Əli Həsənov:
"İctimai Palatanın iflası təbiidir"
"Freedom House"a qeyri-ciddi təşkilat kimi
yanaşırıq"
Azərbaycan Prezident
Administrasiyasının İctimai-siyasi şöbəsinin
müdiri Əli Həsənovun APA-ya müsahibəsi.
- Azərbaycanda hazırkı ictimai-siyasi durumu necə
qiymətləndirirsiniz?
-
- Bir neçə gün öncə "Freedom House"
beynəlxalq təşkilatının dünyada mətbuat
azadlığının vəziyyətinə dair hesabatı
açıqlandı. Həmin hesabatdakı reytinq cədvəlində
Azərbaycanın 196 ölkə arasında 171-ci yerdə
göstərilməsinə münasibətiniz necədir?
- Bizim mətbuat ictimaiyyəti,
Mətbuat Şurasının sədri, bəzi aparıcı qəzetlərin
baş redaktorları bu hesabata münasibətlərini bildiriblər.
Mən onların münasibəti ilə tamamilə razıyam.
Bəzi beynəlxalq qeyri-hökumət təşkilatları
son zamanlar onlara öz funksiyaları ilə bağlı bəslənən
etimadları itiriblər və ayrı-ayrı mərkəzlərin
göstərişi ilə, subyektiv mülahizələr əsasında
fəaliyyət göstərirlər. Adını çəkdiyiniz
qurum da həmin təşkilatlardan biridir. Bu quruma qeyri-ciddi təşkilat
kimi yanaşırıq və onların Azərbaycan
haqqında rəyinə şərh vermirik. Çünki təkrar
edirəm, bu, obyektiv təşkilat deyil, fikirlərini subyektiv
mülahizələr əsasında formalaşdırır. Elə
təşkilatların rəyinə münasibət bildirməyə
də dəyməz.
- İctimai Palatanın sonuncu sessiyasında mitinqlə
bağlı konkret qərar verilmədi. Bu məqam və
ümumiyyətlə, İctimai Palatanın hazırkı vəziyyəti
haqqında fikirlərinizi bilmək istərdik.
- Özünü İctimai
Palata adlandıran bu qurumun bu tipli qərar verməsi, yaxud
bundan əvvəlki qərarları, yəni ictimai sifariş
olmadan mitinq qərarı çıxarması, camaatı
qarşıdurmaya sövq etməyə cəhd göstərməsi,
icazə verilməyən yerlərdə qarşıdurma
yaratmaq meylləri və s. təbiidir. Çünki ora
yığışan insanların böyük əksəriyyəti
ötən illərdə qeyri-konstruktiv, radikal mövqeyi, Azərbaycan
cəmiyyəti ilə üst-üstə düşməyən
fərqli maraq nümayiş etdirməsi və digər məsələlərlə
seçiliblər. Orada anti-Azərbaycan fəaliyyətində
olan müəyyən adamlar da var. Ona görə də
"Palata" adlanan həmin qurumdan ciddi qərar gözləməyə
də dəyməzdi. Təkrar edirəm, onlar ayrı-ayrı
ölkələrdə baş verən proseslərin təsiri
altında dərhal Azərbaycanda da nəsə etmək
ab-havası ilə küçələrə
çıxırlar və sosial dayağı olmayan, ciddi insan
kütləsini öz arxasınca apara bilməyən təşkilatlarda
olduğu kimi, iflasa uğrayırlar. Onların da iflası təbii
idi. Bundan başqasını da gözləmirdik.
- İctimai Palata "Yol xəritəsi" adlı layihə
hazırlayıb. Həmin layihədə hakimiyyət və
İctimai Palata arasında siyasi dialoqun aparılması məqamı
da var. Yaxın müddətdə hakimiyyətlə müxalifət
arasında hansısa dialoqun keçirilməsinə ehtiyac
varmı, bu gözlənilirmi?
- Dialoqla bağlı məsələlərə
dəfələrlə münasibət bildirdiyimdən təkrar
qayıtmaq istəmirəm. Cəmiyyətin normal konstruktiv kəsimi
ilə, normal ideyası olan, Azərbaycan cəmiyyətini,
dövlətini düşünən, onun gələcəyi
ilə bağlı nəsə etmək istəyən istənilən
ictimai siyasi institutla, partiyalarla biz dialoq aparırıq, bundan
sonra da aparacağıq. Çünki Azərbaycan cəmiyyətində
hər bir fikrin öz yeri, əhəmiyyəti var. Hər bir
fikrin də yaşamağa haqqı-hüququ var. Amma məramı-məqsədi
bəlli olmayan, bir-iki ambisiyalı şəxsin ətrafında
toplanmış və heç bir sosial dayağı olmayan
hansısa qurumun "yol xəritəsi"nin Azərbaycan cəmiyyətinə
xeyir gətirəcəyinə, yaxud onların hər hansı
təklifinin yaxşı bir nəticəyə səbəb ola
biləcəyinə mənim şübhəm var. Ona görə
də onlara heç vaxt itirməyə dəyməz.
- Bir müddət öncə parlamentdə təmsil
olunan 6 siyasi partiyanın təmsilçisi partiyaların
dövlət büdcəsindən maliyyələşdirilməsinə
dair təkliflər hazırlayaraq Prezident Administrasiyasına təqdim
edib. Administrasiyanın həmin təkliflərə münasibəti
artıq formalaşıbmı?
- Bildiyiniz kimi, Azərbaycanda
"Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul
olunub. Əslində ona qanun demək də böyük
çıxır, bu, siyasi fəaliyyət haqqında
deklarasiyadır. Çünki o zaman Azərbaycanın yeni
Konstitusiyası qəbul olunmamışdı, Azərbaycanda
hüquqi dövlət quruculuğu prosesləri demək olar
ki, başlamamışdı. Azərbaycanın müəyyən
etdiyi xarici, daxili siyasət, o cümlədən siyasi partiya
institutu, ictimai təşkilatlar, Azərbaycanda vətəndaş
cəmiyyətinin prinsipləri - bunların heç biri bərqərar
olmamışdı, Azərbaycan Avropa Şurasına daxil
olmamış, üzərinə öhdəliklər
götürməmiş və yerinə yetirməmişdi.
Faktiki olaraq həmin qanun Azərbaycanın bugünkü şəraitinə
və Konstitusiyasına uyğunlaşdırılmamış
bir qanundur. Ona görə də parlamentdən Azərbaycan
prezidentinin ünvanına daxil olan təşəbbüs cənab
prezidentə məruzə olundu. O, bu təşəbbüslə
tanışdır. Azərbaycan cəmiyyətinin buna
ehtiyacını da nəzərə alaraq Prezident
Administrasiyası bu qanunun geniş müzakirə olunmasına
və siyasi partiya institutunun gələcək inkişafı
parametrlərinin, prinsiplərinin müəyyən
olunmasına tərəfdardır. Bununla bağlı yəqin
ki, yaxın müddətdə parlament müzakirələrə
başlaya bilər. Düşünürəm ki, bundan
ötrü müəyyən prosedurlar da keçilməlidir.
Biz ATƏT və Avropa Şurası ilə dəyirmi masalar
keçirməyi də planlaşdırırıq. Həmin tədbirlərdə
Azərbaycanda siyasi partiya institutu, onun perspektivləri və s.
məsələlər müzakirə olunacaq. Bu sırada
siyasi partiyaların maliyyələşməsi ideyası da
müzakirə ediləcək. Müzakirələrin nəticəsi
olaraq Azərbaycan cəmiyyətinin nəyi gündəmə
gətirib, nəyi qəbul edəcəyi məlum olacaq.
- Əgər siyasi partiyalar dövlət büdcəsindən
maliyyələşərsə, bu, yalnız parlamentdə təmsil
olunan partiyalara, yoxsa dövlət qeydiyyatından
keçmiş bütün partiyalara şamil olunacaq?
- Bir daha təkrar edirəm,
hər şey qanunda ortaya qoyulan prinsiplərin, parametrlərin
qəbul olunmasından asılıdır. Ancaq bu məsələdə
ümumilikdə siyasi partiyalarla bağlı məqam öz əksini
tapacaq. Yəni parlamentdə təmsil olunub-olunmamasından
asılı olmayaraq bütövlükdə siyasi partiya
institutu nədir, onun strukturu necə olur, necə
formalaşır, necə inkişaf edir, partiya quruculuğu
prosesinin şəffaflığı necə təmin olunur və
s. məsələlər öz əksini tapacaq.
- ABŞ tərəfindən "dünyanın bir
nömrəli terrorçusu" adlandırılan Üsamə
bin Ladenin öldürülməsindən sonra bir sıra
ölkələr terror ehtimalı ilə bağlı təhlükəsizlik
tədbirləri gördüyünü elan edib. Bununla
bağlı Azərbaycanda xüsusi təhlükəsizlik tədbirləri
görülübmü?
- Biz
düşünmürük ki, Azərbaycanda bu gün ciddi
terror təhlükəsi var, yaxud terrorla əlaqəli
hansısa təhlükəli proseslər gözlənilir.
Ancaq eyni zamanda dünyanın heç bir ölkəsi,
heç bir ərazisi, heç bir şəhəri, kəndi,
heç bir müəssisəsi terrordan
sığortalanmayıb. Hansı formada olmasından
asılı olmayaraq Azərbaycan terroru həmişə pisləyib
və bu gün də pisləməkdədir.
Azərbaycan.- 2011.- 5 may.- S.
3.