Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tanınmış fransız kinoaktrisası Katrin Denev ilə görüşmüşdür

 

Mayın 4-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Müasir İncəsənət Muzeyində tanınmış fransız kinoaktrisası Katrin Denev ilə görüşmüşdür.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Katrin Denevi salamlayaraq dünya şöhrətli kinoaktrisanı ölkəmizdə görməkdən məmnun olduğunu bildirdi. Katrin Denevin Azərbaycana ilk dəfə səfər etdiyini, məşhur aktrisanın artıq Bakının bir sıra görməli yerləri tarixi abidələri ilə tanış olduğunu deyən Mehriban xanım Əliyeva səfərin uğurlu keçəcəyinə əminliyini ifadə etdi.

Mehriban xanım Əliyeva ölkəmizin zəngin mədəniyyətə malik olduğunu, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mədəniyyət sahəsində bir sıra mühüm layihələr reallaşdırdığını diqqətə çatdırdı.

Görüşdə Azərbaycan ilə Fransa arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

 

* * *

 

Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransada nəşr olunan nüfuzlu "L'Officiel" jurnalının rus versiyasının baş redaktoru Evelina Xromçenko ilə görüşdü.

Tanınmış jurnalist Evelina Xromçenko Mehriban xanım Əliyeva ilə xatirə şəkli çəkdirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 5 may.- S. 2.