Sözü yaşadanlar

 

Filologiya elmləri doktoru Abid Tahirlinin növbəti kitabı "İdrak işığında" adlanır. Müəllif ayrı-ayrı illərdə qələmə aldığı və mətbuatda dərc etdirdiyi ədəbi-tənqidi, elmi-publisistik məqalələrinin bir qismini bu kitab vasitəsilə yenidən oxuculara təqdim edir.

Yeni nəşr Azərbaycan ədəbiyyatının və publisistikasının görkəmli nümayəndəsi İsmayıl bəy Qutqaşınlının həyat yoluna, ədəbi taleyinə həsr olunmuş iki məqaləsi ilə açılır. "Bir səfərin ədəbi və əbədi sədası" adlanan məqalədə ədəbiyyatımızda realist maarifçi nəsrinin banisi, Azərbaycanın ilk generalı İsmayıl bəy Qutqaşınlının həyat yolundan, yaradıcılığından, səyahətlərindən, Məkkə ziyarətindən söz açılır.

İkinci məqalədə isə İsmayıl bəy Qutqaşınlı ilə bağlı mükəmməl tədqiqatlar aparan bir neçə ədəbiyyatşünasın yaradıcılığına güzgü tutulur.

Abid Tahirli Azərbaycan mühacirəti, mühacirət mətbuatı ilə bağlı səmərəli araşdırmalar aparan müəllif kimi tanınır. Bu topluda da ömrünü mühacirətdə keçirmiş Ceyhun bəy Hacıbəylinin publisistikasına toxunaraq onun xeyriyyəçilik, maarifçilik fəaliyyətindən söz açır.

Müəllif ənənəsinə sadiq qalaraq mühacirət ədəbiyyatı, mətbuatı ilə bağlı yeni faktları da təqdim edir. Bu mənada "Molla Nəsrəddin" jurnalının mühacirətdəki həyatı, Azərbaycan tarixində, xüsusilə publisistikamızda iz buraxmış, nəsillərə örnək kimi qəbul edilən M.B.Məmmədzadənin yaradıcılığı haqqında oxuculara yeni bilgilər çatdırılır. Xarici ölkələrdə Azərbaycanla bağlı işıq üzü görmüş nəşrlərdən söz açılır.

Abid Tahirli XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı İlyas Əfəndiyevlə bağlı maraqlı tədqiqatların müəllifidir. Onun bu kitabda unudulmaz ədibə aid beş məqaləsi toplanıb.

Abid Tahirli yazı üslubuna və prinsiplərinə həmişəki kimi sadiqdir. O, ədəbi, mədəni irsimizin, Azərbaycan istiqlalçılarının mücadilə yolunun, mühacirət mətbuatı problemlərinin daha dərindən və müasir tələblər baxımından tədqiqi, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin təbliğinə xüsusi diqqət yetirir. Bu kitab geniş oxucu kütləsi və ali məktəb tələbələri üçün nəzərdə tutulmuşdur.

 

 

F.XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.-4 may.- S. 8.