"Şuşa Azərbaycanın
tarixi mədəniyyət mərkəzidir" mövzusunda
elmi konfrans keçirilmişdir
Mayın 5-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsi Azərbaycanlılarının İcması" İctimai Birliyinin qərargahında Şuşanın erməni silahlı qüvvələri tərəfindən işğalının ildönümü ilə bağlı "Şuşa Azərbaycanın tarixi mədəniyyət mərkəzidir" mövzusunda elmi konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilk Akademiyası ilə birgə təşkil olunmuş tədbirdə Milli Məclisin deputatları, respublikanın tanınmış ziyalıları iştirak etmişlər.
İcmanın rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun təklifi ilə Azərbaycanın ərazi bütövlüyü, o cümlədən Şuşanın müdafiəsi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Şuşanın işğaldan əvvəlki və sonrakı görünüşünü əks etdirən sənədli film göstərilmişdir. Film ulu öndər Heydər Əliyevin 1996-cı ildə şuşalılarla görüşündəki çıxışı ilə başlayıb Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il iyulun 6-da icmanın qərargahının açılışında söylədiyi nitqlə bitir. Dövlət başçısının həmin nitqi bu sözlərlə qurtarırdı: "Biz ora qayıtmayana qədər sakitləşməyəcəyik. Biz bütün səylərimizi səfərbərliyə alıb elə etməliyik ki, tezliklə oraya qayıdaq. Bir daha demək istəyirəm və mən şübhə etmirəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, biz Dağlıq Qarabağa qayıdacağıq və o bölgəni yenidən quracağıq, bütün dağıdılmış binaları, məscidləri, məktəbləri, evləri bərpa edəcəyik. Biz sadəcə istəyirik ki, buna tezliklə nail olaq, bu gün qaçqın həyatı yaşayanlar tezliklə öz ata-baba torpaqlarına qayıtsınlar".
Akademiyanın rektor əvəzi professor Əlikram Abdullayev məlumat vermişdir ki, Qarabağ, Şuşa mövzusu həmişə bu təhsil ocağı kollektivinin diqqət mərkəzində olmuşdur. Alimlərimiz xarici səfərlərində mütləq bu mövzuya toxunur, olduqları ölkələrin kitabxanalarına münaqişə, Azərbaycan həqiqətləri ilə bağlı çap məhsulları bağışlayırlar. Elmi-tədqiqat işlərində də Qarabağ mövzusu üstünlük təşkil edir. Hazırda akademiyada konfliktoloq, politoloq və diplomatlara "Ermənistan-Azərbaycan münaqişəsi" adlı xüsusi kurs keçilir.
Natiq xüsusi vurğulamışdır ki, belə tədbirlərə təkcə nisgilli yaşamaq üçün toplaşmırıq. Bunlar həmrəylik, inam, qətiyyət görüşləridir və Qələbə yolunun axtarışına həsr olunur. Problemin çətinliyi hamımıza məlumdur. Çünki münaqişə dünya miqyaslı geosiyasi məsələyə çevrilmişdir. Lakin qələbəyə aparan və siyasətdən keçən ən böyük yol elm və təhsildir.
Tədqiqatçı alim, AMEA Dilçilik İnstitutunun əməkdaşı İlhami Cəfərsoylu Şuşanın yaranma tarixindən danışmışdır. Onun məlum tarixi ədəbiyyatlarda öz əksini tapmayan məlumatları maraqla dinlənilmişdir. Alim cəsarətlə iddia etmişdir ki, Şuşa ərazi olmaqla bərabər, həm də etnonimdir və müəyyən tayfanın adıdır. O, hətta bu tayfanın yaşadığı əraziləri, qazandığı hərbi qələbələri, görkəmli nümayəndələrini sadalamışdır. Əlbəttə, natiq dediklərini mənbələrin köməyi ilə sübut edə bilsə, tarix elmimizi zənginləşdirmiş olacaqdır.
İdarəçilik Akademiyasının dosenti Firdovsiyə Əhmədova öz çıxışını Rusiya arxiv sənədləri və imperiya mütəxəssislərinin 1799-1878-ci illərdə tərtib etdikləri xəritələr, Cənubi Qafqazla bağlı Rusiyanın o zamankı siyasətinə dair sənədlər əsasında qurmuşdu.
Onun həmkarı, dosent Elçin Əhmədov isə ermənilərin Qafqaza, o cümlədən Naxçıvana, İrəvana və Qarabağa köçürülməsindən bəhs etmişdir.
Bərpaçı mühəndis, əməkdar mühəndis İlhami Fətəliyev doğma şəhərinin memarlıq abidələrinin tariximiz üçün əhəmiyyətini vurğulamışdır.
Bütün
çıxışlar icmanın və akademiyanın birgə
hazırladıqları saytdan götürülmüş
videosüjetlərlə müşayiət olunmuşdur.
Azərbaycan.- 2011.- 6 may.- S. 8.