Prezident İlham Əliyev
Saatlı-Musalı-Məzrəli avtomobil yolunun yenidənqurmadan
sonra açılışında iştirak etmişdir
Mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Saatlı rayonuna səfəri çərçivəsində Saatlı-Musalı-Məzrəli avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak etmişdir.
Prezident İlham Əliyevə yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, dövlətimizin başçısının 2010-cu ildə imzaladığı sərəncama əsasən yenidən qurulan yolun ümumi uzunluğu 17 kilometrdir. Rayonun səkkiz yaşayış məntəqəsini əhatə edən bu müasir yoldan 20 mindən artıq sakin istifadə edəcəkdir.
Qeyd edildi ki, yerli əhəmiyyətli Saatlı-Musalı-Məzrəli avtomobil yolunun istifadəyə verilməsi nəticəsində Saatlı və İmişli şəhərləri arasındakı məsafə 40 kilometrədək qısalmışdır. Yolun 14,6 kilometri Saatlı şəhər - Məzrəli kəndinin, 2,4 kilometri isə Musalı kəndinin ərazisinə düşür. Yola 16 santimetr qalınlığında asfalt örtüyü döşənmişdir. Müasir səviyyədə və yüksək keyfiyyətlə yenidən qurulmuş yol kənarlarında piyadalar üçün səkilər düzəldilmiş, ağaclar əkilmiş, yaşıllıqlar salınmış, yol boyu ətraf ərazi abadlaşdırılmışdır. Avtomobil yolunda müasir işıqlandırma sistemi qurulmuşdur. Yolun üzərindəki keçidlər bərpa olunmuşdur.
Yolun istifadəyə verilməsi avtomobillərin rahat və təhlükəsiz hərəkətinə şərait yaratmaqla yanaşı, dövlətimizin başçısının diqqət və qayğısı sayəsində rayonda aparılan quruculuq işlərinin davamlı xarakter aldığını nümayiş etdirir.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
AzərTAc
Azərbaycan.- 2011.- 6 may.- S. 2.