"Heydər Əliyev. Müstəqilliyimiz
əbədidir" çoxcildliyinin 34-cü kitabı
çapdan çıxmışdır
"Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin 34-cü kitabı çapdan çıxmışdır. Nəşrin buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
AzərTAc xəbər verir ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin oxuculara təqdim olunan çoxcildliyinin bu kitabında görkəmli dövlət xadiminin ölkəmizin tərəqqisi naminə gördüyü işlər respublikamızın ictimai-siyasi, iqtisadi, mədəni həyatına, xarici ölkələrlə əlaqələrin genişlənməsi istiqamətində aparılan görüşlərə aid zəngin materiallar yer almışdır. Kitabda əks olunan rəsmi sənədlər, çıxışlar, müsahibələr, fərmanlar, müraciətlər, bəyanatlar 2001-ci ilin may-iyun aylarını əhatə edir.
Kitab ümummilli lider Heydər Əliyevin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş ədəbi-bədii gecədə çıxışı ilə açılır. Çıxışında ulu öndər akademik Zərifə Əliyevanın insani keyfiyyətlərindən danışaraq bu gecəni təşkil edənlərə, onun xatirəsinə ehtiramla yanaşanlara təşəkkürünü bildirir.
Yeni cilddə görkəmli dövlət xadiminin siyasi fəaliyyəti ilə bağlı tarixi baxımdan çox əhəmiyyətli məqamlar əks olunub. Bu sırada ümummilli lider Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafı, ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətində gördüyü işlərə dair materiallar diqqəti çəkir. Ulu öndərin Böyük Britaniyanın bp şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələrin təqdimat mərasimində çıxışı zamanı onun bütün görülən işlərin ölkəmizin gələcəyi, iqtisadi inkişafı üçün edildiyini deməsi müasir dövrümüzdə bir daha təsdiqini tapır. Ümummilli liderin həmin çıxışında dilə gətirdiyi bir məqam onun Azərbaycan naminə fədakarcasına çalışmasının bariz nümunəsidir: "Mən həmişə demişəm ki, bizim neft strategiyamız, imzaladığımız bütün müqavilələr Azərbaycanın gələcəyi üçündür. Mən burada çox zəhmət çəkmişəm. Ancaq düşünürəm ki, bunların hamısının nəticəsini mən şəxsən görməyəcəyəm. Çünki hər insanın ömrünün bir həddi var. Ancaq bu məni darıxdırmır. Çünki bunu mən özüm üçün etmirəm. Mən bunu xalqım, millətim, gənclərimiz üçün, Azərbaycanın gələcəyi üçün edirəm".
Görkəmli dövlət xadimi Heydər Əliyevin daim diqqət yetirdiyi əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli olmuşdur. Yeni cilddə ulu öndərin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü zamanı dedikləri bu problemə yanaşmada ulu öndərin böyük həssaslıq göstərdiyini nümayiş etdirir. Prezident söhbət zamanı ölkəmizin bu münaqişədən daha çox əziyyət çəkdiyini dəfələrlə önə çəkir və göstərir ki, münaqişənin nizamlanması 1 milyona yaxın qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün həyati vacib məsələdir. O, həmsədrlərə üzünü tutaraq deyir: "Mən sizin fikrinizlə razıyam ki, sülh həm Ermənistana, həm də Azərbaycana lazımdır. Ancaq tərəziyə qoysaq, bu, eyni şəkildə deyildir. Sülhün bağlanması Azərbaycana həddindən çox lazımdır. Qaçqınları Ağcabədidə görəcəksiniz, amma onlardan Azərbaycanın hər yerində vardır".
Kitabda ümummilli liderin MDB ölkələrinin Dövlət Başçıları Şurasının Minskdə keçirilən toplantısında, GUÖAM təşkilatının dövlət başçılarının Yaltadakı zirvə görüşündəki çıxışları, 28 May - Respublika Gününə həsr edilmiş təntənəli mərasimdə nitqi əksini tapmışdır. Bundan əlavə, yeni cildə ulu öndər Heydər Əliyevin Azərbaycanda səfərdə olan Türkiyə, Rusiya, Ukrayna, Almaniya və digər ölkələrin nümayəndə heyətləri, türkiyəli alim İhsan Doğramacı, Moskvanın və Rusiyanın patriarxı II Aleksi ilə yüksək səviyyəli görüşləri barədə materiallar daxil edilmişdir.
"Azərnəşr"
nəşriyyatında çap olunan çoxcildliyin
hazırlanmasında AzərTAc-ın materiallarından istifadə
edilmişdir.
Azərbaycan.- 2011.-5 may.- S. 1.