Azərbaycan və Litvanın vergi orqanları arasında texniki əməkdaşlıq haqqında saziş imzalanmışdır

 

Litva Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyinin rəhbəri Modestas Kaseliauskasın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlmişdir. Səfərdə məqsəd vergitutma sahəsində iki ölkənin vergi administrasiyaları arasında ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

Rəsmi səfər çərçivəsində vergi administrasiyalarının rəhbərləri arasında keçirilən görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər, o cümlədən gələcək əməkdaşlığın inkişaf istiqamətləri, vergitutma sahəsində əməkdaşlığın intensivləşdirilməsi üçün hüquqi bazanın genişləndirilməsi və s. məsələlər müzakirə olunmuşdur.

Qonaqlar Xüsusi Rejimli Vergi Xidməti Departamentinin, "bir pəncərə" qeydiyyat sisteminin, Vergilər Nazirliyinin telefon-məlumat xidmətinin fəaliyyəti ilə yaxından tanış olmuşlar. Vergilər Nazirliyində hər iki tərəfin nümayəndələri müxtəlif mövzularda maraqlı təqdimatlarla çıxış etmişlər.

Dünən isə Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə Litva Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyi arasında texniki əməkdaşlıq haqqında saziş imzalanmışdır. Sazişi ölkəmiz tərəfindən Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov və Litva tərəfindən Litva Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyinin rəhbəri Modestas Kaseliauskas imzalamışlar.

Avropa İttifaqının üzvü olan Litva tərəfi ilə geniş təcrübə mübadiləsinin daha da genişləndirilməsi milli vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi baxımından xüsusilə faydalı hesab olunduğundan sazişin imzalanması beynəlxalq vergidən yayınma halları ilə mübarizə sahəsində iki ölkənin vergi orqanları arasında təcrübə mübadiləsinin intensivləşdirilməsində də mühüm rol oynayacaq.

 

 

Azərbaycan.- 2011.- 6 may.- S. 8.