Mətbuat Şurasında
Ümumdünya Mətbuat Azadlığı Günü ilə
bağlı “dəyirmi masa” keçirilmişdir
Azərbaycan Mətbuat
Şurasında 3 May - Ümumdünya Mətbuat
Azadlığı Günü ilə bağlı “dəyirmi
masa” keçirilmişdir.
AzərTAc xəbər
verir ki, YUNESKO-nun Azərbaycan Respublikası üzrə Milli
Komissiyasının və Beynəlxalq Mətbuat İnstitutunun
ölkəmiz üzrə Milli Komitəsi ilə birgə təşkil
edilmiş tədbirdə Mətbuat Şurasının sədri
Əflatun Amaşov Ümumdünya Mətbuat
Azadlığı gününün tarixi barədə məlumat
vermişdir. Bildirilmişdir ki, Azərbaycan mətbuatı
dünya mətbuatının bir parçası kimi uğurla
inkişaf edir. Ölkəmizdə söz və mətbuat
azadlığının təmin olunması istiqamətində
ciddi addımlar atılır. Jurnalistikanın inkişafı
ilə bağlı bir sıra uğurlu layihələr həyata
keçirilir.
Ümumdünya Mətbuat Azadlığı gününün demokratik proseslərin inkişaf etdiyi, fikir və söz azadlığına önəm verildiyi ölkələrdə qeyd olunduğunu bildirən YUNESKO-nun Azərbaycan Respublikası üzrə Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva demişdir ki, bu sahəyə ölkəmizdə də böyük diqqət göstərilir.
Kommunikasiya və informasiya sahəsinin YUNESKO-nun əsas prioritet istiqamətlərindən olduğunu qeyd edən G.Əfəndiyeva demişdir ki, Azərbaycan bu sahədə təşkilat ilə fəal əməkdaşlıq edir. O, təşkilatın bu sahədə Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc), Mətbuat Şurası ilə birgə reallaşdırılmış layihələri xüsusi qeyd etmişdir.
Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə KİV nümayəndələrini təbrik edən G.Əfəndiyeva BMT-nin baş katibi Pan Gi Munun, təşkilatın insan hüquqları üzrə ali komissarı Navi Pillayın və YUNESKO-nun baş direktoru İrina Bokovanın bu gün münasibətilə birgə müraciətini oxumuşdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də 3 May - Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə jurnalistləri təbrik etmiş, söz və mətbuat azadlığının, demokratiyanın, şəffaflığın təmin olunmasında, vətəndaş cəmiyyəti quruculuğunda KİV-lərin rolunu yüksək qiymətləndirmişdir. Azərbaycanda dövlətin mətbuata göstərdiyi diqqət və qayğını xüsusi qeyd edən V.Səfərli demişdir ki, sovetlər ittifaqı dövründə ölkə mətbuatı üzərində senzura tətbiq olunmuşdu. Yalnız 1998-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən mətbuat üzərindən senzuranın götürülməsi ilə Azərbaycanda azad mətbuatın inkişafı prosesi başlandı.
Hər il dünyada Ümumdünya Mətbuat Azadlığı Gününün geniş qeyd olunduğunu vurğulayan Beynəlxalq Mətbuat İnstitutunun ölkəmiz üzrə Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu isə jurnalist peşəsinin çətinliklərindən danışmışdır.
“Dəyirmi
masa”da KİV nümayəndələri, jurnalist birliklərinin
təmsilçiləri, media ekspertləri və ziyalılar
iştirak etmişlər.
Azərbaycan.- 2011.-4
may.- S.7.