"Heydər Əliyev və
qadın siyasəti" mövzusunda "dəyirmi masa"
keçirilmişdir
Mayın 5-də Beynəlxalq Mətbuat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə "Heydər Əliyev və qadın siyasəti" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Tədbirdə Milli Məclisin deputatları, nazirliklərin, QHT və jurnalist təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı qadınların cəmiyyətdə yeri və rolu barədə danışmış, onların rayonun ictimai-siyasi və mədəni həyatında tutduqları mövqe və əldə etdikləri nailiyyətlərdən söhbət açmışdır. Bildirmişdir ki, Azərbaycanda qadınlar tarixin hər bir mərhələsində ağır, məsuliyyətli vəzifələrin yerinə yetirilməsindən çəkinməmişlər. Hətta elə qadınlarımız olub ki, onlar siyasi xadim kimi olduqca yüksək diplomatik qabiliyyətə malik olmuş, qəhrəmanlıqları ilə tarixin yaddaşına həkk olunmuşlar.
Ümummilli liderimiz Heydər Əliyevin qadınlara həmişə böyük diqqət və qayğı göstərdiyini bildirən natiq məhz ulu öndərimiz tərəfindən 1998-ci ildə Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında" sərəncam imzalandığını, Prezidentin fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığını, 1998-ci ilin sentyabrında isə Azərbaycan qadınlarının I qurultayının keçirildiyini diqqətə çatdırmışdır.
Milli Məclisin deputatları Gövhər Baxşəliyeva, Jalə Əliyeva, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və digərləri çıxış edərək Azərbaycan Prezidenti tərəfindən 2000-ci ildə imzalanmış "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərmanın qadınların imkanlarının genişləndirilməsi, onların cəmiyyətdə rolunun artırılmasında mühüm rol oynadığını xüsusi vurğulamışlar. Qeyd olunmuşdur ki, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxan Azərbaycan qadını bu gün ölkəmizdə demokratik cəmiyyətin fəal üzvü kimi çıxış edir. Milli dövlət quruculuğunun ən müxtəlif sahələrində böyük xidmətlər göstərən qadınlarımız, eyni zamanda, ictimai-siyasi proseslərin fəal iştirakçılarıdır. Azərbaycanda qadınlar həmişə özlərini sözün həqiqi mənasında cəmiyyətin bərabərhüquqlu üzvü kimi hiss ediblər. Bu, Heydər Əliyev siyasətinin tərkib hissəsidir. Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Heydər Əliyevin hər zaman diqqət mərkəzində olmuşdur. Ulu öndər qadınların dövlət strukturlarında, parlamentdə və digər ictimai-siyasi təşkilatlarda geniş təmsil olunmasına xüsusi diqqət yetirmişdir. Artıq cəmiyyətdə elə bir aparıcı sahə yoxdur ki, qadınlarımız orada təmsil olunmasınlar. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının dünyadakı nüfuzu ölkədə gender siyasəti sahəsində aparılan məqsədyönlü fəaliyyətin nəticəsidir. Ulu öndər qadınlar haqqında çox müdrik fikirlər söyləmiş, Azərbaycan qadınının tarixən keçib gəldiyi böyük, şərəfli yoldan, onun yaradıcı dühasından qürurla söz açmışdır. Heydər Əliyev Azərbaycan qadınının mərdliyinə, paklığına, nəcibliyinə, vəfa və ismətinə həmişə yüksək qiymət vermişdir.
Vurğulanmışdır ki, dahi Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra tədbirdə "Böyük dayaq: zərifliyin keşiyində" filmi nümayiş olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2011. 6 -may.- S.9.