Luvr Muzeyinin direktoru Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasında tikinti işlərinin gedişi ilə tanış olmuşdur

 

Bakı, 4 may (AzərTAc). Ölkəmizə səfərə gəlmiş Fransanın məşhur Luvr Muzeyinin direktoru Anri Luaret mayın 4-də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasında tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

Qonağa məlumat verilmişdir ki, təməli 2008-ci ilin mayında Dənizkənarı Milli Parkda qoyulan muzeyin yeni binası Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, YUNESKO-nun birgə layihəsi əsasında inşa edilir. Muzey binasının layihəsi hazırlanarkən milli memarlıq ənənələrinə daha çox üstünlük verilmişdir.

Luvr Muzeyinin direktoruna layihənin icrası ilə bağlı həyata keçirilən inşaat işlərinin gedişi barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, xalça muzeyinin dördmərtəbəli yeni binasının ümumi sahəsi 18 min 446 kvadratmetr olacaqdır. Binanın birinci mərtəbəsində muzeyin qonaqları üçün guşələr, inzibati və elmi zona, eksponatlar saxlanılan xüsusi yerlər, ikinci mərtəbədə kitabxana, xalça toxuma və tikmə elmi mərkəzi, suvenir və kitab köşkü, üçüncü mərtəbədə danışıqlar və audio-vizual təqdimat otaqları yaradılacaqdır. Dördüncü mərtəbədə isə sərgi salonları və görüş otaqları yerləşəcəkdir.

Binanın zirzəmisində ən müasir avadanlıqla təchiz olunmuş arxiv, anbar, laboratoriya, bərpa və konservasiya şöbələri olacaqdır. Burada, həmçinin açıq havada heykəllərin və xalçaların nümayişi üçün sahə də nəzərdə tutulmuşdur. Muzeyin foyesində cavahirat və qiymətli bəzək əşyalarının sərgisi üçün seyf tipli otaqlar olacaqdır. Layihədə binanın uzunluğu 121,25 metr, eni 22,3 metr, hündürlüyü 18,5 metr nəzərdə tutulmuşdur.

Muzeyin yeni binasının orijinal memarlıq üslubu ilə seçiləcəyi, ətrafda yaşıllaşdırma işlərinin aparılacağı, muzey kompleksinin yaradılacağı bildirilmişdir. Bina istifadəyə verildikdən sonra burada 200 nəfərin çalışacağı qeyd olunmuşdur. Yeni bina Bakının memarlıq ansamblına xüsusi gözəllik gətirəcəkdir.

Qonaq dünya mədəniyyətinin nadir incilərindən hesab olunan Azərbaycan xalçalarının qorunması və nümayiş etdirilməsi baxımından muzeyin yeni binasının tikilməsinin əhəmiyyətini yüksək qiymətləndirmişdir. O qeyd etmişdir ki, muzey fəaliyyətə başladıqdan sonra Azərbaycan mədəniyyətinin təbliğinə dəyərli töhfəsini verəcəkdir.

Anri Luaret Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binadan xoş təəssüratla ayrılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-5 may.- S. 11.