Aşqabadda "Türk
xalqlarının mədəni irsi" mövzusunda Beynəlxalq
festival və elmi konfrans ümumtürk mədəniyyət
bayramına çevrilmişdir
Türkmənistanın
paytaxtı Aşqabadda "Türk xalqlarının mədəni
irsi" mövzusunda Beynəlxalq festival və elmi konfrans
keçirilmişdir.
Mədəniyyət və
Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, Türkmənistan, Türkiyə,
Qazaxıstan, Başqırdıstan (Rusiya Federasiyası), Qaqauz
Yeri muxtar vilayəti (Moldova), həmçinin Şimali Kiprdən
iştirakçıların qatıldıqları tədbirlərdə
nazirliyin mədəniyyət siyasəti şöbəsinin
müdiri Fikrət Babayevin rəhbərliyi ilə Azərbaycan
nümayəndə heyəti də iştirak etmişdir. Heyətə
nazirliyin əməkdaşları, direktor Kazım Qasımovun
rəhbərliyi ilə R.Behbudov adına Dövlət Mahnı
Teatrının kollektivi, dekorativ-tətbiqi sənət
ustaları, ədəbiyyatşünas alim Ramiz Əskər və
başqaları daxil olmuşlar.
Festivalın təntənəli
açılış mərasimi aprelin 29-da Türkmənbaşı
adına Milli Mədəniyyət Mərkəzinin Muğamlar
Köşkündə keçirilmişdir. Mərasimdə
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun
festivalın iştirakçılarına təbrik məktubu
oxunmuşdur. Məktubda tədbirin əhəmiyyətindən
bəhs olunur və qeyd edilirdi ki, beynəlxalq festival və
elmi konfrans Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun
2010-cu il sentyabrın 16-da türkdilli ölkə
başçılarının İstanbul zirvə
görüşündə irəli sürdüyü təşəbbüs
əsasında keçirilir.
TÜRKSOY-un baş katibi
Düsen Kaseinov mərasimdə çıxış edərək
festival və elmi konfransın türk mədəniyyətlərinin
təbliğinə xidmət etdiyini vurğulamışdır.
Qurumun son illər həyata keçirdiyi layihələrdən
bəhs edən D.Kaseinov konkret olaraq dahi Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəylinin "Koroğlu" operasına
TÜRKSOY-un təşəbbüsü ilə yeni quruluş
verildiyini, operanın türkdilli ölkələrdə -
Almatı, Bişkek, Ankara və Bakıda təqdimatlarının
keçirilməsini mühüm hadisə kimi qeyd etmişdir. TÜRKSOY-un
baş katibi ümumtürk bayramı olan Novruzun ötən il
Parisdə, bu il Nyu-Yorkda təntənəli şəkildə
qeyd olunduğunu nəzərə çatdırmış, bu
tədbirlərin qədim və zəngin türk mədəni
irsinin təbliğinə xidmət etdiyini
vurğulamışdır.
Türkiyənin mədəniyyət
və turizm nazirinin müavini Kamal Fahir Gənc də belə tədbirlərin
türk xalqları mədəni irsinin təbliğinə,
inkişafına, qorunmasına böyük töhfə verəcəyinə
əminliyini bildirmişdir.
Rəsmi
açılış mərasimindən sonra türkdilli
ölkələrin incəsənət ustalarının ortaq
musiqi proqramı təqdim olunmuşdur. Hər ölkədən
gələn nümayəndə heyəti 5-10 dəqiqəlik
çıxışla milli rəqs və
mahnılarını təqdim etmişdir. Azərbaycanı
festivalda Rəşid Behbudov adına Mahnı Teatrının
musiqi kollektivi, müğənnilərdən əməkdar
artistlər Gülyaz və Gülyanaq Məmmədovalar, Əbülfət
Nəzərov, baletmeyster Zakir Ağayevin rəhbərliyi ilə
rəqs qrupu təmsil etmişlər.
Festivalın açılışında ilk olaraq Azərbaycan musiqisi və milli rəqslərimiz təqdim edilmişdir. Mahnı Teatrının solistlərinin və rəqs qrupunun çıxışları böyük maraqla qarşılanmış və festivalın ən maraqlı ifalarından biri kimi qiymətləndirilmişdir.
Həmin gün Aşqabaddakı "Vətən" kinoteatrında azərbaycanlı rejissor Samir Kərimoğlunun "Niyyət" bədii filmi nümayiş etdirilmişdir.
Tədbir günlərində Azərbaycan nümayəndə heyətinin üzvləri, incəsənət ustalarımız dəfələrlə teleefirdə canlı yayımlarda çıxış etmişlər. Aprelin 28-də Azərbaycan nümayəndə heyətinin üzvlərindən Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Vilayət İsmayılov və nazirliyin sektor müdiri Asif Usubəliyev TRT-Avaz kanalının canlı yayımında çıxış edərək festivalın əhəmiyyəti, türk xalqları mədəniyyətlərinin yaxınlaşması, mədəniyyətlərarası dialoq, ortaq mədəni irsimizin təbliği barədə fikirlərini bölüşmüşlər.
Festival çərçivəsində Türkmənistanın Milli Sənət Muzeyində aprelin 30-da açılmış türkdilli ölkələrin tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi böyük maraq doğurmuşdur. Sərgidə Azərbaycandan dekorativ sənət ustaları Nailə Sultanova (keramika), Nahid Vahabov (ağac üzərində oyma), Şəhla Əsgərova (toxuma) və Vahid Məmişovun (xalçaçılıq) əl işləri nümayiş etdirilmişdir.
Aprelin 30-da Aşqabadda "Türk xalqlarının mədəni irsi" mövzusunda elmi konfrans keçirilmişdir. Konfransda Azərbaycan tərəfdən Vilayət İsmayılov və Asif Usubəliyev məruzə ilə çıxış etmişlər.
Aşqabadın mərkəzi parkında açıq havada festivalın təntənəli bağlanış mərasimi olmuşdur. Mərasimdə Türkmənistanın mədəniyyət və teleradio yayımı naziri Gülmurad Muradov çıxış edərək "Türk xalqlarının mədəni irsi" Beynəlxalq festivalı günlərində bu ölkədə əsl mədəniyyət bayramının yaşandığını, tədbirin türkdilli xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin gücləndirilməsinə xidmət edəcəyinə əminliyini vurğulamışdır.
Sonda festivalın iştirakçılarına diplom və xatirə hədiyyələri təqdim olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2011.- 5 may.- S. 12.