Saatlı rayonu ictimaiyyətinin nümayəndələri ilə görüş

 

Mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulmuş Saatlı-Musalı-Məzrəli avtomobil yolunun açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Sakinlər dövlətimizin başçısını hərarətlə qarşıladılar.

 

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Necəsiniz, nə var, nə yox? İşlər necədir?

SAKİNLƏR: Lap yaxşıdır!

Prezident İlham ƏLİYEV: Çox yaxşı, yeni gözəl yol çəkilib. Rahat, müasir yoldur.

SAKİNLƏR: Çox gözəldir, Allah Sizdən razı olsun.

Prezident İlham ƏLİYEV: Yolun əvvəlki şəkilləri burada göstərilib. Torpaq yolu idi. Özü də subasmadan sonra ümumiyyətlə sıradan çıxmışdır. İndi yeni yol çəkilib, həm Saatlı, həm də İmişli rayonlarının kəndlərini birləşdirir. Rahat və gözəl yoldur. On minlərlə insan bu yoldan istifadə edir. Gözəl hadisədir. Bildiyiniz kimi, bütün bölgələrdə kənd yolları bərpa edilir, yenidən tikilir. Kəndlərimizdə yolların əksəriyyəti torpaq yolları idi. Hər yerdə indi asfalt olmalıdır. Xüsusi göstərişlər verilmişdir. O cümlədən Saatlı rayonunda da bu işlər başlayıb.

Bu birinci mərhələdir. Bu xəritədə göstərilir. Burada əlavə tədbirlər görülməlidir ki, bütün kənd yolları bərpa olunsun. Bunu edəndən sonra bu yollarla gedib-gəlmək rahat olacaqdır.

Rayonun inkişafı ilə bağlı müvafiq göstərişlər verilmişdir. Bildiyiniz kimi, təbii fəlakətdən sonra xüsusi diqqət göstərilir, təmir-bərpa işləri gedir. Böyük bir qəsəbə salınmışdır - 178 evdən ibarət qəsəbə. Artıq orada vətəndaşlar yerləşiblər. Ondan əlavə, 350 yeni ev tikilmişdir. Təmir-bərpa işləri də davam edir. Çünki, hələ qəzalı vəziyyətdə evlər vardır. Biz onları da təmir edəcəyik ki, təbii fəlakətin bütün fəsadlarını aradan qaldıraq. İşlərin böyük əksəriyyəti görülmüşdür. İndi məktəblər, yollar, evlər, sosial obyektlər tikilir. Bütün bunlar böyük vəsait tələb edir. Bu vəsaiti Azərbaycan dövləti ayırır ki, biz insanların yaşayış səviyyəsini yaxşılaşdıraq.

SAKİN: Hörmətli Prezident, mən Sizi salamlayıram, "Xoş gəlmisiniz" deyirəm. Biz Sizinlə fəxr edirik. Allah Sizi qorusun, bu işlərinizdə Sizə uğurlar qismət etsin!

Prezident İlham ƏLİYEV: Sağ olun. Saatlı rayonunda iqtisadi məsələlər də öz həllini tapmaqdadır. Yeni müəssisələr tikilir, zavodlar, bazalar. Bu gün "Aqroservis" bazası istifadəyə veriləcəkdir. Soyuducu anbar tikilibdir. Buna da çox böyük ehtiyac vardır. Çünki indi bütün rayonlarda soyuducu anbarlar tikilir ki, fermerlər məhsullarını saxlaya bilsinlər.

Regionların inkişafı ilə bağlı proqramda bütün məsələlər nəzərdə tutulub. Növbəti aylarda, xüsusilə bu il və gələn ilin sonuna qədər rayonun qazlaşdırma ilə bağlı problemlərinin tam əksəriyyəti öz həllini tapmalıdır. Mən bilirəm ki, bu məsələyə həmişə olduğu kimi, böyük diqqət yetirilməlidir. Müəyyən işlər görülmüşdür, ancaq əksər yaşayış məntəqələrində qaz xətləri yoxdur. Keçmişdə də olmayıb, olanlar da sıradan çıxıb.

Ona görə Dövlət Neft Şirkətinə göstəriş vermişəm ki, 2012-ci ilin sonuna qədər Azərbaycanın bütün yaşayış məntəqələri harada ki, mümkündür qazlaşdırılsın. Beləliklə, ölkə ərazisinin 95 faizi qazlaşdırılacaqdır. O ki qaldı Saatlı rayonuna, burada qazlaşdırma 100 faiz olmalıdır. Çünki burada dağlıq kəndlər yoxdur. Bilirsiniz ki, dağlıq kəndlərə qaz çəkmək daha da çətindir. Burada, kəndlər demək olar ki, bir-birinə yaxındır. İndi yollar da çəkilir. Ona görə, hesab edirəm ki, gələn ilin sonuna qədər Saatlıda qazlaşdırma ilə bağlı bütün problemlər həll olunmalıdır. Bu məsələ daim diqqət mərkəzindədir. Mən məsələ ilə maraqlanıram, soruşuram ki, vaxt itirməyək. İndi bizim texniki imkanlarımız da, maliyyə imkanlarımız da vardır. Dövlət proqramında da bu məsələlər öz əksini tapıbdır.

Vətəndaşları narahat edən digər məsələ içməli su ilə bağlıdır. Bu məsələ əfsuslar olsun ki, əsrlər boyu bizi incidib. Çünki kifayət qədər su mənbələrimiz olmamışdır. Vaxtilə çəkilmiş xətlər sıradan çıxmışdır. Rayon yerlərində ümumiyyətlə kanalizasiya xətləri olmamışdır. Böyük layihədir, böyük proqramdır, indi icra olunmağa başlamışdır. Saatlıda hələ ki, işlər başlanmayıb. Mən tapşırıq verəcəyəm ki, tezliklə başlansın. Biz çalışmalıyıq ki, bu layihəni də 2013-cü ilin sonuna qədər icra edək. Bu da çox böyük layihədir. Həm texniki cəhətdən çox çətin, həm iqtisadi cəhətdən, maliyyə baxımından çox böyük vəsait tələb edən layihədir. Ancaq bu iki layihəni - qazlaşdırma ilə içməli su-kanalizasiya məsələlərini biz həll etsək böyük bir iş olacaqdır. Yaşamaq, işləmək üçün şərait daha da yaxşı olacaqdır. İş yerləri açılmalıdır. İşlər görülür, amma hələ ki, işsizlik, işsizlər vardır. Biz bu məsələyə də daim diqqət göstərməliyik.

İdman-sağlamlıq mərkəzinin, indi xəstəxananın tikintisi başlamışdır. Saatlıda gözəl, müasir xəstəxana tikiləcəkdir. Bütün bu işləri biz görürük və görəcəyik.

SAKİNLƏR: İnşallah! Sağ olun. Allah Sizdən razı olsun! Salamat olun!

SAKİN: Hörmətli Prezident, Sizə camaatımızın adından "Xoş gəlmisiniz" deyirəm. Şəxsən mən sürücü işləmişəm. Yayda bu yolun tozuna, qış aylarında palçığına batmışıq. Mən indi bu yolu görürəm, - rayonla bizim aramız beş kilometrdir, - bu beş kilometri gedincə bəlkə deyim bir saat çəkirdi, bəlkə də çox. Amma indi çox rahat gedirik, mənzilbaşına çox tez çatırıq. Buna görə Sizə duaçıyıq. Allah Sizi bu camaata, Azərbaycan xalqına çox görməsin. Başınız həmişə uca, adınız şərafətli olsun. Biz həmişə Sizi görəndə fəxr edirik. Diqqətinizə görə çox sağ olun.

Prezident İlham ƏLİYEV: Çox sağ olun, təşəkkür edirəm. Bu yol doğrudan da çox gözəl yoldur. Ancaq bu, birinci mərhələdir. İcra hakimiyyəti tərəfindən yeni təkliflər veriləcəkdir. Yeni vəsait ayrılacaq, yeni yollar çəkiləcəkdir. Elə etməliyik ki, bütün kənd yolları belə olsun. Bu, böyük sosial məsələdir. Azərbaycan kəndlərində gözəl asfalt yollar tikilir. Bu məsələ öz həllini tapmalıdır və tapacaqdır.

SAKİN: Cənab Prezident, keçən il təbii fəlakət zamanı bu yol sel sularının altında qalıb bərbad hala düşmüşdü. Sizin sərəncamınızla bu yol yenidən əsaslı bərpa edildi, insanların istifadəsinə verildi. Hazırda bu yoldan Arazboyu 70 kəndin 20 mindən artıq sakini istifadə edəcəkdir. Cənab Prezident, həmin sakinlərin adından Sizə öz minnətdarlığımızı bildiririk, sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun, var olun.

SAKİN: Əziz Prezidentimiz, bizim camaat da bu yoldan faydalanır. Bizim kəndimiz də Saatlının keçənilki fəlakətdə su altında qalmış kəndlərindən biridir. Kəndimizdəki evlər çiy kərpicdən tikilmişdi. İndi Sizin köməkliyinizlə Allaha çox şükür ki, möhkəm daş evlər tikilir. Bütün camaata kompensasiyalar verilib. İndi camaatımız evində rahat yata bilir. Bəndlərimiz möhkəmləndirilib, daha narahatlığımız yoxdur. Demək olar ki, bizim bütün problemlərimiz, o cümlədən su ilə əlaqədar problemimiz həll olunmuşdur.

Bütün dünya Sizin simanızda dövlətlə xalqın birliyini görür. Bizim camaat bütün bunları çox gözəl başa düşür, çox gözəl dərk edir və Sizi dəstəkləyir. Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun. Doğrudan da keçən il demək olar ki, bütün qitələrdə təbii fəlakətlər baş vermişdir. Gördünüz, həm yanğınlar, həm daşqınlar, həm zəlzələlər. Bu, necə deyərlər, hər bir ölkədə özünü göstərmişdir. Dünya insan itkisi ilə üzləşmişdir. Ancaq biz bütün insanları vaxtında köçürdük, şərait yaratdıq, müvəqqəti yaşayış məntəqələri yaratdıq. İndi evlərin bərpası ilə məşğuluq. İşlərin böyük əksəriyyəti görülmüşdür. Ancaq hələ ki, təmirə ehtiyacı olan evlər vardır. O vaxt qeydiyyat aparılanda bu evlərin sayı göstərilmişdir. Ondan sonra il ərzində bəzi evlər dəymiş ziyana görə yararsız vəziyyətə düşmüşdür. Yəni onların yenidən qeydiyyata alınması prosesi gedir. Ona görə keçən il nəzərdə tutduğumuzdan daha da artıq iş görülməlidir. Bu məqsədlər üçün əlavə vəsait ayrılacaq ki, bütün bu işləri lazımi səviyyədə görək. Bir məsələ də vardır. O da bilirəm ki, müəyyən suallar doğurur. Uçmuş evləri, yəni çiy kərpicdən tikilmiş evləri biz yeniləri ilə əvəz edirik. Gözəl daş evlərdir, möhkəm evlərdir. Amma uçmamış evlər, çiy kərpicdən tikilmiş evlər necə var idi, elə də qalmışdır.

Burada müəyyən mənada ədalətsizlik yaranır. Kimin ki, evi uçub onun şəraiti yaxşılaşıb. Kimin ki, evi uçmayıb o elə köhnə evdədir. Ona görə, bu məsələ ilə bağlı gərək təkliflər verilsin, biz baxaq, hansı əlavə işləri görək ki, ehtiyacı olan evləri də təmir etdirək. Bu, böyük işdir. Biz təkcə Saatlı rayonunda deyil, bütün ətraf rayonlarda da evlərin qəzalı vəziyyətə düşməsi ilə üzləşmişik. Ancaq bunu edəcəyik.

SAKİN: Musalı kəndinə çəkilən yeni yol istifadəyə verilib. Ötən il bizim kəndimiz - Musalı və Nəriman kəndləri də su altında qalmışdı. Sizin tapşırığınızdan sonra bizim Nəriman kənd orta məktəbi, tibb, poçt məntəqələri, məscid qısa bir müddətdə əsaslı təmir olundu. Sizin təhsilə diqqətinizi biz gözəl bilirik. Rayonumuzda təhsil ilə əlaqədar çox böyük, möhtəşəm işlər görülmüşdür. Beş böyük, yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Onlarca məktəb binası əsaslı təmir olunmuşdur. Bütün müəllimlər, valideynlər, şagirdlər adından Sizə öz minnətdarlığımı bildirirəm. Sizə xoşbəxtlik, ailə səadəti arzulayıram.

Prezident İlham ƏLİYEV: Sağ olun. Məktəb tikintisi də davam etməlidir və edir. Amma hələ ki, təmirə ehtiyacı olan məktəblər vardır. Yəni, son 5-6 il ərzində böyük proqramla 2000-dən artıq məktəb tikilmişdir. Ancaq qəzalı vəziyyətdə məktəblər hələ ki, çoxdur. Bu ilin dövlət büdcəsində əlavə vəsait nəzərdə tutulacaq ki, qəzalı vəziyyətdə olan məktəbləri biz ilin sonuna qədər təmir edək. Yəqin ki, biz bu proqramı da 2013-cü ilin sonuna qədər başa çatdıracağıq. Beləliklə, Azərbaycanda bir dənə də qəzalı vəziyyətdə məktəb, yaxud da ki, pis vəziyyətdə məktəb olmayacaqdır. Bu da böyük bir nailiyyət olacaqdır. Çünki ölkəmizdə 4500-dən artıq məktəb vardır. Onların 2000-dən bir az artığını biz tikmişik. Amma hələ ki, 2000-ə yaxın məktəb vardır ki, onların da müəyyən qədəri təmir edilməlidir. Biz bütün bu problemləri bilirik. Əsas məsələ də problemi bilmək, düzgün təhlil etmək və həlli yollarını tapmaqdır. İstər sosial-iqtisadi, istərsə də infrastruktur, qazlaşdırma, meliorasiya, suvarma məsələləri çox ciddi məsələdir. Burada kənd şəraitində yaşayan insanlar yaxşı bilirlər ki, suvarma məsələləri də öz həllini tapmalıdır. Yəni, hər bir rayon, bütövlükdə ölkə üzrə konkret proqramlar vardır və biz bunları icra edirik.

SAKİN: İcazə verin, rayonumuzun gəncləri adından Sizi salamlayım, "Xoş gəlmisiniz" deyim. Sizin Azərbaycan gəncləri ilə son günlərdə keçirdiyiniz görüşlər bizdə xoş əhval-ruhiyyə, xoş ovqat yaratmışdır. Möhtərəm cənab Prezident, məlumdur ki, respublikamızda genişmiqyaslı işlər görülür, yeni-yeni olimpiya kompleksləri tikilib istifadəyə verilir. Qonşu Sabirabad rayonunda yeni olimpiya kompleksi tikilib istifadəyə verilmişdir. Eşitmişik ki, İmişli rayonunda da yeni olimpiya kompleksi istifadəyə veriləcəkdir. Bir Saatlı rayonu qalır arada. Xahiş edirəm ki, bizə də kömək göstərəsiniz. Azərbaycan gəncləri Sizinlədir, Sizinlə fəxr edirik, Sizinlə qürur duyuruq.

Prezident İlham ƏLİYEV: Yaxşı ki, bu məsələni siz qaldırdınız. Çünki indi o qədər olimpiya kompleksləri tikilmişdir ki, yadda saxlamaq çətindir harada tikilib, harada tikilməyib. İmişlidə bu gün açılacaq kompleks 31-cidir. Ona görə, mütləq Saatlıda da gözəl olimpiya kompleksi yaradılacaqdır. Onun yanında Gənclər Evi də yaradılmalıdır. Dediyimiz kimi, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı hazırlanır. Orada həm Bakıda Gənclər Mərkəzinin tikintisi nəzərdə tutulmalıdır, həm də rayonlarda. Ona görə də bu məsələ ilə bağlı göstəriş veriləcəkdir.

SAKİN: Cənab Prezident, mən də Sizə "Xoş gəlmisiniz" deyirəm. Bu gün mən böyük qürur hissi keçirirəm. Ona görə ki, 1998-ci ildə həmişəyaşar ulu öndərimiz ilə birlikdə rayon ictimaiyyətinin görüşü keçirilərkən Siz həmin görüşdə iştirak edirdiniz. On il keçdikdən sonra Allah-təalanın inayəti ilə mənə qismət oldu ki, 2008-ci ilin sentyabr ayında Sizinlə rayon ictimaiyyətinin görüşünü keçirdik.

Prezident İlham ƏLİYEV: Meydanda, muzeyin açılışında.

SAKİN: Mən Sizin qarşınızda çıxış edərkən bir problemi xahiş etmişdim. Bu, işıq problemi idi. Sizin diqqətiniz, qayğınız və köməkliyiniz nəticəsində az bir müddət ərzində işıq problemi tamamilə həll olundu. İndi camaatımız işıqdan fasiləsiz istifadə edir. Mənim bugünkü qürur hissim daha çoxdur. Sevincimin həddi-hüdudu yoxdur. Xalqımız kimi mən də sevinirəm. Ona görə ki, üçüncü dəfədir Sizinlə görüşürəm. Allah Sizi xoşbəxt eləsin, sağ olun.

 

* * *

 

Rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 6 may.- S. 3.