Naxçıvan Dövlət
Universitetində Heydər Əliyev həftəsi keçirilir
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümu münasibətilə Naxçıvan Dövlət Universitetində ənənəvi "Heydər Əliyev həftəsi" çərçivəsində silsilə tədbirlər keçirilir.
Öncə ulu öndərin Naxçıvan şəhərindəki abidəsi ziyarət olundu. Ali məktəbin nəzdindəki Heydər Əliyev Universitetinin "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda 144-cü məşğələsi ulu öndərin Naxçıvan şəhərindəki ev muzeyində təşkil olunmuşdu. Məşğələdə giriş sözü ilə çıxış edən NDU-nun rektoru akademik İsa Həbibbəyli dünya şöhrətli siyasətçinin Azərbaycanın müstəqil dövlətçilik tarixində, xalqın milli müqəddəratında, ölkənin dinamik inkişafındakı əvəzsiz xidmətlərindən danışdı.
Tarix elmləri namizədi Şükür Məmmədov mövzu ilə bağlı məruzəsində dahi öndərin dünya siyasət arenasında parlaq şəxsiyyətlərdən biri, müasir Azərbaycanın memarı və ölkədə sülh və siyasi sabitlik yaratmaqla Azərbaycanı sosial-iqtisadi tərəqqiyə çıxaran və dünyada tanıdan görkəmli dövlət xadimi olmasından bəhs etdi.
Universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində "Ulu öndərin irsi tükənməz məxəzdir" mövzusunda keçirilən elmi-əməli konfransda filologiya üzrə fəlsəfə doktoru Qurban Qurbanlı "Heydər Əliyevin dili və müasir azərbaycanşünaslığın vəzifələri", fəlsəfə üzrə fəlsəfə doktoru Yusif Hüseynov "Azərbaycan Respublikasının beynəlxalq mövqeyinin gücləndirilməsində Heydər Əliyev siyasətinin rolu", Beynəlxalq münasibətlər ixtisası üzrə III kurs tələbəsi Anar Fərəczadə "Heydər Əliyevin gənclər siyasətinin uğurları" mövzusunda məruzələr etdilər. Məruzələrdə ulu öndərin dilçiliklə bağlı elmi-nəzəri görüşlərinin əhəmiyyətindən, xarici siyasətinin uğurlarından, müstəqil dövlət quruculuğunda, idarəetmədə gənclərə böyük üstünlük verməsindən bəhs olundu.
"Heydər Əliyev və müstəqil Azərbaycanın inkişafı" mövzusunda keçirilən ümumuniversitet elmi konfransında fəlsəfə üzrə fəlsəfə doktoru Yusif Hüseynovun "Heydər Əliyev və Azərbaycanın xarici siyasəti", iqtisad elmləri doktoru, professor Asif Şirəliyevin "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı", pedaqogika üzrə fəlsəfə doktoru Kamal Camalovun "Heydər Əliyevin təhsil siyasəti", universitet Gənclər Təşkilatının sədri, III kurs tələbəsi Nargilə Əsədovanın "Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti" mövzularında məruzələri dinlənildi. Məruzələrdə görkəmli dövlət xadiminin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü inkişaf strategiyası, gəncliyə göstərdiyi yüksək qayğı və etimadla bağlı məsələlərə toxunuldu.
Heydər Əliyev həftəsi çərçivəsində "Heydər Əliyev və Naxçıvan Muxtar Respublikası" mövzusunda ingilis dilində ilk ümumuniversitet bilik yarışması, idman yarışları, şeir müsabiqəsi, fakültədaxili simpozium və konfranslar, mədəniyyət tədbirləri, muzey ekskursiyaları keçirilməkdədir. Həftə ümummilli liderin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş zirvə tədbiri ilə yekunlaşacaq.
Mehriban SULTAN
Azərbaycan.- 2011.- 6 may.- S. 8.