Mətbuatın böyük dostu

 

"Əgər güclü ictimai nəzarət olmasa, əgər Azərbaycanda azad cəmiyyət formalaşmasa, bizim iqtisadi uğurlarımızın gələcəyi olmayacaq, ancaq müvəqqəti xarakter daşıyacaqdır. Ona görə də son illər ərzində Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur".

 

İlham ƏLİYEV

 

Sivil insan cəmiyyəti formalaşandan azad fikir və sərbəst düşüncə ifadə etməyə, obyektiv informasiya almağa ciddi ehtiyac duyulmuşdur. Cəmiyyətin söz və mətbuat azadlığına qovuşması, hər bir fərdin ayrı-ayrılıqda özüunüifadə etmək istəyi əsrlər boyu insanlığın demokratik ideallar uğrunda mübarizəsinin də əsas qayəsini təşkil etmişdir. Bu dəyərlər uğrunda mübarizə ona görə daim aktual olmuşdur ki, cəmiyyət və dövlətdən çəkinməyərək öz fikrini ifadə etmək hüququ - özünüifadə azadlığı insan haqlarının ən mühümü, dövlətin idarə olunması və ona nəzarət edilməsində vətəndaşın həqiqi iştirakının əsasını təşkil edir. Özünüifadə insanın cəmiyyətdə layiqli yerini tapmasına, plüralizmin bərqərar olmasına, ən başlıcası, dövlətin demokratik dəyərlərə söykənməsinə şərait yaradır.

 

Demokratiyanın "barometri"

 

Söz və mətbuat azadlığı hər bir ölkədə, ilk növbədə, insanların müstəqil düşüncə ifadə etmək arzusunu gerçəkləşdirir, cəmiyyətdə fikir müxtəlifliyinə, aşkarlığa, həqiqəti üzə çıxarmağa imkan verir. Bu azadlıqlar tam demokratik idarəetmənin qaydaya salınmasında, istənilən siyasi mübahisənin müzakirələr yolu ilə həllinə, hər bir fərdin özünüifadəsinə şərait yaradır.

Bəşər cəmiyyəti elə yüksək sosiomədəni inkişaf mərhələsinə çatmışdır ki, bu gün hansısa sivil dövlətin, yaxud xalqın tərəqqisini informasiyasız təsəvvür etmək çətindir. Tarixən ən dəyərli əmtəə, qiymətli sərvət sayılan informasiya müasir qloballaşma dövründə sivil toplumun mütərəqqi inkişafının vacib atributlarından birinə çevrilmişdir. İctimai həyatın bütün sahələri üzrə operativ məlumatların "qəbulu" müasir insan cəmiyyətinin zəruri mənəvi-fizioloji və sosial tələbatlarından biri kimi özünü göstərir. Bütün dünyada kütləvi informasiya vasitələrinin - televiziya və mətbuatın, internet medianın, digər interaktiv xəbər vasitələrinin sürətli inkişafı "informasiya seli"nin insanın taleyində, onun yaşayış tərzində necə əlahiddə rol oynadığını bir daha qabarıq göstərir.

Napoleon imperiyasının diplomatı olmuş Taleyran zamanında deyirdi ki, "Kimin informasiyası çoxdursa, onun döyüş meydanında üstünlüyü də labüddür". Məlumatlılıq, daha çox bilgiyə, informasiya resurslarına malik olmaq bütün dövrlərdə nəinki intellektual müstəvidə, hətta döyüş meydanında da uğurlu mübarizənin əsas şərti sayılır. Bu gün informasiya qiymətli əmtəə kimi Azərbaycan xalqının da bəşəriyyətin tarixən can atdığı demokratiya və vətəndaş cəmiyyəti kimi ideallarının inkişafına zəmin yaradır. Həm də cəmiyyətdə sərbəst düşüncə tərzinin, şəffaflığın, siyasi plüralizmin, insan hüquq və azadlıqlarının, tolerantlığın mühüm amili kimi çıxış edir. Açıq, demokratik, şəffaf və sivil idarəetmə sisteminin yaradılması, ilk növbədə, cəmiyyətin azad, obyektiv, qərəzsiz informasiya almaq tələbatının ödənməsindən, insanların söz, fikir, düşüncə, vicdan azadlıqlarının maksimum səviyyədə təminatından keçir.

Qloballaşan dünyada demokratiyanın, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və mətbuat azadlığının başlıca daşıyıcıları isə kütləvi informasiya vasitələridir. Müstəqil kütləvi informasiya vasitələri müasir dövrdə cəmiyyətdə aşkarlığın və demokratik prinsiplərin bərqərar olunmasında mühüm rol oynamaqla yanaşı, demokratiyanı səciyyələndirən mühüm amillərdən sayılır. Hər bir ölkədə, ümumilikdə, dünyada baş verən mühüm ictimai-siyasi və mənəvi proseslərin qiymətləndirilməsi, ictimaiyyət tərəfindən dərk edilib dəyərləndirilməsi, əsasən, kütləvi informasiya vasitələrinin obyektiv və çevik fəaliyyəti nəticəsində mümkün olur. Təsadüfi deyildir ki, ictimai rəyə təsir göstərmək imkanlarına görə kütləvi informasiya vasitələri məcazi mənada "dördüncü hakimiyyət" adlandırılır. Xüsusən də, yazılı media cəmiyyət həyatının bütün sahələrinə təsir göstərən qüdrətli vasitələrdən biri kimi, ictimai rəyin formalaşmasında, ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır. Azad mətbuatın mövcudluğu hər bir ölkədə siyasi plüralizmi və demokratiyanı təmin edir, hakimiyyətin məsuliyyətini, cəmiyyətin isə neqativ meyillərə müqavimət potensialını artırır.

Demokratik inkişafı şərtləndirən ən mühüm dəyərlərdən biri də kütləvi informasiya vasitələrinin müstəqilliyinin, o cümlədən mətbuat, söz, fikir azadlıqlarının yüksək səviyyədə təminatıdır. Bu azadlıqlar cəmiyyətdə sosial məsuliyyəti, şəffaflığı, siyasi plüralizmi, tolerantlığı şərtləndirməklə yanaşı, beynəlxalq konvensiyalar və digər normativ hüquqi aktlarda təsbit edilmiş insan hüquqlarının etibarlı müdafiəsinə də geniş imkanlar açır. Televiziyalar, radiolar, internet qəzetlər, dövri nəşrlər və nəhayət, informasiya agentlikləri yerli və transmilli səviyyədə fəaliyyət göstərməklə həm demokratiyanın "barometr"nə çevrilir, həm də cəmiyyətin siyasi liberallaşmasında, ictimai təfəkkürün proqressiv siyasi yeniliklərə hazırlanmasında müstəsna rol oynayırlar. Öz funksiyalarına görə mətbuat həm də cəmiyyətin güzgüsü rolunu oynayır, baş verən proseslərin ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılmasında ağırlığı öz üzərinə götürür.

 

Mətbuat azadlığını təmin edən islahatların müəllifi

 

İnkişaf etmiş dövlətlərin mütərəqqi təcrübəsinə əsasən demək olar ki, kütləvi informasiya vasitələrinin öz funksiyasını sərbəst həyata keçirməsi üçün iki mühüm şərt tələb olunur. Bunlardan birincisi, ölkə qanunvericiliyi ilə azad mətbuat fəaliyyəti ilə məşğul olmaq üçün bütün insanlara bərabər şəraitin yaradılmasıdır. Bu şərtə görə, qanunla hüququ olan hər bir vətəndaş istədiyi vaxt, istədiyi məkanda, istədiyi səviyyədə kütləvi informasiya vasitələri təsis edir, onların fəaliyyətinə rəhbərliyi həyata keçirir. İkinci başlıca şərt isə azad mətbuatın fəaliyyəti üçün normal imkanların, ilk növbədə, demokratik və plüralist siyasi mühitin formalaşdırılmasıdır. Yəni, jurnalist sərbəst şəkildə, heç nədən çəkinmədən, bütün qanuni mexanizmlərdən istifadə edərək, azad şəkildə informasiya toplamağı bacarmalı, əsl həqiqəti məsuliyyətlə, jurnalist etikası çərçivəsində cəmiyyətə çatdırmalıdır. Bu iki şərtə eyni dərəcədə əməl olunması hər bir demokratik cəmiyyətdə azad mətbuatın mövcudluğunun başlıca amilidir.

Əsası görkəmli ziyalı, ictimai xadim və alim Həsən bəy Zərdabi tərəfindən qoyulan, 2010-cu ildə 135 illik yubileyi dövlət səviyyəsində təntənə ilə qeyd edilən Azərbaycan milli mətbuatının da formalaşma mərhələləri cəmiyyətin özünün inkişaf xüsusiyyətlərinə uyğun olaraq mürəkkəb təkamül yolu keçmiş və müasir səviyyəyə gəlib çatmışdır. Azərbaycan və eləcə də bütün Şərq aləmi üçün tamamilə yeni siyasi, mədəni və elmi ünsiyyət vasitəsi olan mətbuatın yaranması, əslində, ölkədə gedən mühüm ictimai-siyasi, iqtisadi və mədəni proseslərlə, o cümlədən maarifçilik hərəkatının, dünyəvi teatrın və yeni tipli məktəbin təşəkkül tapması ilə sıx bağlıdır.

Milli demokratik mətbuatın "Əkinçi" qəzeti ilə bəyan edilmiş başlıca prinsipləri - maarifləşmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafı üçün təməl daşları rolunu oynamışdır.

Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra həyatın bir çox səhələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yaranmış, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirilmişdir. Hələ Azərbaycan Xalq Cümhuriyyəti illərindən sonra rüşeym halında inkişafını dayandırmış proseslər yenidən dirçələrək demokratik mətbuatın inkişafına xidmət etmişdir. Azərbaycan mətbuatının sürətli inkişafı isə respublikamızda dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələrinin yaranmasına gətirib çıxarmışdır. Hazırda hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti qurmaq istiqamətində irəliləyən Azərbaycanda 4500-ə yaxın müxtəlif kütləvi informasiya vasitəsi - qəzet, jurnal, informasiya agentliyi və teleradio şirkətləri qeydiyyata alınmışdır.

Müstəqil Azərbaycan söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında ən qabaqcıl yerlərdən birini tutur. Respublikada bu yönümdə həyata keçirilən mütərəqqi islahatlar, ilk növbəbə, demokratik, hüquqi və dünyəvi inkişaf yolunu prioritet seçərək bu yolla inamla irəliləyən Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi sayılmalıdır. Azərbaycanda insan hüquqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu öz təsdiqini həm də demokratik institut kimi formalaşmış kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətində, onların inkişafı üçün yaradılmış hüquqi təminatlarda tapır.

Xatırlatmaq lazımdır ki, müstəqilliyin ilk illərində mətbuatın formalaşma və inkişaf yolu heç də rəvan olmadı. 1991-ci il 18 oktyabr tarixli "Azərbaycan Respublikasinin dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nda vətəndaşların söz, fikir, mətbuat azadlıqları təsbit edilsə də, müstəqilliyin ilk illərində müəyyən obyektiv və subyektiv səbəblər üzündən ölkənin yeni formalaşan mətbuat orqanları ciddi məhrumiyyətlərlə, çətinliklərlə üzləşdi. Həmin dövrdə ölkədə hökm sürən gərgin ictimai-siyasi vəziyyət, silahlı dəstələrə arxalanan müxtəlif siyasi qrupların öz iddialarını gerçəkləşdirmək üçün qeyri-qanuni cəhdlər göstərməsi, Ermənistanın hərbi təcavüzünün doğurduğu ağır sosial-iqtisadi və psixoloji durum söz və mətbuat azadlığının təmin edilməsinə, bu sahədə dövlət və vətəndaşların mənafelərinin qorunmasına ciddi maneələr yaradırdı.

Həmin dövrdə ölkədə hökm sürən gərgin ictimai-siyasi vəziyyət, silahlı dəstələrə arxalanan müxtəlif siyasi qrupların mərkli iddialarını gerçəkləşdirmək üçün qeyri-qanuni cəhdlər göstərməsi, Ermənistanın hərbi təcavüzünün doğurduğu ağır sosial-iqtisadi və psixoloji durum söz, mətbuat, məlumat azadlıqlarının təmin edilməsinə, bu sahədə dövlətin və vətəndaşların mənafelərinin qorunmasına ciddi maneələr yaradırdı. Mövcudluğunu qoruyub saxlamağa çalışan o zamankı siyasi hakimiyyət çıxış yolunu yeni təşəkkül tapmaqda olan müstəqil mətbuata təzyiqləri gücləndirməkdə görürdü. 1992-ci il aprel ayının 12-də hərbi senzura tətbiqi adı altında mətbuat üzərində nəzarət daha da artırıldı. 1992-ci ildə zor gücünə hakimiyyətə yiyələnmiş AXC-Müsavat cütlüyünün bir illik fəaliyyəti dövründə isə ölkədə söz və mətbuat azadlığı sahəsində vəziyyət daha da pisləşdi. O zamankı ölkə rəhbərinin 15 aprel 1993-cü il tarixli sərəncamı ilə hərbi vəziyyətlə bağlı senzura təkcə hərbi sirlərə deyil, bütün məlumatlara aid edilərək jurnalistlərin sərbəst informasiya fəaliyyətini daha da sərtləşdirdi. Yaxşı xatırlayırıq ki, o zaman nəinki hansısa jurnalistin, hətta sıravi vətəndaşın təhlükəsizliyinə də təminat yox idi! Həmin dövrdə jurnalistlər daha ağır senzura ilə üzləşir, öz fikirlərini sərbəst ifadə edə bilmirdilər. Mətbuat nümayəndələrinin ayrı-ayrı məmurlar tərəfindən döyülməsi, hakimiyyətə qarşı təndiqi yazılar dərc edən nəşrlərin bağlanması isə adi hala çevrilmişdi. Səriştəsiz AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə kütləvi informasiya vasitələrinə qarşı hücumlar təkcə ayrı-ayrı məmurların özfəaliyyəti deyil, həm də dövlətin apardığı uğursuz siyasətin mahiyyətindən irəli gəlirdi.

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə isə Azərbaycan mətbuatının inkişafında birinci intibah dövrü başlandı. Bu mənada Heydər Əliyev, eyni zamanda, Azərbaycanda söz və mətbuat azadlığının, müstəqil mətbuatın əsasını qoymuş lider kimi böyük ehtiramla anılır. Respublikada ictimai-siyasi sabitliyin bərqərar olması, vətəndaşların təhlükəsizlik təminatının və qanunçuluğun tədricən gücləndirilməsi, sosial-iqtisadi problemlərin həlli istiqamətində ciddi addımların atılması KİV-nin fəaliyyəti, söz və mətbuat azadlığının müdafiəsi sahəsində də əsaslı irəliləyişlərin əldə olunmasına şərait yaratdı. Həmin dövrdən etibarən Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıldı. Vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu.

1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında ölkə vətəndaşlarının təhlükəsiz yaşamaq, söz, fikir, vicdan azadlığı təsbit edildi. Son 10 ildə Əsas Qanunun tələblərinə müvafiq surətdə həyata keçirilmiş demokratik-hüquqi islahatlar kütləvi informasiya vasitələrinin və jurnalistlərin normal fəaliyyətinə geniş imkanlar açdı.

Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edildi. Konstitusiyaya bu müddəanın daxil edilməsi respublikamızın da qoşulduğu beynəlxalq müqavilələrdən irəli gəlir. 1948-ci ildə BMT tərəfindən qəbul edilən İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsi, eyni zamanda, 1966-cı ildə yenə BMT tərəfindən qəbul edilən Mədəni və Siyasi hüquqların qorunmasına dair Konvensiyanın 19-cu maddəsi, 1950-ci ildə Romada qəbul edilən Avropa İnsan Hüquqlarının qorunmasına dair Konvensiyanın 10-cu maddəsi bütünlükdə hər kəsin məlumat azadlığını - informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi və yayılması hüququnu təsbit edir.

 

Söz azadlığı yolunda "yaşıl işıq"

 

1996-cı il noyabrın 15-də "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarənin ("Qlavlit") iş metodlarında müsbətə doğru ciddi dəyişikliklər edildi. Buna baxmayaraq ölkədə demokratikləşmə prosesinin tədricən dərinləşməsi əlavə qərarların qəbulunu da zəruri edirdi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 iyun tarixli "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" isə vətəndaşların Azərbaycan Konstitusiyasında əksini tapmış söz, mətbuat, fikir azadlıqlarının təminatına əlverişli imkanlar açdı. Həmin dövlət proqramından az sonra Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 avqust tarixdə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım olmuşdur. Fərman eləcə də kütləvi informasiya vasitələri əməkdaşlarının beynəlxalq mərkəzlərin tədqiqat və təhsil proqramlarında, beynəlxalq konfrans, seminar və digər tədbirlərdə iştirakı üçün geniş şərait yaradılmasını nəzərdə tuturdu.

Həmin fərmanla 1966-cı il 27 oktyabr tarixdə yaradılan və Azərbaycanın bütün informasiya vasitələri üzərində senzura fəaliyyəti həyata keçirən Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ("Qlavlit") ləğv olundu. Fərmanla həmçinin Azərbaycan Respublikası Prezidentinin hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərmanı, eləcə də bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncamı qüvvədən düşmüş hesab olundu. Bu qətiyyətli addım 1875-ci ildə "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi demək idi. Mətbuat üzərində dövlət senzurasının ləğvi barədə fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş dövlət proqramının əsas istiqamətlərini müəyyənləşdirdi.

Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında 19 iyun 1998-ci il tarixli "Məlumat azadlığı haqqında", 10 iyun 1997-ci il tarixli "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", 3 aprel 1998-ci il tarixli "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", 12 mart 2002-ci il tarixli "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının qanunlarının qəbulu da mühüm addımlardan oldu. Eləcə də sonrakı mərhələdə 11 may 2002-ci il tarixli "Kütləvi informasiya vasitələri haqqında", 2005-ci il 19 dekabr tarixli "İnformasiya azadlığı haqqında" qanunlar qəbul edildi, bu zaman Avropa Şurasının mütərəqqi rəy və təklifləri nəzərə alındı.

2000-ci il 6 mart tarixli fərmanla isə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün tədbirlər proqramı" təsdiq olundu. Proqram jurnalist kadrları hazırlayan təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, kütləvi informasiya vasitələrinin istehsalı və yayımı ilə əlaqədar problemlərin həlli məqsədilə əlaqələndirmə şurasının yaradılmasını önə çəkirdi. Eyni zamanda, proqramda KİV subyektləri tərəfindən dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin icarəsi və telefon rabitəsi üzrə müəyyən olunmuş tariflərin minimum məbləğdə ödənilməsi nəzərdə tutulmuşdu.

Bu fərmandan sonra ölkə rəhbərliyi demokratik inkişafın qarantı qismində çıxış etdiyi üçün mətbuatda özünütənzimləmə funksiyasını həyata keçirən Mətbuat Şurasının yaradılmasını mətbuat nümayəndələrinin öz öhdəsinə buraxdı. Şura 2003-cü ilin martında Jurnalistlərin I qurultayında azad şəkildə formalaşaraq fəaliyyətə başladı, mətbuatın özünütənzimləməsi prosesini uğurla həyata keçirdi.

Mətbuat və İnformasiya Nazirliyinin ləğvi ilə kütləvi informasiya vasitələrinin təsis olunması sahəsindəki bəzi süni əngəllər də tam aradan qaldırıldı. Azərbaycan Respublikası Prezidentinin 11 may 2002-ci il tarixli "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə" fərmanı yazılı medianın təsis edilməsini və ondan istifadə imkanlarını qat-qat asanlaşdırmaqla, bu sahədə liberallığı tam təmin etmiş, mətbu nəşrlərin dövlət qeydiyyatı ilə bağlı icazə sistemini aradan götürmüşdür. Bu isə inkişaf etmiş bir sıra Qərb ölkələrinin mətbuata dair qanunvericilik təcrübəsinə əsaslanır.

18 dekabr 2001-ci il tarixdə aparıcı KİV rəhbərləri ilə görüşən ümummilli lider Heydər Əliyev sonrakı mərhələdə də milli jurnalistikanın üzləşdiyi bir sıra problemlərin aradan qaldırılması üçün mühüm fərman və sərəncamlar imzaladı. Bu sənədlər mətbuata güzəştli kreditlərin verilməsini, onların maddi-texniki bazasının daha da gücləndirilməsini, çoxlu sayda qəzetin "Azərbaycan" nəşriyyatına olan borcunun 2005-ci ilədək dondurulmasını nəzərdə tuturdu. Bu diqqət və qayğının qarşılığı kimi, 2002-ci ildə "Jurnalistlərin dostu" mükafatına layiq görülən Heydər Əliyev martın 23-də bununla əlaqədar keçirilmiş təntənəli mərasimdəki çıxışında demişdir: "Mən bu mükafatı çox yüksək dəyərləndirirəm... Təbiidir, mən çox mükafatlara layiq görülmüşəm. Ancaq bu mükafatın öz yeri var. Çünki aldığım mükafatların əksəriyyəti dövlətlər tərəfindən verilən mükafatlardır, dövlət mükafatlarıdır. Düzdür, başqaları da var. Amma bu, jurnalistlər tərəfindən verilən mükafatdır".

Ümummilli lider bütün bunlarla yanaşı, ölkə mətbuatının qüsurlarını, problemlərini də hər zaman açıq şəkildə bildirir, jurnalistləri milli-mənəvi, etik dəyərlərə riayət etməyə çağırırdı. Böyük strateq mətbuat azadlığından sui-istifadə hallarını pisləyir, qanun pozuntularının yolverilməz olduğunu bildirirdi. Heydər Əliyevin şəxsiyyət kimi böyüklüyü onda idi ki, o, peşə etikasını kobud şəkildə pozan, faktlara deyil, şəxsi mülahizələrə söykənən "yazarlar"ın qanunamüvafiq qaydada cəzalandırılmasına yol vermir, dövlət məmurlarına dözümlü olmağı tövsiyə edirdi. Məhz Heydər Əliyevin humanistliyinin nəticəsi olaraq o illərdə bir sıra məmurlar qəzetlərə qarşı qaldırdıqları haqlı iddiaları geri götürdülər. Bu fakt ulu öndərin ölkədə azad mətbuatın fəaliyyətinə necə böyük əhəmiyyət verdiyini bir daha təsdiqləyir.

Mətbuatın 125 illiyi ilə əlaqədar jurnalistlərlə görüşündə ulu öndər Heydər Əliyev demişdir: "Jurnalistikaya mənim hörmətimə, ehtiramıma şübhəniz olmasın. Yenə də deyirəm, mən hesab edirəm ki, lap o qatı yalan yazan jurnalistlər də jurnalistdir - qoy olsun. Azərbaycanda belə bir ifadə var: "Zaman hər şeyi saf-çürük edəcəkdir". Kim bu imtahandan, rəqabətdən keçəcək, həqiqətən, hörmətli bir jurnalist olacaqsa, olacaq. Kim isə bu yolu keçə bilməyəcək, - yəqin ki, o özünə başqa peşə axtaracaq. Amma bu, ayrı-ayrı fərdlərə aiddir. Ümumiyyətlə isə bu peşə çox vacib peşədir. Demokratik, hüquqi, dünyəvi dövlətdə, qanunlarla yaşayan dövlətdə jurnalistika çox vacib bir peşədir, mətbuat çox vacib bir sahədir. Bu, mənim fikrimdir və mən bu fikrimi heç vaxt dəyişdirməyəcəyəm. Sizə, bütün Azərbaycan jurnalistlərinə, mətbuat işçilərinə hörmət, ehtiramımı bildirirəm".

 

Mətbuatın intibahı prosesində ikinci mərhələ

 

Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi dayaqlarının möhkəmlənməsi prosesi sürətləndikcə, Azərbaycan iqtidarı da söz və mətbuat azadlıqlarının qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində yeni-yeni addımlar atır. Son 8 ildə ulu öndər Heydər Əliyev siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir.

Dövlət başçısı respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasının tərəfdarıdır. Hələ 2005-ci il 21 iyul tarixində "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", habelə "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymət verildiyini göstərmişdir. "Əkinçi" qəzetinin 130 illik yubileyinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin Prezident təqaüdünə layiq görülməsi dövlətin mətbuata qayğısının bariz təcəssümü kimi xatırlanır.

Keçid dövründə KİV-nin üzləşdiyi bir sıra problemlər nəzərə alınmaqla mətbuata davamlı olaraq qayğı və diqqət göstərilir. Mətbuatın maddi-texniki və maliyyə bazasının möhkəmləndirilməsi məqsədilə 2006-cı il fevralın 8-də imzalanmış "Qəzetlərin Azərbaycan nəşriyyatına olan borclarının ödənilməsi barədə" sərəncama əsasən, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan 450 min ABŞ dolları məbləğində borcu dövlət büdcəsindən ödənilmişdir. Xüsusi qeyd etmək lazımdır ki, borcları ödənilən qəzetlər sırasında müstəqil və müxalifyönlü qəzetlər çoxluq təşkil etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları isə təsdiqləmişdir ki, Azərbaycanda mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Belə bir konsepsiyanın imzalanması milli mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Mətbuata dövlət dəstəyi konsepsiyasının imzalanması dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi məqsədindən irəli gəlmişdir.

Dövlət başçısının 2009-cu il 3 aprel tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" sərəncamı da məhz Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Sərəncamla həmçinin "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə" təsdiq edilmişdir. Sərəncam əsasında Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətinin təşkili üçün müvafiq yerin ayrılmasını, maddi-texniki təminatını, xərclər smetasını, ştat cədvəlini, işçilərin say həddini və aylıq vəzifə maaşlarını müəyyən etmişdir. Həmçinin hər il dövlət büdcəsinin layihəsi tərtib edilərkən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi məqsədilə müvafiq vəsaitin ayrılması təmin edilmişdir. Fond ötən iki il müddətində uğurla fəaliyyət göstərir və mətbuata, jurnalistlərə qanunla müəyyən olunmuş qaydada maddi yardım göstərir.

Konsepsiyanın beşinci hissəsində kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin sahələri əksini tapmışdır. Yaradılacaq fond vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu, fikir, söz və mətbuat azadlığının, plüralizmin inkişaf etdirilməsi; insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi; sosial və siyasi fəallığının artırılması, ictimai və dövlət maraqlarının müdafiəsi; Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi; Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi; qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması; Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği, azərbaycançılıq ideyasının təbliği; gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi; regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi, azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi; diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi, dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsinə xidmət edən layihə və proqramları dəstəkləyir.

Dövlət başçısı İlham Əliyev milli mətbuatın qabaqcıl dövlətlərin mütərəqqi ənənələrinə əsaslanmaqla, eyni zamanda, xalqın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayır. Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il 10 iyun tarixli "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına əsasən, Prezident Administrasiyasında Tədbirlər Planı hazırlanmış, Zərdab, Yevlax, Gəncə, Şəki, Lənkəran, Xaçmaz və Naxçıvanda "Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər" mövzusunda konfranslar keçirilmiş, mətbuat işçiləri mükafatlandırılmışlar. Ümumilikdə, Azərbaycan mətbuatının 135 illik yubileyinin "Gülüstan" sarayında yüksək səviyyədə qeyd edilməsi, jurnalistikamızın inkişafında rolu olmuş qələm sahiblərinin mükafatlandırılması, 40-dək qəzetə və informasiya agentliyinə birdəfəlik yardımların verilməsi, Mətbuat Şurasının yeni binasının təntənəli açılış mərasiminin keçirilməsi, jurnalistlərin mənzil probleminin həlli üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat vəsatin ayrılması da mətbuata yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, mətbuat işçiləri üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan bir addımdır. 2010-cu ilin dekabrında həmin binaların tikintisi üçün Bakıda torpaq sahəsinin ayrılması da Azərbaycan Prezidentinin kütləvi informasiya vasitələrinə, jurnalist əməyinə verdiyi yüksək qiymətin göstəricisidir.

 

Jurnalistlərin problemlərinə həssas münasibət

 

Müstəqil Azərbaycan demokratik inkişaf yolu seçən ölkə kimi mətbuatın dövlət və cəmiyyət həyatındakı roluna mühüm önəm verməklə, onun müstəqilləşməsi, mövcud problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirir. Bu da təsadüfi deyildir - respublikanın dünya informasiya məkanına daxil olması və informasiyalı cəmiyyətə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır.

Azərbaycan mətbuatı keyfiyyətcə yeni mərhələdə sağlam jurnalistika dəyərləri əsasında fəaliyyət göstərməli, ifrat siyasiləşmə meyillərindən qaçmalı, cəmiyyət qarşısındakı sosial məsuliyyətini unutmamalıdır. Mətbuatda milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına hörmət prinsipi bütün konyunktur maraqlardan öndə dayanmalıdır. 2010-cu il 22 iyul tarixdə Mətbuat Şurasının yeni müasir binasında - şuranın idarə heyətinin üzvləri ilə görüşdə dövlət başçısı bu və digər məsələlərə xüsusi toxunmuş, mətbuatın cəmiyyətdəki missiyasını yüksək dəyərləndirməklə yanaşı, onun qarşısında duran başlıca vəzifələrdən də söz açmışdır. Prezident İlham Əliyev hazırkı inkişaf mərhələsində mətbuatın müstəqilləşməsi, obyektivlik və tərəfsizlik nümayiş etdirməsi, siyasiləşmə meyillərindən, qərəzdən, böhtandan uzaq olması, milli-mənəvi dəyərlərə hörmətlə yanaşması, ümumilli məsələlərdə vətəndaşlıq mövqeyi nümayiş etdirməsi ilə bağlı dəyərli tövsiyələrini vermişdir. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə Azərbaycan mətbuatının birmənalı mövqedən çıxış etdiyini də razılıqla bildirmişdir: "Ümumiyyətlə, mən məmnunluq hissi ilə deyə bilərəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan mediasında birmənalı mövqe vardır. Bu, çox vacibdir. Bu, milli məsələdir, ümummilli məsələdir. Bu məsələdə siyasi maraqlar kənara qoyulmalıdır. Bu məsələdə iqtidar-müxalifət münasibətləri, ümumiyyətlə, olmamalıdır. Bu məsələ ilə bağlı heç kim spekulyasiya etməməlidir. Bu, bizim ümummilli məsələmizdir, əsas məsələmizdir, əsas problemimizdir. Bütün Azərbaycan xalqı birləşərək bu məsələni həll edə bilər. Ona görə bu məsələ ilə bağlı həm ölkə daxilində, həm də xüsusilə sizin beynəlxalq media nümayəndələri ilə əlaqələrinizdə biz daha da fəal iş aparmalıyıq".

Prezident İlham Əliyevin qurumun idarə heyətinin üzvləri ilə görüşdə mətbuatın mövcud durumu, problemləri, inkişaf perspektivləri ilə bağlı dəyərli tövsiyələrini verməsi bir daha göstərdi ki, ölkə rəhbəri demokratik proseslərin dərinləşdirilməsində, mülki cəmiyyət quruculuğunda medianın imkanlarını və rolunu yüksək dəyərləndirir. Qəzetlərin fəaliyyətindəki çatışmazlıqları, üstün cəhətləri incəliklərinə qədər diqqətə çatdıran dövlət başçısı ölkədə jurnalist peşəkarlığının artırılması, KİV-nin iqtisadi müstəqilliyinin təmini üçün reklam bazarının inkişaf etdirilməsi, peşə etikasına ciddiliklə riayət edilməsi, milli-mənəvi dəyərlərin qorunması, vətənpərvərlik təbliğatının gücləndirilməsi ilə bağlı da fikirlərini açıqlamışdır.

Şübhəsiz, ölkənin iqtisadi imkanlarının artdığı, demokratikləşmə prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu bir şəraitdə mətbuatın üzərinə düşən vəzifələr də nisbətən fərqli mahiyyət kəsb etməyə başlayır. Yeni mərhələnin siyasi reallıqları mətbuatın cəmiyyətdə təkcə rolunu deyil, həm də sosial öhdəliklərini, məsuliyyətini artırır. Bu gün ictimaiyyət ölkənin taleyüklü məsələlərinə münasibətdə mətbuat nümayəndələrindən əsl vətəndaş mövqeyi, milli təəssübkeşlik nümunəsi tələb edir. Söhbət ondan gedir ki, peşə etikası ilə yanaşı, milli təəssübkeşlik, taleyüklü problemlərə vətəndaş yanaşması tədricən Azərbaycan mediasının keyfiyyət göstəricisinə çevrilməlidir.

Dövrün tələblərinə uyğun olaraq bu ehtiyacı hiss edən ölkə rəhbərliyi kütləvi informasiya vasitələri ilə dövlət qurumları arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğu prosesində onların rolunun gücləndirilməsi məqsədi ilə bir sıra mühüm tədbirlər həyata keçirir. Son illər ölkə başçısının rəhbərliyi altında həyata keçirilən tədbirlərin nəticəsi olaraq bu gün Azərbaycanda söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər.

Həyata keçirilən tədbirlər ölkə jurnalistlərinin böyük razılığı, minnətdarlığı ilə qarşılanır. "RUH" Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğuya əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu ilin yekunlarına görə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi də bu razılığın təzahürüdür. Məlumat üçün bildirək ki, "Jurnalistlərin dostu" mükafatı medianın inkişafında, onun demokratik təsisat kimi formalaşmasında müstəsna xidmətləri olan şəxslərə, ictimai-siyasi və dövlət xadimlərinə verilir. Qaliblər "RUH"un kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında keçirdiyi sorğu vasitəsilə müəyyənləşdirilir. 2010-cu il üzrə qalibi müəyyən etmək üçün bu il dekabrın 1-dən 20-dək keçirilmiş sorğuda 30 gündəlik, 19 həftəlik qəzet, 13 jurnalist təşkilatı, 11 informasiya agentliyi, 8 xəbər portalı, 7 telekanal, 3 radio və 2 jurnal iştirak etmişdir. Bütövlükdə sorğu 30 minə yaxın media nümayəndəsinin rəyini ümumiləşdirmişdir. Nəticələrə əsasən, mediaya verdiyi dəyərə və bütövlükdə kütləvi informasiya vasitələrinə diqqətə görə Prezident İlham Əliyev 81 faiz səslə birinci yerə layiq görülmüşdür. Cənab İlham Əliyev yalnız ötən il mətbuatın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdə bu mükafata tam layiq olduğunu nümayiş etdirmişdir.

Mükafatın təqdimetmə mərasimində çıxış edən dövlət başçısı İlham Əliyev mətbuatın inkişafı istiqamətində bundan sonra da bütün lazımi tədbirlərin həyata keçiriləcəyini demişdir: "Azərbaycan hüquqi dövlət quruculuğu işində çox böyük nailiyyətlərə çatmışdır. Biz, sözün əsl mənasında, azad, müasir, demokratik, hüquqi dövlət qururuq. Hüquqi dövləti azad mətbuatsız təsəvvür etmək mümkün deyildir. Məhz buna görə Azərbaycanda söz azadlığı, vicdan azadlığı, plüralizm meyilləri gücləndirilməlidir. Azərbaycan dövləti və Azərbaycan iqtidarı, əlbəttə, bu sahədə öz işini elə qurmalıdır ki, bu azadlıqlar Azərbaycanda tam şəkildə bərqərar olunsun. Son illər ərzində görülmüş işlər onu göstərir ki, biz düzgün yolla addımlayırıq".

Dövlət başçısının mətbuatda milli maraqların qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun çatdırılması ilə bağlı fikirləri də obyektiv reallığa söykənir. Bu zərurət yalnız Azərbaycanın müharibə şəraitində yaşaması, ərazilərinin 20 faizinin işğal altında olması ilə şərtlənmir. Nəzərə almalıyıq ki, hazırda bütün planeti təsiri altına alan qloballaşma prosesi bir sıra mütərəqqi cəhətləri ilə yanaşı, xalqların tarixən formalaşmış dəyərlər sisteminə təhdidlər doğurur. Belə bir şəraitdə KİV-də milli-mənəvi və əxlaqi dəyərlərə lazım olduğundan daha az diqqət yetirilməsi mənəvi aşınma prosesinə rəvac verə bilər. Milli-mənəvi dəyərlərin, mütərəqqi adət-ənənələrin qorunması zərurəti həm də çeşidli dünyagörüşü və həyat tərzinin, mədəni dəyərlərin, dini konfessiyaların qovuşduğu Azərbaycanın milli-etnik tərkibi etibarilə dünyanın tolerant dövlətlərindən biri olması ilə bağlıdır. Xalqımız yalnız zəngin milli-əxlaqi keyfiyyətlərini, milli "Mən"ini, heysiyyətini qorumaqla gələcək yaşam fəlsəfəsini düzgün müəyyənləşdirə, dünya miqyasında layiqli yerini, mövqeyini təmin edə bilər.

Prezident İlham Əliyev bədnam erməni təbliğatına qarşı mübarizədə Azərbaycan mətbuatının rolunu da yüksək qiymətləndirmiş, respublikamızın bu sahədə mühüm uğurlara imza atdığını demişdir: "Əlbəttə ki, mən bu sahədə dövlət siyasəti ilə bərabər, media qurumlarının fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. Biz artıq Azərbaycan haqqında reallıqları dünya ictimaiyyətinə çatdıra bilirik. Bizim artıq mövcud olan mətbuat resurslarımız, Azərbaycanın dünyadakı dostlarının sayının artması buna imkan verir. Bilirsiniz ki, Azərbaycan indi enerji təhlükəsizliyi, regional təhlükəsizlik üçün çox önəmli ölkədir. Bəzi hallarda bizim fikrimiz, rəyimiz və addımlarımız həlledici xarakter daşıyır. Təsadüfi deyil ki, Azərbaycanla dostluq münasibətləri qurmaq istəyənlərin sayı artmaqdadır. Bu da bizim informasiya resurslarımızdır. Son illərdə onlarla səfirlik açılmışdır. Azərbaycanın dünyada əllidən yuxarı səfirliyi vardır. Bu da bizim informasiya resurslarımızdır".

Dövlət başçısı İlham Əliyevin "Jurnalistlərin dostu" mükafatının təqdimetmə mərasimindəki dərin məzmunlu nitqi - mətbuatın bugünü və gələcək perspektivləri ilə bağlı söylədiyi dəyərli fikir və tövsiyələr ümumən bu sahənin inkişafı baxımından olduqca əhəmiyyətlidir. Ümumilikdə, son proseslər göstərir ki, Azərbaycan Prezidenti ölkə mətbuatının mütərəqqi milli və bəşəri dəyərlər əsasında inkişafında maraqlıdır və bunun üçün bütün zəruri tədbirləri həyata keçirir. Azərbaycan dövləti özünün Konstitusiya prinsiplərinə sadiq qalaraq söz və məlumat azadlığının təmin edilməsi sahəsində müəyyən etdiyi siyasi xətti ardıcıl şəkildə davam etdirir.

 

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2011.- 6 may.- S. 6, 7.