Bakı Dövlət Universitetində
"Heydər Əliyev məktəbi"nin növbəti məşğələsi
keçirilmişdir
Mayın 5-də Bakı Dövlət Universitetində "Heydər Əliyev məktəbi"nin ümummilli liderin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş məşğələsi keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının məsul əməkdaşları, Milli Məclisin deputatları, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı idarə heyətinin üzvləri, universitetin professor-müəllim və tələbə kollektivinin üzvləri iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin universitetdəki büstü önünə gül dəstələri düzmüşlər.
Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov tədbiri açaraq ümummilli lider, qüdrətli şəxsiyyət Heydər Əliyevin tarixi xidmətlərindən danışmış, ölkə həyatının bütün sahələrində - siyasətdə, iqtisadiyyatda, elm və təhsildə həyata keçirdiyi islahatlardan, möhtəşəm layihələrdən bəhs etmişdir. Bugünkü qüdrətli Azərbaycanın böyük nailiyyətlərinin bu tarixi şəxsiyyətin adı ilə bağlı olduğu vurğulanmışdır. Akademik dahi rəhbərin elmin, təhsilin inkişafına, tələbələrin, alimlərin sosial vəziyyətinin daha da yaxşılaşmasına hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını, həmin siyasi xəttin Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.
Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov "Heydər Əliyevin geosiyasi təlimi: XXI əsrdə Azərbaycanın əsas geosiyasi vəzifələri və perspektivləri" adlı məruzə ilə çıxış etmişdir. Müasir müstəqil dövlətimizin formalaşması, inkişafı və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açan şöbə müdiri bildirmişdir ki, ulu öndərin 1993-cü ildə dövlətin sükanı arxasına keçməsi ilə ciddi xarici geosiyasi müdaxilələrə, kəskin daxili ictimai-siyasi, iqtisadi və mənəvi böhrana, günü-gündən güclənən milli-vətəndaş qarşıdurması kimi neqativ hadisələrə baxmayaraq, müstəqil Azərbaycanın milli dövlətçiliyini qoruyub saxlamaq mümkün oldu. Qısa zaman kəsiyində Azərbaycanda ictimai-siyasi sabitliyin bərpa edilməsi, ardıcıl milli dövlət quruculuğu və sosial-iqtisadi siyasətin həyata keçirilməsi, bazar iqtisadiyyatı mexanizmlərinin yaradılması, dövlət mülkiyyətinin özəlləşdirilməsi və biznes mühitinin liberallaşdırılması həyata keçirildi. O cümlədən beynəlxalq aləmlə hərtərəfli işgüzar münasibətlərin qurulması, respublika iqtisadiyyatına xarici investisiya və texnologiyaların cəlb edilməsi, Xəzər dənizinin milli sektorundakı neft-qaz yataqlarının birgə istismarı, inkişaf etmiş Qərb dövlətləri və onları təmsil edən şirkətlərlə bərabərhüquqlu, qarşılıqlı-faydalı, müştərək tərəfdaşlıq əlaqələrinin yaradılması ölkənin gələcək geosiyasi uğurlarının müvəffəqiyyətli sonluğunu şərtləndirdi.
Əli Həsənov vurğulamışdır ki, 1994-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəsə nail olunması, dünyanın aparıcı neft şirkətləri ilə Xəzərin karbohidrogen ehtiyatlarının birgə mənimsənilməsi və hasil olunan neftin alternativ yollarla dünya bazarlarına ixracı sahəsində "Əsrin müqaviləsi"nin imzalanması, tezliklə planetin əsas fövqəlgüclərinin, aparıcı maliyyə və iqtisadi institutlarının, beynəlxalq transmilli təşkilatların diqqətini Azərbaycana yönəltdi.
Şöbə müdiri qeyd etmişdir ki, Azərbaycanın yeni iqtisadi inkişaf xətti və bu əsasda qurulan xarici iqtisadi əlaqələri 1996-cı ildən başlayaraq öz müsbət nəticələrini verməyə başladı. Xüsusən ulu öndər Heydər Əliyevin neft strategiyası bir dövlət olaraq Azərbaycanın dünyada və regionda geosiyasi və geoiqtisadi əhəmiyyətini artırdı. Cənubi Qafqazda reallaşdırılan transmilli enerji, nəqliyyat-kommunikasiya və dəhliz layihələrinin işə düşməsi faktiki olaraq Azərbaycanı Xəzər-Qara dəniz hövzəsinin və Cənubi Qafqazın lider dövlətinə çevirdi. O vaxta qədər bölgənin ən problemli, daxili münaqişələrin, etnik-milli, sosial və dini qarşıdurmaların tüğyan etdiyi Azərbaycan tezliklə geosiyasi və geoiqtisadi cəhətdən əhəmiyyətli dünya dövləti və arzu olunan geoiqtisadi tərəfdaş imici qazandı.
Ümummilli lider Heydər Əliyevin geosiyasi təlimindən çıxış edən Əli Həsənov hazırkı onillikdə və növbəti yüz ildə Azərbaycanın qarşısında duran əsas geosiyasi, geoiqtisadi və hərbi-geostrateji vəzifələri, ölkənin gələcək geosiyasi uğurlarını təmin edəcək milli strateji xəttin təsnifatını vermişdir. Bildirmişdir ki, buraya birinci növbədə Cənubi Qafqazın lider dövləti geosiyasi statusunun qazanılması, möhkəmləndirilməsi və qorunub saxlanması daxildir.
Professor Ə.Həsənov vurğulamışdır ki, Azərbaycan öz iqtisadi inkişaf potensialına və milli resurslarına görə faktiki olaraq regionun lider ölkəsinə çevrilmişdir. Cənubi Qafqazın insan resurslarının təxminən 60 faizi, yanacaq-enerji və maliyyə resurslarının 90 faizi, iqtisadi potensialının isə 75-80 faizi onun payına düşür.
Beləliklə, göründüyü kimi, Azərbaycanın Cənubi Qafqazdakı "lider dövlət olmaq" şansı realdır və bu statusun möhkəmləndirilməsi üçün qarşıdan gələn illərdə bir çox vacib və məsuliyyətli geosiyasi, geostrateji və geoiqtisadi vəzifələrin reallaşdırılması tələb olunur. Bu işin əsas hərəkətverici qüvvəsi rolunda ilk növbədə ölkənin ictimai-siyasi institutları, milli elitası və cəmiyyətin bütün orta təbəqəsi çıxış etsə də, müvəffəqiyyətli həlli daha çox hakimiyyət strukturlarından və həyata keçirilən rəsmi dövlət siyasətindən asılı olacaqdır.
Natiq bildirmişdir ki, növbəti addım Avropa və dünyanın enerji təhlükəsizliyi sahəsindəki mövqeləri qorumaq, gücləndirmək və ölkənin milli maraqları ilə sıx əlaqələndirməkdən ibarətdir. Vurğulanmışdır ki, Avropa Birliyinin enerji təhlükəsizliyində həm tranzit ölkə, həm də neft və qaz təchizatçısı kimi tanınması XXI əsrdə Azərbaycanın geosiyasi dəyərini artırması üçün geniş perspektivlər yaradır.
Şöbə müdirinin sözlərinə görə, növbəti geostrateji xətt enerji ixracı marşrutlarının şaxələndirilməsi və yeni satış bazarları axtarışının davam etdirilməsindən ibarətdir. Azərbaycan Avropa və Asiyanın nəqliyyat-kommunikasiya dəhlizlərinin və neft-qaz ixracatı marşrutlarının üzərində yerləşir. Ölkənin dünyada önəmli rol oynayan dövlətlərlə geoiqtisadi münasibətlərinin taktikasının düzgün müəyyənləşdirilməsi, neft-qaz ixracı marşrutlarının şaxələndirilməsi və səmərəli istifadəsinin təşkili, xarici aləmlə mövcud nəqliyyat-tranzit əlaqələrinin genişləndirilməsi, dünyada yeni satış bazarlarının axtarılması və orada möhkəmlənməsi onun 2010-2020-ci illərdə reallaşdıracağı əsas geosiyasi və geoiqtisadi vəzifələr sırasına daxildir.
Natiq bildirmişdir ki, növbəti geostrateji xətt geosiyasi mövqelərin möhkəmləndirilməsi taktikasının çevikləşdirilməsi və sistemli təminatından ibarətdir. Azərbaycanın bugünkü əsas strateji mənafeləri və geosiyasi maraqları, ilk növbədə onun dövlət suverenliyinin qorunub saxlanılmasını, ərazi bütövlüyünün bərpa edilməsini, əhalisinin təhlükəsizliyinin təmin olunmasını və həyat şəraitinin yaxşılaşdırılmasını, ölkə daxilində dayanıqlı siyasi, liberal iqtisadi sistemin formalaşdırılması və inkişafını, sosial-iqtisadi tərəqqinin davam etdirilməsini, xarici aləmlə ortaq maraqların tapılması və uzlaşdırılmasını, ölkənin milli maraqlarının təminatı ilə bağlı qazanılmış beynəlxalq dəstəyin getdikcə artırılması və digər bu kimi vəzifələrin reallaşmasını tələb edir.
Şöbə müdiri qeyd etmişdir ki, Dağlıq Qarabağ probleminin həllinə dinc yolla nail olunması növbəti geostrateji xətti təşkil edir. Hazırda Azərbaycan özünün və ümumilikdə regionun geosiyasi, geoiqtisadi maraqları və perspektivi baxımından, bütün daxili və xarici münaqişələrin tezliklə, yeni müharibəyə əl atmadan - sülh yolu ilə nizamlanmasının tərəfdarı kimi çıxış edir. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyinin 20 ildən artıq davam etməsi və beynəlxalq aləmin buna ikili standartlar çərçivəsində göz yumması Azərbaycanın təkcə səbrini tükətmir, həm də getdikcə müharibəyə başlamaq ehtimalını artırır.
Alim vurğulamışdır ki, növbəti geosiyasi vəzifələrə Qərblə əməkdaşlığı zəiflətmədən, Türkiyə ilə strateji münasibətlərin dərinləşdirilməsi, Rusiya və İranla qarşılıqlı maraqlara söykənən tərəfdaşlıq münasibətlərinin yaradılması və inkişaf etdirilməsi; ABŞ-İran geosiyasi ziddiyyətləri fonunda hər iki dövlətlə dostluq və tərəfdaşlıq münasibətlərinin qorunması; yeni geosiyasi reallıqlara və bundan irəli gələn qlobal çağırışlara operativ reaksiya verilməsi, strateji tərəfdaşlarla geosiyasi münasibətlərə xələl gətirmədən daha praqmatik siyasət yürüdülməsi; dünyada baş verən son qlobal dəyişikliklərin mahiyyəti, Cənubi Qafqazda formalaşmış geosiyasi reallıqlar və onun yeni təzahür formalarının ciddi təhlil olunması, proseslərə təsir göstərən amilləri, onların meydana gəlməsi səbəblərini və digər məsələlərin araşdırılması, mövcud şəraitdə Azərbaycanın geosiyasi və geoiqtisadi addımlarını, transmilli layihələrlə bağlı prioritet vəzifələrini, onların təmin olunması yollarını və vasitələrini praqmatik şəkildə dəyərləndirməkdən ibarətdir.
Əli Həsənov bildirmişdir ki, ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasətinin ifşa edilməsi və dünyada effektli antierməni siyasətinin aparılması da geosiyasi vəzifələr sırasında xüsusi yer tutur.
Şöbə müdiri xüsusi qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş bu geosiyasi vəzifələr onun böyük tarixi xidmətlərindəndir və həmin xətt bu gün ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə çıxış edən universitetin professorları Şahlar Əsgərov və İzzət Rüstəmov ümummilli liderlə bağlı xatirələrini bölüşmüşlər.
Tədbir Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul edilmiş bir qrup tələbəyə partiya vəsiqələrinin verilməsi ilə başa çatmışdır.
AzərTAc
Azərbaycan.- 2011.- 6 may.- S. 4.