Dərin və zəngin mədəni
dəyərlərə malik olan Azərbaycanda tarixən sufilik
digər təriqətlərlə bərabər əsasda
inkişaf etmişdir
Mən Bakını keçən əsrin 70-ci illərindən tanıyıram. Həmin illərdə mən müntəzəm olaraq Azərbaycana dair jurnal alırdım. Bu ölkə ilə bağlı bütün məlumatları izləyirdim. Bilirəm ki, dərin və zəngin mədəni dəyərlərə malik olan Azərbaycanda tarixən sufilik digər təriqətlərlə bərabər əsasda inkişaf etmişdir.
Bu sözləri Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilmiş "Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi və dialoq fəlsəfəsi" mövzusunda beynəlxalq konfransın iştirakçısı, Əlcəzair Mədəniyyət Nazirliyinin nəzdində Antropologiya, Tarixəqədər və Tarix üzrə Araşdırma Mərkəzi Tədqiqat Şöbəsinin direktoru doktor Zaim Xenşevali AzərTAc-a müsahibəsində demişdir.
Əlcəzairli qonaq qeyd etmişdir ki, bu, mənim Azərbaycana üçüncü səfərimdir. Mən hər dəfə bu ölkədə, Prezident İlham Əliyevin forumun açılışındakı nitqində qeyd etdiyi kimi, fenomenal inkişafın şahidi oluram. Düşünürəm ki, bu ölkə qədim sivilizasiyası və mədəniyyəti ilə fəxr edə bilər. Bu gün Azərbaycan bütün dünyaya açıq bir ölkədir. Bu baxımdan Azərbaycan bütün Şərq ölkələrinə nümunə olacaq bir məkandır.
Z.Xenşevali təmsil etdiyi qurumun Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu ilə əməkdaşlıq əlaqələrindən danışmışdır. O qeyd etmişdir ki, iki tədqiqat mərkəzi sufi fəlsəfəsinin görkəmli nümayəndəsi Seyid Yəhya Bakuvinin anadan olmasının 550-ci ildönümünü birlikdə qeyd edəcəkdir. Əlcəzairdə tanınmış sufi təriqətlərindən olan xəlvətiyyənin banisi Bakuvidir. Ona görə də Bakının adı əlcəzairlilərə tanışdır. Hətta Əlcəzairin mədəniyyət naziri Azərbaycana səfəri zamanı Şirvanşahlar sarayında Seyid Yəhya Bakuvinin məzarını ziyarət etmişdir. Bu əlaqələr Azərbaycan ilə Əlcəzair arasında mənəvi yaxınlığın daha qədimdən mövcud olmasına dəlalət edir.
Qonaq forum çərçivəsində keçirilmiş "Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi və dialoq fəlsəfəsi" beynəlxalq konfransında "İnsan konsepsiyası "Mən" və "Başqası" arasında münasibətlər" mövzusunda məruzə etdiyini diqqətə çatdırmışdır.
Azərbaycan.- 2011.-4 may.- S. 8.