Azərbaycanın insan hüquqları üzrə müvəkkili Şuşanın, Laçının və Kəlbəcərin işğalı günləri ilə bağlı bəyanat yaymışdır

 

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Şuşanın, Laçının və Kəlbəcərin işğalı günləri ilə bağlı bəyanat yaymışdır.

Bəyanat BMT-nin baş katibi Pan Gi Mun, onun müavini, təşkilatın uşaqlar və silahlı münaqişələr problemi üzrə xüsusi nümayəndəsi, insan hüquqları üzrə ali komissarı, Avropa Komissiyası, Avropa Şurası, ATƏT, Beynəlxalq və Avropa Ombudsmanlar institutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycanın xarici ölkələrdəki, xarici dövlətlərin respublikamızdakı səfirlikləri və Azərbaycanın diaspor təşkilatlarına göndərilmişdir.

Sənəddə bildirilir ki, Ermənistanın Azərbaycana qarşı 20 ildən artıq davam edən hərbi təcavüzü nəticəsində 20 mindən artıq azərbaycanlı həlak olmuş, 50 min nəfər yaralanmış, müxtəlif dərəcəli xəsarətlər alaraq əlil olmuş, 4 min 500 insan itkin düşmüş, qadınlar, qocalar, uşaqlar əsir və girov götürülmüş, amansız işgəncələrə məruz qalmışlar. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş, 1000-dək yaşayış məntəqəsi dağıdılmışdır.

Bu işğalçılıq siyasətinin tərkib hissəsini təşkil edən, beynəlxalq hüququn normalarının və prinsiplərinin kobud pozulması ilə nəticələnən, Azərbaycanın tarixən çox mühüm strateji əhəmiyyəti olan, mədəniyyət beşiyi, klassik musiqimizin mərkəzi sayılan, əhalisinin 92 faizini azərbaycanlılar təşkil edən Şuşa şəhərinin, habelə Laçın rayonunun işğalından 19 il keçir.

Bəyanatda vurğulanır ki, 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən, 289 kvadratkilometr ərazisi olan Şuşada həmin dövrdə 24 min 900 nəfər əhali yaşamışdır. Şuşanın işğalı zamanı yerli əhalinin 193-ü şəhid, 102-si isə əlil olmuşdur.

Erməni silahlı qüvvələri intensiv olaraq ağır artilleriya silahlarından rayon mərkəzini atəşə tutmuş, Şuşanın Turşsu adlanan ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçərək, 1992-ci il mayın 18-də Laçını işğal etmiş, nəticədə uzun illərdən bəri qəsb etməyi planlaşdırdıqları Laçın dəhlizini ələ keçirmişlər.

Qarabağ müharibəsi cəbhələrində 267 laçınlı şəhid, 105-i əlil olmuş, 66-sı girov götürülmüşdür. 60 mindən artıq laçınlı ölkəmizin 59 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkünlük həyatı yaşamaqdadır. Bu rayonun işğalı nəticəsində bir şəhər, bir qəsəbə, 125 kənd, 48 sənaye, 63 kənd təsərrüfatı, 142 səhiyyə, 217 mədəni-maarif, 460 ticarət obyekti, 101 məktəb, o cümlədən məktəbəqədər və peşə təhsili müəssisələri, teatr, tarix-diyarşünaslıq muzeyi, 200-dən çox tarixi abidə talan edilərək dağıdılmışdır.

1993-cü il aprelin 2-də isə 52 min nəfər əhalisi olan, təbii sərvətlərlə zəngin Kəlbəcər rayonu düşmən qüvvələri tərəfindən işğal edilmişdir. Kəlbəcərin süqutu ermənilərin sonrakı işğalçılıq planlarının həyata keçməsinə - Azərbaycanın ayrılmaz, əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı digər rayonların - Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilanın, ümumən 17 min kvadratkilometr ərazidə ən məhsuldar torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olunmasına şərait yaratmışdır.

Sənəddə qeyd olunur ki, bu təcavüzün faciəli nəticələri təkcə Azərbaycan ərazilərinin zəbt edilməsi ilə məhdudlaşmır. Ermənistan Azərbaycana qarşı həyata keçirdiyi terror və soyqırımı siyasəti ilə tariximizə, mədəni, dini abidələrimizə və digər milli dəyərlərimizə ağır zərbələr vurmuşdur.

Ermənistan beynəlxalq sənədlərdə təsbit olunmuş müddəaları kobudcasına pozaraq, bütün dünyanın gözü qarşısında Azərbaycanın bənzərsiz mədəni sərvətlərini talamaqda, kütləvi şəkildə məhv etməkdə davam edir. Belə ki, Azərbaycanın işğal edilmiş ərazilərində ölkə və dünya əhəmiyyətli 100 mindən artıq mədəniyyət nümunəsi yararsız hala salınmış və qəsb edilmiş, 500-dək tarixi və 100-dən çox arxeoloji abidə, 22 muzey dağıdılmışdır.

Bəyanatda bildirilir ki, Ermənistanın yürütdüyü bu işğalçılıq və terrorçuluq siyasəti uzun illərdən bəri dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki beynəlxalq hüququn normalarına və prinsiplərinə əsasən dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir, ərazi bütövlüyünün, suverenliyin pozulması yolverilməzdir.

 

 

Azərbaycan.- 2011.- 5 may.- S. 11.