Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının iclası keçirilmişdir

 

Mayın 4-də Nəqliyyat Nazirliyində Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, iclasda Baş nazirin müavini, komissiyanın sədri Abid Şərifov çıxış edərək respublikamızın yol-nəqliyyat infrastrukturunda həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. Bildirmişdir ki, son illər yolların dünya standartları səviyyəsində inşa edilməsinə baxmayaraq, iri tonnajlı yük maşınlarının və eləcə də konstruksiyalarına dəyişikliklər edilmiş avtomobillərin normadan artıq yük daşıması bu yolları yararsız hala salır. Qum, çınqıl və daş karxanaları sahiblərinə dəfələrlə xəbərdarlıq edilsə də, buna baxmayaraq qaydalar yenə də pozulur. Bu qaydaları əsasən daş karxanalarından çıxan yük avtomobilləri pozur. "KamAZ" maşınına 350 mişar daşı yüklənməsi normadırsa, karxanalarda 1000-1300 daş yüklənir. Bu da nəticədə respublika yollarının sıradan çıxmasına gətirib çıxarır. Belə hallara qarşı sərt tədbirlərin görüləcəyini diqqətə çatdıran A.Şərifov sahibkarlara sonuncu xəbərdarlıq etmişdir.

Son 4-5 ildə ölkəmizdə avtomobil yollarının böyük əksəriyyətinin dünya standartları səviyyəsində əsaslı surətdə qurulmasının nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkətinə əlverişli şərait yaratdığını deyən nəqliyyat naziri Ziya Məmmədov yük maşınlarının həddən artıq yüklənməsinin qarşısının alınması istiqamətində görülən tədbirlərdən danışmışdır. Nazir demişdir ki, bu cür halların qarşısının alınması üçün magistral yollarda avtomobillərin yükünün yoxlanılması üçün "tərəzi postları" qurulmuşdur. Buna baxmayaraq, nəinki qaydalara tabe olmayanlar, hətta avtomobilini mühafizə işçilərinin üstünə sürüb təhlükə yaradanlar da vardır. Nəzərə çatdırılmışdır ki, Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları davamlı reydlər keçirirlər.

Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov, "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov və başqaları bildirmişlər ki, ölkəmizdə müasir tələblərə uyğun avtomobil yollarının çəkilməsi hərəkət iştirakçılarının təhlükəsizliyi və rahatlığı üçün geniş imkanlar yaratmışdır. Lakin avtonəqliyyat vasitələrində daşınan yüklərin normadan artıq olması yolların, körpülərin və digər yol qurğularının sıradan çıxması ilə yanaşı, hərəkətin təhlükəsizliyinin təmin olunmasında da ciddi problemlər yaradır. Bir çox hallarda belə daşımalar avtomobillərin yük yerlərinin, qabarit ölçülərinin artırılması, kuzovların bortlarının qaldırılması yolu ilə həyata keçirilir. Bu, "Yol hərəkəti haqqında" və "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərinə ziddir və bu qanun pozuntularına yol verən şəxslər ölkə qanunvericiliyi ilə məsuliyyət daşıyırlar. Yükləmə və yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər bu barədə dəfələrlə xəbərdar olunmalarına baxmayaraq, belə hallar hələ də davam edir. Vurğulanmışdır ki, ağır çəkili, eləcə də iri qabaritli yüklər daşıyan nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yollarına və yol qurğularına zərər dəyməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 164.0.10-cu maddəsi ilə fiziki şəxslər 80 manatdan 100 manatadək, vəzifəli şəxslər 400 manatdan 500 manatadək, hüquqi şəxslər isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə edilirlər.

Diqqətə çatdırılmışdır ki, artıq bundan sonra belə faktlara qarşı sərt tədbirlər görüləcək, lazımi cəza tədbirləri tətbiq ediləcəkdir.

Tədbirdə normadan artıq yüklənmiş iri tonnajlı yük maşınlarından istifadə qaydalarının tənzimlənməsi ilə əlaqədar keçirilən reydlərə həsr olunmuş videosüjet göstərilmişdir.

Bir sıra dövlət qurumları ilə yanaşı, sahibkarların da iştirak etdikləri iclasda belə hallara son qoyulması üçün lazımi addımların atılmasının vacibliyi bildirilmiş, müvafiq təkliflər verilmişdir.

 

 

Azərbaycan.- 2011.- 5 may.- S. 11.