AzərTAc-ın voleybol komandası ölkə KİV-ləri arasında keçirilən turnirin qalibi olmuşdur

 

Mayın 5-də Azərbaycan Voleybol Federasiyasının idman zalında ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə kütləvi informasiya vasitələrinin komandaları arasında keçirilən voleybol turnirinə yekun vurulmuşdur.

AzərTAc xəbər verir ki, "Yeni Azərbaycan", "İki sahil" və "Səs" qəzetlərinin birgə təşkilatçılığı ilə keçirilən turnirin final mərhələsində "AzərTAc" və "SİA" komandaları qarşılaşmışlar.

AzərTAc-ın voleybol komandasının üzvlərinin yüksək peşəkarlığı sayəsində komanda həlledici qarşılaşmada "SİA" kollektivinin əzmini qıraraq turnirin qalibi olmuşdur.

Mükafatlandırma mərasimində Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, icra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş Novruzov, Mübariz Qurbanlı iştirak etmişlər.

Əli Əhmədov jurnalistlərin informasiya sahəsində olduğu kimi, idmanda da fəal iştirakının sevindirici hal olduğunu vurğulamışdır. Bu yarışın ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmasının ümummilli liderin xatirəsinə yüksək ehtiram əlaməti olduğunu vurğulayan sədr müavini turnirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirmişdir. O, Azərbaycanda idmanın digər növləri kimi, voleybolun da inkişaf etdiyini, bu sahədə böyük uğurlar əldə edildiyini demişdir.

YAP-ın icra katibi partiyanın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 88-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirdiyini və bunların içərisində idman tədbirlərinin də yer aldığını qeyd etmişdir. Əli Əhmədov bildirmişdir ki, keçirilən bütün tədbirlərlə, o cümlədən də bu gün şahidi olduğumuz voleybol turnirində iştirak edən gənc və həvəskar voleybolçular bu yarışla ulu öndər Heydər Əliyevin əziz xatirəsinə olan dərin hörmətlərini ifadə etmişlər. Final oyununun kifayət qədər maraqlı keçdiyini vurğulayan Əli Əhmədov AzərTAc-ın informasiya sahəsində olduğu kimi, idmanda da öz yüksək peşəkarlığını nümayiş etdirdiyini xüsusi vurğulamışdır. Bunu komandanın bütün görüşlərdə öz rəqiblərinə bir set belə uduzmaması da təsdiq edir.

Sonda qaliblərə mükafatlar təqdim olunmuşdur. Üçüncü yeri tutmuş "Xalq qəzeti" komandasına YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı diplom və 800 manat pul mükafatını, 2-ci yerdə qərarlaşmış "SİA" komandasına YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov diplom və 1000 manat pul mükafatını təqdim etmişlər.

Qalib komandaya - "AzərTAc"a isə YAP sədrinin müavini-icra katibi Əli Əhmədov kuboku, diplomu və 1200 manat pul mükafatını təqdim etmişdir.

Sonda qaliblərlə xatirə şəkilləri çəkdirilmişdir.

 

 

Azərbaycan.- 2011.- 6 may.- S. 4.