Mətbuat Şurasının və
ATƏT-in Bakı ofisinin birgə təşəbbüsü
ilə diffamasiya haqqında qanun layihəsi ətrafında
müzakirələr aparılmışdır
Mayın 5-də Azərbaycan Mətbuat Şurasının (MŞ) və ATƏT-in Bakı ofisinin birgə təşəbbüsü ilə diffamasiya haqqında qanun layihəsi ətrafında müzakirə keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə hər iki qurumun nümayəndələri ilə yanaşı, kütləvi informasiya vasitələrinin rəhbərləri, jurnalist birliklərinin təmsilçiləri və media ekspertləri də iştirak etmişlər.
Mətbuat Şurasının sədri Əflatun Amaşov layihənin rəhbərlik etdiyi qurum tərəfindən ATƏT-in Bakı ofisinin hüquqi ekspertizası ilə hazırlandığını bildirmişdir. ATƏT ilə münasibətlərdən məmnunluq ifadə edən Ə.Amaşov ən müasir tələblərə cavab verən, 5 fəsil və 16 maddədən ibarət bir layihə hazırladıqlarını diqqətə çatdırmışdır. ATƏT-in Bakı ofisinin şöbə müdiri Jaklin Karpenter MŞ ilə əməkdaşlıqdan razı qaldıqlarını bildirmişdir. Demişdir ki, biz sənəd layihəsi ilə bağlı təkliflərimizi verdik. İstərdik ki, təkliflərimiz Azərbaycanda ictimai müzakirədən keçsin. Ümid edirik ki, bu layihə parlamentə təqdim olunduqdan sonra da ictimai müzakirələr davam etdiriləcəkdir.
"Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov əvvəllər diffamasiya ilə bağlı qanunun əleyhinə olsa da, indi belə bir sənədin qəbulunun tərəfdarı olduğunu bildirmişdir.
Hüquqşünas Ələsgər Məmmədli və başqa çıxış edənlər də diffamasiya haqqında qanun layihəsinin hazırlanmasını müsbət qiymətləndirmişlər. Tədbirin sonunda müzakirələrin davam etdirilməsi, qanun layihəsinə lazımi redaktələrin və dəyişikliklərin olunması qərara alınmışdır.
Azərbaycan.- 2011.- 6 may.- S.9.