Dövlət İdarəçilik
Akademiyasında elmi konfrans keçirilmişdir
Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında aspirant və dissertantların "Heydər Əliyevin Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu strategiyası" mövzusunda elmi konfransı keçirilmişdir.
DİA-nın Mətbuat və informasiya xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbiri İdarəçilik Akademiyasının birinci prorektoru, professor Əlikram Abdullayev açaraq ulu öndər Heydər Əliyevin dövlət siyasətinin əhəmiyyətindən, aspirant və dissertantlar üçün yaradılan imkan və şəraitdən danışmışdır. Daha sonra natiq ölkədə demokratikləşmənin dərinləşməsi, hüquqi dövlətin formalaşması və müstəqil dövlətçilik bünövrəsinin möhkəmləndirilməsi sahəsində ümummilli liderin gördüyü işləri vurğulamış, onun dövlətçilik salnaməmizə yazdığı səhifələri bir daha vərəqləmişdir.
Ə.Abdullayev Heydər Əliyevin əsasını qoyduğu idarəçilik sisteminin sosial-siyasi, hüquqi aspektlərini geniş şərh etmiş, ulu öndərin zəngin idarəçilik irsinin və çoxillik təcrübəsinin öyrənilməsinin əhəmiyyətini və bu sahədə İdarəçilik Akademiyasında görülən işlərdən söz açmışdır. Natiq məhz Heydər Əliyevin həyata keçirdiyi köklü islahatlar nəticəsində Azərbaycanda sağlam və sabit ictimai-siyasi mühitin formalaşdığını, vətəndaşların hüquq və azadlıqlarının dolğun təmin edildiyini, ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun dinamik inkişaf yoluna qədəm qoyduğunu bir daha vurğulamış və bugünkü uğurlarımızın bu bazis əsasında qazanıldığını bildirmişdir.
Sonra aspirant
və dissertantların "Azərbaycanın xarici siyasətində
ictimai diplomatiya elementləri", "Yerli əhəmiyyətli
məsələlərin həlli prosesində dövlət
orqanları ilə qarşılıqlı əlaqələrin
hüquqi əsasları", "NATO və Azərbaycan bu
gün", "Heydər Əliyevin Azərbaycançılıq
ideologiyası və onun ideya-siyasi mahiyyəti",
"Büdcə prosesinə proqram məqsədli metodun tətbiqi",
"Gənclərin dövlət idarəçiliyində
iştirakı", "Heydər Əliyev və Azərbaycanın
neft strategiyası" və sair maraqlı mövzularda məruzələri
dinlənilmişdir.
Azərbaycan.- 2011.-6 may.- S. 8.