YAP Qadınlar Şurası
"Tarix və müasirlik. XXI əsrin
çağırışlarına cavab" mövzusunda
konfrans keçirmişdir
Mayın 4-də Yasamal Rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Tarix və müasirlik. XXI əsrin çağrışlarına cavab" mövzusunda konfrans keçirmişdir.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, binanın foyesindəki abidəsi önünə gül dəstələri qoymuşlar.
YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva konfransı açaraq ümummilli lider Heydər Əliyevin xalqımızın qarşısında əvəzsiz xidmətlərindən danışmışdır. Bildirmişdir ki, müstəqil dövlətimizdə əldə olunan bütün nailiyyətlər ulu öndərimizin adı və fəaliyyəti ilə bağlıdır.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova xalqımızın böyük oğlu Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında, inkişafında və dünyada tanınmasında misilsiz rolundan bəhs etmişdir. O, müdrik dövlət xadimi Heydər Əliyevin şəxsiyyətinin böyüklüyündən danışaraq, ümummilli liderin ideyalarının əbədi yaşayacağını demişdir. Bildirmişdir ki, Azərbaycanda siyasi sabitlik və sürətli inkişafın təməli məhz ulu öndər tərəfindən qoyulmuşdur. Heydər Əliyevin həyatı və fəaliyyəti öz xalqının taleyi ilə daim sıx bağlı olmuşdur.
Milli Məclis Sədrinin müavini Bahar Muradova müasir müstəqil Azərbaycan dövlətinin və YAP-ın yaradıcısı olan dünya şöhrətli siyasətçi Heydər Əliyevin dövlətimizin müstəqilliyinin möhkəmlənməsində, əbədi və dönməz olmasında göstərdiyi tarixi xidmətlərindən söz açmışdır. O, ulu öndərimizin Azərbaycan qadınına verdiyi dəyərlərdən danışaraq demişdir ki, bu gün qadınlarımız siyasi cəhətdən fəaldırlar və bu qadınların çoxu, demək olar ki, YAP-da cəmləşmişlər. Buna səbəb Heydər Əliyevin qadınlara olan hörməti və münasibəti idi. Azərbaycanda qadın hüquqlarının qorunması, onların ictimai fəallığının artırılması istiqamətindəki xidmətlər ulu öndərin adı ilə bağlıdır.
Çıxış edən digər natiqlər ulu öndərin təhsil, səhiyyə, mədəniyyət sahələrində gördüyü əvəzsiz işlərdən, həyata keçirdiyi layihələrdən danışmışlar. Biildirmişlər ki, Azərbaycanı dünyaya tanıdan ümummilli lider Heydər Əliyevin gördüyü misilsiz işlər xalqımızın öz seçimində yanılmadığını sübut etmişdir.
AzərTAc
Azərbaycan.- 2011.-5 may.- S. 3.