Heydər Əliyevin sosial müdafiə strategiyası bu gün uğurlu bəhrələrini verir

 

Dövlət Sosial Müdafiə Fondunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən DSMF sədri Səlim Müslümov bildirib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk günlərdən gələcəyə hesablanan strateji proqramında sosial müdafiənin daim gücləndirilməsi çoxşaxəli fəaliyyətin başlıca məqsədi kimi təyin olunmuşdur. Öz xalqının rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi ümummilli liderin bütün fəaliyyətinin əsas məqsədini, onun dövlətçilik fəlsəfəsinin ana xəttini təşkil etmişdir. Azərbaycanda yeni iqtisadi sistemə keçid dövründə hansı modelə üstünlük veriləcəyi ilə bağlı çoxlu fərqli fikirlər irəli sürülsə də, ümummilli lider bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyən etmiş və Azərbaycan xalqının sosial rifahının artırılmasını fəaliyyətinin başlıca məqsədi kimi elan etmişdi.

S.Müslümov vurğulayıb ki, Heydər Əliyevin müdrik yanaşması nəticəsində ölkə əhalisinin aztəminatlı təbəqəsi keçmiş sovet sisteminin iqtisadi məzmununa daha çox bağlı olan, qısa vaxt ərzində isə dəyişdirilməsi çətinliklər törədən əvvəlki sosial müdafiə sisteminin bazar iqtisadiyyatı ilə ciddi uyğunsuzluğunun təsirini kəskin hiss etməmişdir. Həmin dövrdə əhalinin həyat səviyyəsinin qorunması, habelə vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılmışdır. Ümummilli liderin məlum sərəncamı ilə təsdiq edilmiş Pensiya İslahatı Konsepsiyası Azərbaycanın müasir və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modelini ortaya qoymuşdur: "Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın həyatının bütün sahələrində davam etdirilən sürətli islahatlar insanlarımızın sosial müdafiəsini gücləndirməyə geniş imkanlar yaratmış, ölkəmizdə aztəminatlı əhalinin sosial müdafiəsi sahəsində yeni bir sistem formalaşmışdır. Bu gün Azərbaycanın sığorta-pensiya modelinin uğurlu nəticələri ümummilli liderimiz Heydər Əliyevin sosial müdafiənin yenidən qurulması strategiyasının alternativsiz olduğunu təsdiqləyir".

Daha sonra tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Yasamal rayon şöbəsinin sədri Fikrət İsmayılov və digər natiqlər ümummilli lider Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafı, ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətində gördüyü işlərdən danışıblar.

Konfransın sonunda Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə DSMF strukturlarının komandaları arasında keçirilən mini-futbol və şahmat turnirlərinin qalibləri mükafatlandırılıb.

 

 

Azərbaycan.- 2011.-6 may.- S. 8.