Heydər Əliyevin xarici siyasət
xətti və müasirlik
Ölkəmizin ən yeni tarixinin bütöv bir dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin möhtəşəm siyasi və dövlətçilik fəaliyyəti ilə bağlıdır. Türkiyənin tanınmış dövlət xadimi Bülənt Ecevit böyük siyasətçi Heydər Əliyevin yalnız Azərbaycan xalqı deyil, bütün türk dünyası qarşısında xidmətlərini qiymətləndirərkən böyük fəxrlə demişdir: "Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir".
Dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, alovlu vətənpərvər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə, həmçinin 1982-1987-ci illərdə keçmiş Sovet İttifaqının liderlərindən biri olduğu dövrdə Azərbaycanın dövlət müstəqilliyi üçün möhkəm zəmin və bünövrə yaradılmış, siyasi, iqtisadi və mədəni sahələrdə çox ciddi nailiyyətlər əldə edilmişdir. Həmin illərdə respublikamızda güclü iqtisadiyyat və kadr potensialı yaradılmış, Azərbaycan İttifaqın ən qabaqcıl müttəfiq respublikalarından birinə çevrilmişdi.
Bütün bu tarixi dönüşün, inkişaf və tərəqqinin əsası isə ulu öndər Heydər Əliyevin 1969-cu il iyul ayının 14-də Azərbaycana rəhbər seçilməsi ilə qoyulmuşdur. Təsadüfi deyil ki, təqvimin bu günü xalqımızın yaddaşında dönüş anı, şərəfli bir tarixin başlanğıc günü kimi qalır. Məlum olduğu kimi, hər bir ölkənin inkişaf etməsi, irəli getməsi iqtisadiyyat sahəsində qazanılan uğurlardan başlayır. Məhz öz fəaliyyətində bu tezisi rəhbər tutan ümummilli lider Heydər Əliyev xalqın, dövlətin gələcəyinin bu günün iqtisadiyyatından asılı olduğunu böyük uzaqgörənliklə görür, dərk edirdi.
Ulu öndər respublika iqtisadiyyatının inkişafını öz fəaliyyətinin başlıca prioritetlərindən biri hesab edirdi. Buna qədər isə iqtisadiyyatı dərin böhran keçirən Azərbaycan çox böyük çətinliklərlə üzləşmişdi. İqtisadiyyatın aparıcı sahələri sayılan sənaye və kənd təsərrüfatında məhsuldar qüvvələrin düzgün yerləşdirilməməsi, mövcud potensiallardan səmərəli istifadə edilməməsi ucbatından böhran getdikcə dərinləşirdi. Zəngin təbii sərvətlərinə baxmayaraq, Azərbaycan keçmiş İttifaqın ən geridə qalmış respublikalarından birinə çevrilmişdi. Digər tərəfdən, mərkəzi hökumətin respublikamıza uzun illər əsas xammal mənbəyi kimi baxması da inkişaf və tərəqqini ləngidir, böhranı getdikcə dərinləşdirirdi.
Belə bir şəraitdə, ilk növbədə, mərkəzin Azərbaycana bu cür laqeyd münasibətinin dəyişdirilməsinə nail olmaq lazım gəlirdi. Həmin dövrdə kifayət qədər böyük təcrübəyə, siyasi iradəyə və yüksək nüfuza malik olan Heydər Əliyev bunu bacara bildi. Sovet rejiminin bütün xüsusiyyətlərini dərindən bilən və zəngin idarəçilik təcrübəsinə malik olan ulu öndər respublikamızın inkişafı üçün ən vacib məsələləri Sov.İKP. MK-nın Siyasi Bürosuna, MK-nın plenumlarına, partiya qurultaylarına çıxarır, zəruri qərarların qəbul edilməsinə nail olurdu. Məhz Heydər Əliyevin qətiyyəti və ölkə rəhbərliyini inandırmaq bacarığı sayəsində nəhəng sənaye müəssisələrinin Azərbaycanda tikintisinə nail olunurdu. Təkcə onu demək kifayətdir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikamızda yüzlərlə zavod, fabrik, istehsal sahələri yaradılmış, 213 iri sənaye müəssisəsi işə salınmışdır. 1970-80-ci illərdə Azərbaycan dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac edirdi.
Azərbaycana rəhbər seçildiyi ilk gündən etibarən ulu öndər respublikada geniş islahatlara başladı. İlk növbədə, respublika iqtisadiyyatına dərindən bələd olan bacarıqlı kadrlar rəhbər vəzifələrə irəli çəkildi, onların normal fəaliyyəti üçün hər cür şərait yaradıldı. Qısa müddətdə iqtisadiyyatda köklü struktur və keyfiyyət dəyişiklikləri baş verdi. Tərəqqi yolunda maneəyə çevrilmiş bütün neqativ hallara qarşı mübarizə sistemli şəkil aldı. Həyata keçirilmiş bütün bu tədbirlər respublikamızı sürətli inkişaf yoluna çıxardı, Azərbaycan cəmi bir neçə il ərzində SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevrildi. Təkcə onu demək kifayətdir ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illər ərzində respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı 2 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2,7 dəfə, xalq istehlakı mallarının istehsalı isə 3 dəfə artmışdı.
Bütün bunlarla yanaşı, ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, Azərbaycanın gələcək inkişafı savadlı gənclərin, bacarıqlı kadrların yetişdirilməsindən çox asılıdır. Məhz buna görə də o, gənclərin SSRİ-nin ən qabaqcıl və tanınmış ali məktəblərində təhsil almaları üçün çox böyük səy göstərir, sonradan respublikamıza qayıdan həmin kadrların işlə təminatına xüsusi diqqət yetirirdi. Təsadüfi deyil ki, Azərbaycan ötən əsrin sonlarında yenidən müstəqillik əldə etdikdən sonra məlum oldu ki, respublikamızda həyatın bütün sahələrində yüksək savada və zəngin təcrübəyə malik kadrlarımız, mütəxəssislərimiz var. Vaxtilə ulu öndər Heydər Əliyevin böyük diqqət və qayğısını görmüş, onun xeyir-duasını almış həmin mütəxəssislər bu gün də Azərbaycanın müstəqilliyinin qorunmasında, ölkəmizin inkişaf etdirilməsində, dövlətçiliyimizin möhkəmləndirilməsində yaxından iştirak edirlər.
Heydər Əliyevin yüksək idarəçilik məharəti, gözəl təşkilatçılıq qabiliyyəti, insanlarla işləmək bacarığı, iqtisadiyyatı dərindən bilməsi İttifaq rəhbərliyinin diqqətini getdikcə daha çox cəlb edirdi. Məhz belə bir şəraitdə - 1982-ci ilin sonlarında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi son dərəcə mühüm və məsuliyyətli bir posta təyin olundu. Nəhəng bir ölkənin təsərrüfat həyatının bir çox sahələrinin işinə nəzarət məhz birbaşa ona etibar edildi. Heydər Əliyev belə bir məsul vəzifədə işləməklə yanaşı, Azərbaycanın problemləri ilə də daim məşğul olurdu, sözün əsl mənasında, Azərbaycanla yaşayırdı.
Heydər Əliyevi ümummilli lider səviyyəsinə yüksəldən əsas cəhətlərdən biri də onun Azərbaycanla, Azərbaycan xalqı ilə qırılmaz tellərlə bağlı olması idi. Təsadüfi deyildi ki, ümummilli liderimiz sonradan bu barədə deyirdi: "Mən on il Moskvada yaşamışam, Sovetlər İttifaqının rəhbərlərindən biri olmuşam və bu rəhbərliyin imkan verdiyi ən yüksək şəraitdə yaşamışam. Bir an da Azərbaycanı unutmamışam, ürəyim daim Azərbaycanla vurub. Sonra qayıtmışam Azərbaycana, Naxçıvanda bir daxmada yaşamışam. Gecəm də Azərbaycan olub, gündüzüm də. Çünki bu, mənim Azərbaycanımdır, mənim Vətənimdir".
Doğrudan da, Azərbaycanı düşünmək, Azərbaycanla yaşamaq onun başlıca amalı, həyatının mənası idi. Heydər Əliyev keçmiş sovet sisteminin sərt qayda-qanunlarının hakim olduğu bir şəraitdə belə, daim respublikamızın tərəqqisi naminə əsl liderə xas olan keyfiyyətlərdən bacarıqla istifadə etmiş, xalqını yeni, daha miqyaslı yaradıcı, məhsuldar əməyə səfərbər edə bilmişdi.
Ulu öndər Heydər Əliyevin Vətən sevgisinin sərhədi yox idi. Onun Vətən, xalq üçün çalışmaq həvəsi, millətinə mümkün qədər çox fayda vermək istəyi sonsuz idi. Təsadüfi deyildi ki, ötən əsrin sonlarında müstəqilliyini yenicə əldə etmiş Azərbaycan ağır, çətin sınaq qarşısında qalanda Heydər Əliyev xalqının səsinə səs verdi, xilaskarlıq missiyasını öz üzərinə götürdü. "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" - deyərək hakimiyyət sükanı arxasına keçdi. O, qısa müddətdə dövlətlə xalqın birliyini, yekdilliyini təmin etdi, hakimiyyət böhranını aradan qaldırdı, ölkədə mühüm ictimai-siyasi sabitliyə nail oldu.
Heydər Əliyev respublikamızda quruculuq, yaradıcılıq işlərinin başlıca istiqamətlərini müəyyən etdi. Ümummilli liderimiz Azərbaycan dövlətinin strateji yolunun yalnız demokratiya, sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı, sahibkarlıq yolu olduğunu göstərdi.
Ölkənin sosial-iqtisadi inkişaf strategiyasının başlıca konturlarını müəyyən edən ulu öndər Heydər Əliyev Azərbaycanın qapılarını xarici sərmayədarların üzünə açıq elan etdi. Öz növbəsində, Azərbaycanda ictimai-siyasi sabitliyin, burada əlverişli investisiya mühitinin mövcudluğuna əmin olan xarici iş adamları ölkəmizin iqtisadiyyatına, xüsusən də, neft sənayesinə maraq göstərməyə başladılar. Belə bir şəraitdə - 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 7 ölkəsini təmsil edən 11 iri neft şirkəti ilə "Əsrin müqaviləsi" adlandırılan neft sazişi imzalandı. Bu addım Azərbaycan iqtisadiyyatına böyük uğurlar gətirdi. Təkcə onu demək kifayətdir ki, ulu öndər Heydər Əliyevin bilavasitə qayğısı və yaxından köməyi ilə reallaşdırılan "Əsrin müqaviləsi" çərçivəsində görülən işlərə doqquz il ərzində 20 milyard dollardan çox investisiya qoyuldu. Bu da dünya ölkələrində Heydər Əliyevə, onun şah əsəri adlandırılan Azərbaycana inam və etibarın məntiqi nəticəsi idi.
Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi 10 il əsl quruculuq-yaradıcılıq dövrü kimi tarixə düşmüşdür. Bu dövrdə Azərbaycan sosial-iqtisadi sahələrdə, ordu quruculuğunda, beynəlxalq münasibətlərdə böyük uğurlar qazanmış, ölkəmizin nüfuzu xeyli artmışdır. Daim doğma Vətənini, xalqımızın gələcəyini düşünən ümummilli lider deyirdi: "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır". Doğrudan da, bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, onun yüksək inkişafında, tərəqqisində Heydər Əliyevin izi olmasın. Bu mənada Azərbaycanda sahibkarlığın, özəl bölmənin bugünkü inkişafı da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ölkəmizdə Avropa dəyərlərinə uyğun aparılan hüquqi islahatlar da məhz Heydər Əliyevin adı ilə bağlıdır. Hüquq qaydalarının, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təminatlı müdafiəsinə görə üçpilləli məhkəmə sistemimizin yaradılması, yeni, müasir tələblərə uyğun hakim korpusunun formalaşdırılması Heydər Əliyevin xidmətləridir.
Müstəqilliyimizin möhkəmlənməsində, hüquqi, demokratik dövlət quruculuğu işində ilk müstəqil Konstitusiyamızın xüsusi yeri var. "Heydər Əliyev Konstitusiyası" kimi tarixə düşən Əsas Qanunumuz insan hüquq və azadlıqlarının təminatlı müdafiəsi sahəsində mükəmməl bir sənəddir. Odur ki, bir çox ekspertlər haqlı olaraq Konstitusiyamızı "İnsan hüquqları manifesti" də adlandırırlar. Bu, ümummilli liderimizin xidmətləridir.
Şərqdə ilk dəfə ölüm cəzasının ləğv edilməsi Azərbaycanda baş tutdu. Bu gün də bir sıra inkişaf etmiş ölkələrdə hələ də qüvvədə olan bu cəza növünün ölkəmizdə ləğv edilməsi çox cəsarətli addım idi və onu ümummilli liderimiz reallaşdırdı. Tarixə belə həkk olundu, belə də qalacaq və yüz illər sonra da insan hüquqlarının müdafiəçiləri bu mövzudan danışanda ümummilli liderimizi hörmət və izzətlə yad edəcəklər.
Heydər Əliyev 1993-cü ildən 2001-ci ilədək 68 ölkənin prezidenti və dövlət başçısı ilə 485 görüş keçirmişdir. Bu görüşlərin hamısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmuşdur. Konkret rəqəmlərlə ifadə etsək, Heydər Əliyev ABŞ-ın Prezidenti, xarici işlər naziri ilə bu məsələni 18, Fransa rəhbərləri ilə 16, Rusiya ilə 23, Türkiyə rəhbərləri ilə 78 dəfə müzakirə etmişdir. BMT-nin baş katibləri ilə onlarca görüş olmuşdur, NATO-nun, Müstəqil Dövlətlər Birliyinin zirvə görüşlərində, İslam Konfransı Təşkilatının iki, İqtisadi Əməkdaşlıq Təşkilatının dörd zirvə görüşündə, türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərində hər dəfə Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağıq Qarabağ münaqişəsini gündəliyə çıxarmışdır.
ATƏT-in Lissabon zirvə görüşündən sonra Minsk qrupunun həmsədrləri dünyanın üç ən böyük dövləti - Rusiya, ABŞ, Fransa oldu. Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair indiyədək üç təklif vermişlər. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin paket həllini, 1997-ci ilin oktyabrında verdikləri ikinci təklif isə münaqişənin mərhələli həllini nəzərdə tuturdu. 1998-ci ilin noyabrında həmsədrlər yeni, üçüncü təklif - "ümumi dövlət" təklifini verdilər.
Nəhayət, 1999-cu ilin aprelindən başlayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində yeni bir format yaranıb və o, öz fəaliyyəti ilə əslində, ATƏT-in Minsk qrupunun işini tamamlayır. Bu, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqudur. Heydər Əliyevin Ermənistanın sabiq dövlət başçısı Robert Koçaryan ilə Cenevrədə, Moskvada, İstanbulda, Parisdə, Minskdə, Davosda, Yaltada, Soçidə, respublikamızın sərhədində çoxsaylı görüşləri olmuşdur.
Ermənistan Prezidenti ilə danışıqlar zamanı Heydər Əliyev əsasən münaqişənin tezliklə sülh yolu ilə tənzimlənməsi və Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli möhkəm sülh yaradılması üçün qarşılıqlı surətdə məqbul kompromislərin axtarışı ilə məşğul olmuşdur. Qeyd etmək lazımdır ki, 1999-cu ilin axırlarında prezidentlər kompromis əldə edilməsinə yaxın idilər. Lakin Ermənistan əldə olunmuş razılaşmalardan tezliklə geri çəkildi.
Bu gün danışıqlar prosesində yaranmış vəziyyət isə beynəlxalq münasibətlərdə təhlükəli presedent yaradır. Beynəlxalq birlik beynəlxalq hüququn norma və prinsiplərinə ciddi əməl olunmasını, bunların möhkəmləndirilməsini təmin etmək əvəzinə, qətiyyətsizlik nümayiş etdirir. Ərazi bütövlüyünün toxunulmazlığı, sərhədlərin pozulmazlığı kimi beynəlxalq hüququn fundamental norma və prinsipləri sual altına qoyulur və bununla da, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yaşayan 100 min erməniyə görə beynəlxalq praktikanın, beynəlxalq hüququn on illər boyu formalaşmış dayaqları sarsıdılır. Hərbi təcavüzün tanınması nəticəsində əldə edilmiş sülh, sabitlik və təhlükəsizlik isə möhkəm və əbədi ola bilməz.
Bütün dünyanın bəhrələnəcəyi Böyük İpək yolu çox qədim ticarət marşrutudur. Uzun illərdir ki, dünya alimləri bu sahədə baş sındırır, Şərqlə Qərbi, ümumiyyətlə, dünyanı dolaşan təhlükəsiz və səmərəli nəqliyyat yolu haqqında düşünürlər. Böyük-böyük elmi-tədqiqat institutları bu problemlə məşğuldurlar. Ümummilli lider dünyada yeni müharibə ocaqlarının getdikcə artdığı, Şərqlə Qərbin ziddiyətli bir dövründə bu qədim İpək yolunun bərpasını gündəmə gətirdi və məntiqlə sübut etdi ki, bu yola alternativ heç bir layihə ola bilməz. Təbii ki, bu layihədə əsas keçid Azərbaycandır və illər keçdikcə onun bəhrəsini daha çox görəcəyik.
Təsadüfi deyil ki, müstəqil Azərbaycanın gələcəyini bazar iqtisadiyyatının inkişaf etdirilməsində görən ümummilli lider bu məqsədlə ölkədə yenicə formalaşmaqda olan sahibkarlar təbəqəsinə hər cür qayğı və diqqət göstərirdi. Heydər Əliyev daim iş adamlarının mənəvi hamisi kimi çıxış edərək onların üzləşdikləri problemlərin aşkarlanması məqsədilə dövlət-sahibkar dialoqunun genişləndirilməsinə çalışırdı. Elə 2002-ci ilin aprel və may aylarında yerli və xarici iş adamları ilə keçirdiyi görüşlər zamanı ulu öndər sahibkarları üzləşdikləri problemlər barədə açıq danışmağa dəvət etdi, onları səbir və təmkinlə dinləyərək mövcud çətinliklərin, ölkədə özəl bölmənin inkişafına mane olan süni əngəllərin dərhal aradan qaldırılması üçün dövlət qurumlarına konkret tapşırıqlar verdi.
Xalqımızın ümummilli lideri Heydər Əliyev əzəmətli bioqrafiyası ilə nəsillərə örnək olan bir ömür yaşamış nadir şəxsiyyət, titanik fəaliyyət dairəsinə malik bir insan idi. Belə bir şərəfli ömür, fenomenal siyasi bioqrafiya isə hər kəsə nəsib olmur. Heydər Əliyevin taleyinin möhtəşəmliyi və bənzərsizliyi bir də onda idi ki, o, bütün şüurlu həyatını bütövlükdə doğma xalqına, Vətəninə, müasir Azərbaycanın inkişafına həsr etmişdi.
Daim Vətənini, xalqını düşünən ulu öndər Azərbaycana cənab İlham Əliyev kimi praqmatik düşüncəyə, siyasi təfəkkürə malik bir lider bəxş etdi. Bu gün ulu öndərin siyasi kursu, ümummilli mənafeyə yönəldilmiş islahatlar strategiyası xalqımıza uğurla xidmət göstərir. Bu siyasəti müasir dövrün tələblərinə uyğun, yaradıcı şəkildə davam etdirən möhtərəm Prezident İlham Əliyev ölkənin bütün problemlərinə milli dövlətçilik prinsipləri kontekstindən yanaşır, onların uğurlu həllinə nail olur. Bir sözlə, bu gün ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün siyasət Azərbaycanı davamlı inkişafa və tərəqqiyə, xalqımızı firavan gələcəyə aparır.
Səməd SEYİDOV,
Milli Məclisin Beynəlxalq
münasibətlər və
parlamentlərarası komitəsinin sədri,
Azərbaycan Dillər Universitetinin rektoru
Azərbaycan.- 2011.-6 may.- S. 6.