Serbiyanın Xarici İşlər Nazirliyinin binasında Azərbaycan salonu açılmışdır

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Serbiyada rəsmi səfərdədir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində mayın 3-də azərbaycanlı nazirin və Serbiyanın xarici siyasət idarəsinin rəhbəri Vuk Yeremiçin iştirakı ilə bu ölkənin Xarici İşlər Nazirliyinin binasında Azərbaycan salonunun təntənəli açılış mərasimi keçirilmişdir.

Mərasimdən sonra E.Məmmədyarovun V.Yeremiç ilə görüşü olmuşdur. Görüşdə E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanı dəstəklədiklərinə görə Serbiya rəhbərliyinə təşəkkürünü bildirmişdir. Nazir ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi və mövcud durum haqqında serbiyalı həmkarını məlumatlandırmışdır. Eyni zamanda, E.Məmmədyarov Serbiyanın Kosovo problemi ilə bağlı Azərbaycanın məlum mövqeyini bir daha xatırlatmışdır.

V.Yeremiç ölkəmizlə münasibətlərin inkişaf etdirilməsinin Serbiya rəhbərliyinin siyasi xətti və qəti mövqeyi olduğunu vurğulayaraq Kosovo məsələsi ilə bağlı Azərbaycanın həm ikitərəfli görüşlərdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində Serbiyanın mövqeyini birmənalı şəkildə dəstəklədiyinə görə Azərbaycan dövlətinə və hökumətinə minnətdarlığını bildirmişdir.

Görüşdən sonra nazirlər mətbuata bəyanatlarla çıxış etmişlər.

Həmin gün E.Məmmədyarov Belqrad şəhərinin meri, hakim Demokrat Partiyasının sədr müavini Draqan Cilas ilə görüşmüşdür.

Görüşdə D.Cilas Azərbaycan ilə Serbiya arasında münasibətlərin dinamik inkişaf etdiyini, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin getdikcə genişləndiyini vurğulamışdır.

Mer Azərbaycan rəhbərliyinə onu ölkəmizə dəvət etdiyinə görə minnətdarlığını bildirərək Bakıya məmnuniyyətlə səfər edəcəyini qeyd etmişdir. O, həmçinin Serbiyada Azərbaycan səfirliyi tərəfindən həyata keçirilən humanitar layihələrə, eləcə də Belqrad sakinlərinin ən sevimli istirahət yerlərindən biri olan "Taşmaydan parkı"nın bərpası layihəsi ilə bağlı Azərbaycan rəhbərliyinə və hökumətinə minnətdarlığını ifadə etmişdir.

E.Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu bildirərək "Taşmaydan parkı"nın abadlaşdırılması, orada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin heykəllərinin ucaldılması, Novi Sad şəhərində isə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstünün qoyulması ilə bu tarixi şəxsiyyətlərin Serbiyada xatirələrinin əbədiləşdirilməsinin xalqlarımız arasında dostluq münasibətlərinin təzahürü kimi qiymətləndirmişdir.

Sonra E.Məmmədyarov Belqrad şəhərinin baş memarı və merin müavini, Azərbaycan tərəfindən "Taşmaydan parkı"nın bərpası layihəsinin müəllifi, memar Eldar Hüseynovun iştirakı ilə parkda abadlaşdırma işlərinin gedişi ilə tanış olmuşdur.

 

 

Azərbaycan.- 2011.- 5 may.- S. 3.