həmsədrləri – Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev və Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan bin Səid Mənsouri imzalamışlar.

 

 

Azərbaycan.- 2011.- 4 may.- S. 7.