Milli dövlətçiliyimiz məhz Heydər Əliyevin müdrik və yenilməz iradəsi sayəsində yeni inkişaf dövrünə qədəm qoymuşdur

 

Mayın 5-də Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, akademiyanın prorektoru, hüquq elmləri üzrə fəlsəfə doktoru İlham Abbasov Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi problemlərdən danışmışdır. O demişdir ki, müstəqillik yolunda ilk kövrək addımlarını atarkən xarici və daxili təzyiqlərə, xəyanətkar qəsdlərə məruz qalmış milli dövlətçiliyimiz məhz Heydər Əliyev müdrikliyi, fədakarlığı, qətiyyəti və yenilməz iradəsi sayəsində xilas olaraq, yeni inkişaf dövrünə qədəm qoymuş, müstəqilliyimiz dönməz xarakter almışdır. Bildirilmişdir ki, 1969-cu ildə ulu öndər Heydər Əliyev respublika partiya təşkilatının rəhbəri seçildikdən sonra Azərbaycanın iqtisadi inkişafı başlanmış, milli dövlət quruculuğu, cəmiyyətimizdə demokratik dəyərlər bərqərar olunmuşdur.

Əsrlər boyu müstəqillik amalı ilə yaşayan və azadlıq uğrunda dəfələrlə ölüm-dirim mübarizəsinə qalxan xalqımızın bu müqəddəs arzusu məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə gerçəkliyə çevrilmişdir. Mənalı ömrünü hədsiz dərəcədə sevdiyi Vətənin tərəqqisinə həsr etməklə Heydər Əliyev hələ sovet hakimiyyəti dövründən başlayaraq, uzaqgörənliklə dövlət müstəqilliyimiz üçün zəmin hazırlamış, bu gün Azərbaycan xalqının çoxlarının həsəd apardığı böyük iqtisadi, elmi və mədəni potensialını yaratmışdır.

Çıxışlarda ümummilli lider Heydər Əliyevin idarəçilik məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin ulu öndərin siyasi kursunu ləyaqətlə davam etdirməsi xüsusi qeyd olunmuşdur. Dövlətimizin başçısı İlham Əliyevin respublikamızın ərazi bütövlüyünün bərpası, ölkəmizin sosial-iqtisadi inkişafı, o cümlədən əhalinin rifah halının daha da yüksəldilməsi, ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər yüksək qiymətləndirilmişdir.

 

 

Azərbaycan.- 2011.- 6 may.- S. 9.