Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransanın məşhur "Van Cleef & Arpels" evinin prezidenti Stanislas de Kersiz ilə görüşmüşdür

 

Mayın 4-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva "Sənət inciləri" sərgisinin keçirildiyi Müasir İncəsənət Muzeyində dünyanın məşhur "Van Cleef & Arpels" zərgərlik evinin prezidenti Stanislas de Kersiz ilə görüşmüşdür.

Mehriban xanım Əliyeva Stanislas de Kersizi Azərbaycanda salamlamaqdan və Bakıda "Sənət inciləri" adlı sərginin açılmasından məmnunluğunu bildirdi. Azərbaycanın birinci xanımı qeyd etdi ki, dünyada üçüncü dəfədir təşkil edilən belə sərginin Bakıda keçirilməsi ölkələrimizin mədəni həyatında mühüm hadisədir. Mehriban xanım Əliyeva vurğuladı ki, sərginin təşkil edildiyi Müasir İncəsənət Muzeyi onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmışdır. Bu möhtəşəm sərginin mədəni əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayan Azərbaycanın birinci xanımı bildirdi ki, ekspozisiyada nümayiş olunan zinət əşyaları "Van Cleef & Arpels" evinin inkişafının tarixini göstərir.

Mehriban xanım Əliyeva Stanislas de Kersizin ölkəmizə səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirdi.

"Van Cleef & Arpels" evinin prezidenti Stanislas de Kersiz Azərbaycana səfərindən məmnunluğunu bildirdi, sərginin Azərbaycan ilə Fransa arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayacağını qeyd etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-5 may.- S. 2.