Litva Azərbaycanın Avropaya inteqrasiya siyasətini daim dəstəkləyir

 

Mayın 3-də http://www.baltic-course.com/rus/baltija portalında "İlham Əliyev: Litva Azərbaycanın Avropaya inteqrasiya siyasətini daim dəstəkləyir" sərlövhəli məqalə yerləşdirilmişdir. Bu məqalə Litva Prezidenti Dalya Qribauskaytenin Azərbaycana rəsmi səfərinə həsr edilmişdir.

Məqalədə qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev Litva dövlətinin başçısı ilə təkbətək görüşdən sonra mətbuat üçün bəyanatında demişdir: "İkitərəfli münasibətlərimizə aid müxtəlif aspektlər, o cümlədən regional məsələlər ətrafında çox maraqlı müzakirələr oldu. Əminəm ki, bu müzakirələr regionda baş verən hadisələri, çağırışları və problemləri daha yaxşı anlamağa və irəliyə doğru hansı yolla gedəcəyimizi təsəvvür etməyə imkan yaradacaqdır. İkitərəfli münasibətlərə gəldikdə, bildirmək istəyirəm ki, onlar əladır. Bizim çox fəal siyasi dialoqumuz vardır. Beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq edirik. Litva Azərbaycanın Avropaya inteqrasiya siyasətini daim dəstəkləyir. Əminəm ki, xanım Prezidentin səfəri ölkələrimiz arasında siyasi münasibətləri daha da möhkəmləndirəcəkdir".

Məqalədə enerji təhlükəsizliyi məsələləri ilə əlaqədar İlham Əliyevin aşağıdakı sözləri sitat gətirilir: "Azərbaycan bu baxımdan daha fəal rol oynayır. Cari ilin yanvarında Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub" qaz dəhlizi haqqında birgə bəyannamə imzaladıq. Bu, irəliyə doğru atılan mühüm bir addım oldu. Bu, həmin sahədə daha geniş əməkdaşlığın qurulmasına əsas yaradacaqdır". Azərbaycan Prezidenti demişdir ki, enerji sahəsində əlaqələr Avropa İttifaqı ilə əməkdaşlığımızın mühüm bir hissəsidir.

Səfər çərçivəsində regional təhlükəsizlik məsələləri də müzakirə edilmişdir. İlham Əliyev demişdir: "Litva hazırda ATƏT-ə sədrlik edən ölkədir. Uzun illərdir ki, Azərbaycan ilə Ermənistan arasındakı münaqişə həll olunmayıb. Əlbəttə ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməlidir".

Azərbaycan Prezidentinin sözlərinə görə, o, Dalya Qribauskayteni danışıqların hazırkı statusu, müzakirə olunan məsələlər barədə məlumatlandırmışdır. Litva Prezidenti Dalya Qribauskayte minnətdarlığını bildirərək ikitərəfli iqtisadi münasibətlərin yaxşı olmasını qeyd etmişdir, yəni müzakirə edilməli məsələlər və görüləsi işlər çoxdur.

 

 

Nigar HÜSEYNOVA,

AzərTAc-ın xüsusi müxbiri

Vilnüs

 

Azərbaycan.- 2011.- 5 may.- S. 1.