Azərbaycan-Ukrayna əməkdaşlığı
yeni mərhələyə qədəm qoymuşdur
Ulu öndər Heydər Əliyevin xarici siyasət doktrinasını uğurla davam etdirən Prezident İlham Əliyev Ukrayna ilə də ikitərəfli əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verir. Sovet dönəmindən mövcud olan iqtisadi əlaqələrin davam etdirilməsi hər iki dövlətin strateji maraq dairəsindədir.
İki ölkə arasında diplomatik münasibətlərin uğurla qurulmasında xalqların tarixi bağlılığı da mühüm rol oynayır. Rəsmi Bakı Ukrayna ilə əlaqələrin inkişafında bu amili daim diqqətdə saxlamışdır. Azərbaycanın sivilizasiyalararası dialoq təşəbbüskarı kimi çıxış etməsi, ölkədə milli azlıqların bütün hüquqlarının yüksək səviyyədə qorunması, tolerantlıq mühitinin hökm sürməsi ölkələrimiz arasındakı münasibətlərə müsbət impulslar vermişdir.
Azərbaycanla Ukrayna arasında əməkdaşlıqda əldə edilmiş mühüm nailiyyətlər ümumilikdə dövlətlərarası münasibətlərin inkişafında öz sözünü deyir. Ukrayna dövlətinin iqtisadi cəhətdən inkişaf etməsi, yerləşdiyi coğrafi arealda nüfuzu, eyni zamanda, Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolunu oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun daim artması kimi ümumi oxşarlıqlar əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradıb. Mübadilə proqramları, elm, mədəniyyət və təhsil müəssisələri arasında əlaqələrin genişlənməsinə kömək etmişdir. Həmin tədbirlərin uğurla nəticələnməsi xalqların tarixi talelərinin yaxınlığını, mədəniyyətlərin dialoqunda varisliyin saxlanılmasına səy göstərildiyini bir daha təsdiq etmişdir.
Ukrayna Prezidenti Viktor Yanukoviçin bu günlərdə ölkəmizə rəsmi səfəri də bu baxımdan əlamətdar olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç arasında keçirilən görüşdə ikitərəfli münsibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bir daha vurğulandı. Prezidentlər ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu, əlaqələrin bundan sonra da möhkəmlənəcəyini bildirdilər.
Ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələr iqtisadi sahədə də əməkdaşlığın davamlı inkişafına müsbət təsir göstərmişdir. Qeyd edək ki, ötən il Ukraynaya təqribən 1,5 milyon ton Azərbaycan nefti nəql edilmişdir. Bu fakt fəal və çox səmərəli əməkdaşlığın nəticəsi olaraq yeni layihədir. Cari ilin yanvarında iki ölkə başçısı Azərbaycanın maye qazının Ukrayna ərazisinə nəql edilməsi haqqında birgə sənəd imzalamışlar. Qaz satışının çoğrafiyasının genişləndirilməsi Azərbaycanla yanaşı, Ukrayna tərəfi üçün də böyük əhəmiyyət kəsb edir. Azərbaycanın öz qaz potensialını genişləndirdiyi və iri qaz istehsalçısı və ixracçısına çevrildiyi bir vaxtda bu sahədə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Nəqliyyat sahəsində də əmkdaşlıq böyük perspektivlərə yol açmışdır. Əminliklə qeyd etmək olar ki, Xəzər dənizi və Qara dəniz regionlarında həyata keçiriləcək nəqliyyat, infrastruktur layihələri ölkələrimizi təkcə etibarlı nəqliyyat yolları ilə birləşdirməyəcək, həm də Xəzər-Qara dəniz hövzəsində, gələcəkdə isə Xəzər dənizi-Qara dəniz-Baltik dənizi regional əməkdaşlığı üçün yaxşı zəmin yaradacaqdır.
Bakıda Azərbaycan və Ukrayna Prezidentləri Şurasının üçüncü iclasından sonra Azərbaycan-Ukrayna sənədlərinin imzalanma mərasimi keçirildi. Bu sənədlər sırasında "Azərbaycan Respublikası və Ukrayna prezidlentlərinin strateji təfərdaşlıq münasibətlərinin gələcək inkişafı barədə Birgə Bəyannamə", "Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının üçüncü iclasının Protokolu", "Azərbaycan Respublikası ilə Ukrayna arasında 2011-2015-ci illərdə Hərtərəfli Əməkdaşlığa dair Tədbirlər Planı"nı xüsusi ilə qeyd etmək olar.
Sənədlərin imzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında Prezident İlham Əliyev dedi: "Ölkələrimiz arasında ənənəvi çox mehriban dostluq münasibətləri mövcud olmuşdur. Hazırda bu münasibətlərin inkişafı yeni mərhələyə qədəm qoymuş, konkret məzmun kəsb etmişdir. Münasibətlərimiz dinamizmi və əlaqələrimizi bütün istiqamətlərdə inkişaf etdirmək üçün qarşılıqlı əzmlə fərqlənir.
Siaysi baxımdan çox fəal dialoq aparırıq. Biz daim əlaqədəyik və rəsmi səfərlər mübadiləsi ölkələrimiz arasında qarşılıqlı siyasi fəaliyyətin yüksək səviyyəsindən xəbər verir. Mən ötən ilin sonlarında Ukraynaya rəsm səfərimi böyük səmimiyyətlə xatırlayıram. Təbii ki, qarşılıqlı səfərlər ölkələrimizin yaxınlaşmasına kömək edir. Biz həmçinin beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. BMT, ATƏT, Avropa Şurası, MDB və digər beynəlxalq təşkilatlarda əməkdaşlığımız böyük əhəmiyyət kəsb edir".
Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallaşmasında lokomotiv dövlət kimi çıxış edən Azərbaycanla dinamik münasibətlərin qurulması Ukrayna üçün də mühüm əhəmiyyət kəsb edir. Ukrayna dövləti ilə Azərbaycan GUAM çərçivəsində də fəal əməkdaşlıq edirlər. GUAM ölkələrinin yerləşdiyi region, malik olduqları zəngin təbii resurslar Avropa Birliyi dövlətləri üçün müstəsna əhəmiyyət kəsb edir. GUAM bir təşkilat olaraq Avropa Birliyi ilə enerji, nəqliyyat və digər strateji sahələrdə əlaqələri gücləndirmək üçün yaxşı imkanlar əldə etmişdir.
Ukrayna Prezidenti Viktor Yanukoviç Azərbaycanla siyasi sahədə olduğu kimi, iqtisadi sferada da əməkdaşlığın inkişafından razılığını bildirmişdir: "Ötənilki əmtəə dövriyyəsi ölkələrimizin müstəqillik qazandığı bütün illər içərisində görünməmiş səviyyədədir. Bu il Ukrayna da, Azərbaycan da müstəqilliklərinin 20-ci ildönümünü qeyd edəcəkdir. Biz ötən il parlaq nümunə göstərdik, əmtəə dövriyyəsi elə səviyyəyə qalxdı ki, Ukrayna hazırda Azərbaycanla bu göstərici üzrə ikinci yeri tutur. Bu bizim üçün xoşdur. Əlbəttə, razılaşmaları yeinə yetirməyimiz, onlara əməl etməyimiz çox vacibdir".
Ümumiyyətlə,
Ukrayna-Azərbaycan əlaqələri son 8 ildə çox
inkişaf etmişdir. Ölkələrimiz arasında siyasi,
iqtisadi, energetika, mədəni və digər sahələrdə
əməkdaşlığın güclənməsində
ölkə başçılarının
qarşılıqlı səfərləri başlıca rol
oynamışdır.
Azərbaycan.- 2011.-5 may.- S. 1.